Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:32

Baş prokuroru da dinləyiblər


Aykut Cengiz Engin

Türkiyə Ədliyyə Nazirliyi müfəttişlərinin verdiyi təlimata uyğun olaraq, Ankaranın Sincan rayon Məhkəməsi sədrinin, Hakimlər və Prokurorlar Fondu prezidentinin və İstanbul Cümhuriyyət baş prokurorunun telefonlarının dinlənildiyi meydana çıxıb.

Mediaya açıqlama verən İstanbul Cümhuriyyət baş prokuroru Aykut Cengiz Engin məsələnin araşdırılması üçün təlimat verdiyini bildirib. Hakimlər və Prokurorlar Fondunun prezidenti Ömər Faruk Eminağaoğlu isə telefonlarının dinlənilməsi ilə bağlı olaraq Telekommunikasiya Şurasını məhkəməyə verib.

Bir neçə ildir ki, Türkiyədə telefonların dinlənilməsi və müxalif qrupların telefon danışıqlarının iqtidara yaxın media orqanlarında yayınlanması adi hal alıb. Hətta «Ergenekon» adı verilən əməliyyatın prokurorluq ittihamnamələrinin 80%-nin telefon danışıqlarına əsasən yazıldığı artıq hər kəsə məlumdur. Bu əməliyyat çərçivəsində istintaq ifadələri şübhəli şəxslərin vəkillərinə verilmədiyi halda, bir neçə gün sonra iqtidara yaxın qəzetlərdə çap edilir.

Baş nazir Ərdoğanın özünü «Ergenekon» adı verilən əməliyyatın prokuroru, müxalifət lideri Deniz Baykalın isə şübhəli şəxslərin vəkili elan etmələri Türkiyənin hüquq sistemi ilə bağlı ciddi mübahisələri də özü ilə gətirib-gəlmişdi.

İqtidara müxalif olan şəxslərin telefon danışıqlarını yayınlayan media orqanları bununla bağlı heç bir məsuliyyət daşımadığı halda, Ərdoğanın 2004-cü ildəki telefon danışığını yayınlayan «Aydınlık» jurnalının baş redaktoru ilə Ulusal kanal kəşfiyyat şöbəsinin müdiri keçən həftə həbs ediliblər. Bu, Türkiyədə telefon danışığını yayınlamağa görə edilən ilk həbsdir.

Ərdoğanın mayın 1-də hökumətin tərkibində etdiyi dəyişiklikdən sonra Ədliyyə Nazirliyi ilə məhkəmə orqanları arasındakı konflikt kəskinləşib. Ədliyyə naziri Sadullah Erginin təlimatı ilə müfəttişlər Ankaranın Sincan rayon Məhkəməsində bir neçə aylıq təftiş apararaq məhkəmə sədri Osman Kaçmazın ədliyyə sistemindən uzaqlaşdırılmasını tələb edən hesabat hazırlayıblar.

Hesabatda Osman Kaçmazın «iş vaxtı yerində olmadığı, icazəsiz Antalyaya getdiyi» şəklində faktlara yer verilib. Osman Kaçmaz prezident Abdullah Gülün məhkəməyə çıxarılması ilə bağlı hökm verən hakimdir.

Siyasi müşahidəçilər Türkiyədə müstəqil məhkəmə orqanlarının iqtidarın təzyiqi altına alınması cəhdlərini «ölkədə tək partiya diktaturasına gedişin önəmli addımları» kimi xarakterizə edirlər.
XS
SM
MD
LG