Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:27

«Demokratiya ev tapşırığıdır, o, evdə həll edilməlidir»


Konrad Şmayski
Konrad Şmayski
Adətən Avropa Birliyinin «şərq mühərriki» adlandırılan Polşa öz ətrafında demokratik prosesləri dəstəkləməkdə heç vaxt tərəddüd etməyib. Hətta, buna görə Rusiya ilə münasibətləri korlansa belə, Varşava Ukrayna və Gürcüstanda rəngli inqilablar zamanı demokratları müdafiə etdi. Belarusda da demokratik dəyişikliklərə çalışır. Amma sanki Azərbaycan Polşa demokratlarının diqqətindən kənarda qalıb. Niyə?

Polşanın Avropa Parlamentindəki nümayəndəsi, «Beynəlxalq siyasət» jurnalının baş redaktoru Konrad Szymanski bu suala belə cavab verir: «Bu cür təşəbbüsləri daha aşkar edə bilmək üçün bizə ölkənin daxilində tərəfdaş lazımdır. Biz dünyanın hər bir ölkəsində demokratiya, qanunun aliliyi ilə bağlı sualları qaldıra, bu prosesləri həvəsləndirə, müdafiə edə bilərik. Amma başa düşməliyik ki, bu, əvvəl-axır həmin ölkələrdə yaşayan xalqların öz işləridir. Biz suveren sərhədləri keçə bilmərik».

Belə çıxır siz hesab edirsiniz ki, demokratik dəyişikliklər üçün Azərbaycanda eşidilən səslər kifayət deyil? Bu suala Szymanski diplomatik söz yığını ilə cavab verdi: «Bunu qiymətləndirmək mənim işim deyil. Hər ölkənin öz seçimi var. Yalnız bir şeyi əminliklə demək olar ki, Avropa Birliyi Azərbaycanda hər bir demokratik hərəkəti tamamilə dəstəkləyəcək».

Konrad Szymanski bildirir ki, Polşa faktiki olaraq, Avropa Birliyinin diqqətini şərqə və Qafqaza yönəltməsinə çalışır. İsveçlə birlikdə Polşanın irəli sürdüyü Şərq Tərəfdaşlığı proqramı ilə də təkcə ticarətin genişləndirilməsi nəzərdə tutulmur. Burada məqsəd həm də Avropa Birliyi modelində siyasi islahatların aparılmasıdır: «Avropanın rolu demokratiyanı ixrac etmək deyil. Demokratiya bir ev tapşırığıdır, o, evdə həll edilməlidir» – deyə Şmayski bildirir.

Amma Konrad Szymanski onu da əlavə edir ki, bu fikirlər o demək deyil ki, Azərbaycanda demokratik islahatlar hökumətin öz mülahizələrinə buraxılmalıdır.

Szymanskionu da xüsusi vurğulayır ki, enerji ehtiyatları və əlverişli coğrafi mövqeyi Bakını olduqca ciddi oyunçuya çevirir. Polşa da Avropa Birliyinin vacib ölkələrindən biri kimi Azərbaycanla əlaqələrinin yaxşı vəziyyətdə olmasını istəyir.
XS
SM
MD
LG