Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:17

Sabirin şeirlərini Türkiyədə necə “şikəst etdilər”?


“Ah! Mütərcim......”

Sabir: yenə, yeni, yenidən...

Türkiyənin ən böyük iki bankından biri olan İş bankının yayın evindəyəm.

Redaktor Alkan İnal ilə 2007-ci ildə buraxdıqları “Hophopnamə” kitabı barədə danışırıq.

Alkan bəy kitabın ilk tirajının 2000 ədəd olduğunu, satış az olduğuna görə, kitabı ikinci dəfə nəşr etmədiklərini bildirir.


- 2012-ci ildə Sabirin 150 illiyidir. “Hophopnamə”ni daha kamil variantda çap etmək istərdinizmi?


- 2013-cü ilə qədər nəşr planımız doludur. Əlavə heç nə çap etməyi düşünmürük. Oxucular Sabirin “Hophopnamə”sinə arzu etdiyimiz qədər diqqət göstərmədi.

- Azərbaycan klassiklərindən başqa bir yazıçının əsərini çap edərsinizmi? Məsələn, Hüseyn Cavid İstanbul ləhcəsinə yaxın dildə yazıb. 5 cildinin capa hazır olduğunu bilirəm.

- Azərbaycanla Yapı və kredit bankı daha çox maraqlanır. Mənə XİX əsrin yarısından bu tərəfə heç nə təklif etməyin. 2014-cü il üçün baxa bilərik.

- Sabirin “Hophopnamə”sindən bir ədəd ala bilərəmmi?

- Asiya qitəsində-Kadıköydə mağazamız var. Ordan ala bilərsiniz. Təkliflərinizi gözləyirik. Ancaq XİX əsrin ilk yarısından bu tərəfə keçməyin.

Kadıköydəki mağaza bağlanıb.

Ancaq Azadlıq Radiosuna İş bankı nəşriyyatının çap etdiyi “Hophopnamə” ilə bağlı yazı hazırlayacağımızı eşidəndə bağlı qapının arasından kitabı uzadırlar.

İş bankının “Hophopnamə”sinə Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı qısa ön söz yazıb.

Ensiklopedik bilgiyə sahib olan Ortaylı ilə 1988-ci ildə Bakıda - Mirzə Fətəli Axundzadənin 175 illik mərasimində tanış olmuşduq. İstanbuldakı hər görüşümüzdə o günləri xatırlayırıq.

Professor Ortaylının atası “Azadlıq” radiosunun rus xidmətində işləyib - bu baxımdan da radioya xüsusi simpatiyası vardır.

İş bankının “Hophopnamə”sinə yazdığı qısa ön sözdə professor Ortaylı Mirzə Ələkbər Sabirin ədəbi fikir tarixindəki yerini bu şəkildə müəyyənləşdirib :

”Qısa ömründə anadan olduğu Şamaxının, sonradan bütövlükdə Azərbaycanın, İranın, Türkiyənin və Orta Asiyanın üfüqlərini onun şeirləri bürümüşdür.

Sabirin Türkiyədə buraxılan kitabı
Şeirləri Şərqi Türküstandan Balkana qədər hamının dilinin əzbəri olmuşdur”.

İş bankının nəşriyyatında çıxmış “Hophopnamə”ni çapa hazırlayan İsa Öztürk kitaba yazdığı ön sözdə Sabirin kitabının Türkiyədə çapa hazırlamaqdan duyduğu məsuliyyəti bu sözlərlə ifadə etmişdir:

“ Biz əsərin (“Hophopnamə”nin – M.Ə.) bütünlüklə Türkcəyə çevrilməsinin mümkün olmadığını başa düşəndən sonra bəzi şeirləri seçib oxucuya təqdim etməyi düşündük və onu da etdik.

Kitab bəyənilərsə, biz də xoşbəxt olarıq”

Sabirin “Hophopnamə”sini Türkcəyə çevirən hörmətli

ISA ÖZTÜRKÜN XOŞ NİYYƏTİNƏ BİZ DƏ TƏŞƏKKÜR EDİRİK,

ancaq kitabdakı şeirlərin tərcüməsi və oxucuya təqdim forması bir çox mübahisəni də özü ilə gətirib-gəldiyinə görə, bu mübahisəli nöqtələri də oxucularla bölüşməkdə fayda vardır.

İş bankının buraxdığı “Hophopnamə”yə daxil edilmiş ikinci şeir - Sabirin məşhur “Millət hecə tarac olur-olsun, nə işim var?”- satirasıdır.

Tərcüməçi İsa Öztürk bu şeiri Türk oxucusuna “Millet nice kapkaç olur olsun ne umurum?” adı altında təqdim edib.

Şeirin adının bu şəkildə tərcümə edilməsi təəccüb doğurur.

Çünki Azərbaycan dilindəki “necə” sözünün Türkcədəki qarşılığı “nice” yox, “nasıl”dır.

“Nice” kəlməsi Türk dilində “neçə” mənasında işlədilir.

“Nə işim var?” sözləri şeirin tərcüməsində olduğu kimi qalmalıydı; ancaq tərcüməçi bunu “nə umurum?”- yəni, “nə vecimə?”- şəklində tərcümə etməyi məqsədə uyğun bilib ki, bu da şeirin həm məzmununa, həm də ahənginə ciddi xələl gətirib.

Azərbaycan dilindəki “tarac” sözünün türk dilinə “kapkaç” şəklində adaptasiya edilməsini isə anlamaq mümkün deyildir.

Çünki “kapkaç” kəlməsi Türk dilində “bir şeyi başqasının əlindən alıb qaçmaq” mənasında işlədilir.

“Kapkaç”- sözü kriminal məzmunlu bir kəlmə olub ona

QƏZETLƏRİN POLİS VƏ MƏHKƏMƏ XƏBƏRLƏRİNİN ƏKS EDİLDİYİ SƏHİFƏLƏRDƏ TEZ-TEZ RAST GƏLİNİR

“Millət necə tarac olur-olsun” misrasını hörmətli İsa Öztürkün tərcüməsindən alıb təkrar Azərbaycan dilinə çevirəndə Sabirin məşhur şeirinin adı “Millət neçə bir şeyi başqasının əlindən alıb qaçırsa, qaçsın, nə vecimə?” –olur.

Bunu Türk oxucusunun anlaması mümkün olmadığı kimi, bizim də qəbul etməyimiz imkansızdır.

Bu nə tərcümə deyil, nə də adaptasiya. “Hophopnamə”nin müəllifi başını məzardan qaldıra bilsəydi, özünün şeirini tanımayacaq və yəqin bu, yeni bir həcvə mövzu olacaqdı.

Necə ki Sabir Haşımbəy Vəzirovun tərcüməsində “Otello”nu oxuyandan sonra yazmışdı:

Öylə bir tərcümə kim, ruhi-Şekspir görcək,
Ağladı ruhi-Otelloyla bərabər özünə.
“Ah, mütərcim!” - deyə bir odlu tüfürcək atdı...
Şübhəsiz, düşdü o da tərcüməkarın gözünə!

Sabirin “Neyliyim eyvay! Bu urus başdılar” – misrası ilə başlayan şeiri İş bankının çap etdiyi “Hophopnamə”nin 88-ci səhifəsində “Neyleyim, Allah! Bu batılı (qərbli-M.Ə.) başlılar” adı altında təqdim edilib.

“Çatlayır Xanbacı, qəmdən ürəyim” – şeiri isə 89-cu səhifədə “Çatlıyor, Canbacı gamdan yüreğim” başlığı ilə çap edilib.

“Fisincan” şeirinin bir beytini örnək kimi alsaq, hörmətli İsa Öztürkün “Hophopnamə”nin tərcüməsinə yanaşma tərzini də anlamış olarıq:

Öyle de, neden arifler hata yolunda bulunur,
Mantığa vurulunca bu söz bir çeşit nadanlık olur ?


Sabirin yazdığı “Fisincan” şeirinin yuxarıda tərcüməsini verdiyimiz bəndi isə bu şəkildədir:

Ey ki, dersən, ürəfa rahi-xətada bulunur,
Elmi-məntiqcə bu söz bəhreyi-nadanlıq olur?


Anlamaq olmur; hörmətli Öztürk “Hophopnamə”ni sərbəst tərcümə yolu ilə oxuculara təqdim etməyə çalışıb, yoxsa şeirin nəzm ruhunu qorumaq istəyib?

Çünki yuxarıdakı örnəyə nə sərbəst tərcümə demək mümkündür, nə də

ORADA NƏZMDƏN ƏSƏR-ƏLAMƏT YOXDUR

“Hophopnamə”nin İş bankı nəşrində Türkcədən bir çox kəlmədən sərrast şəkildə istifadə etmək mümkün olduğu halda, tərcüməçinin bu yolu seçməməsi də təəccüb doğurur.

Qeyd etmək yerinə düşəcəkdir ki, bu cür səhvlərə Azərbaycanda çap edilən “Hophopnamə”nin bəzi yerlərində də yol verilib.

Məsələn, professor Məmməd Məmmədovun çapa hazırladığı “Hophopnamə”də yer alan “Təhəssür” şeirinin

Ətraf bələdlərdə qalır ac müsəlman-

Misrasındakı “bələd” sözü heç bir məna ifadə etmir. Bu, Anadolu Türkcəsindəki “bəldə” kəlməsidir ki, “kiçik yaşayış məntəqəsi” mənasını daşıyır.

Əruz və heca vəznlərindən böyük ustalıqla istifadə edən Sabirin şeirləri hörmətli Öztürkün tərcümə kitabının bir çox səhifələrində vəzndən də məhrum olub, qafiyədən də.

Elə isə mərhum professor Əkrəm Cəfərin də dəqiq işarə etdiyi kimi, Sabir Füzulidən sonra şeirlərinin məzmunu ilə vəzni arasında üzvi vəhdət yarada bilən ən böyük şairimizdir.

Hörmətli İsa Öztürk “Hophopnamə”nin İş bankı nəşri üçün zəhmət çəkdiyinə görə, ona bir daha minnətdarlıq edərək, bu kitabın klassiklərimizi dünyaya tanıtmaq sahəsində bizə bir ibrət dərsi olduğunu da vurğulamalıyıq.

Sabirin Bakıdakı heykəli
Məsələyə bu nöqteyi-nəzərdən yanaşarkən Azərbaycan prezidentinin 1 ay qabaq Sabirin anadan olmasının 150 illiyinin qeyd edilməsi ilə bağlı verdiyi fərman yada düşür.

Xatırlatmaq lazımdır ki, Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi ilə bağlı prezidentin verdiyi başqa bir qərar da təxminən eyni vaxta düşdü.

Əgər Azərbaycan iqtidarının həvəsi olacaqsa, hər iki qərarı klassiklərimizin dünyada tanıdılması işində yaxşı fürsətə çevirmək mümkündür.

Bu baxımdan Axundzadənin və

SABİRİN TÜRKİYƏDƏ TANIDILMASINA ÇOX BÖYÜK EHTİYAC OLDUĞUNU VURĞULAMAQ LAZIMDIR

Önümüzdəki 2 il ərzində hər iki dahinin kitabları Türkcə çapa hazırlanmalıdır.

Tərcümə işi həm dilləri, həm də tərcümə mexanizmini yaxşı bilən mütəxəssislərə həvalə edilməli, Axndzadənin və Sabirin kitablarına geniş ön sözlər və şərhlər yazılmalıdır.

Kitablar Türkiyənin aparıcı nəşriyyatlarına təqdim edilməli, Azərbaycan dövləti kitabların mükəmməl tərcüməsi və çapı işində heç bir məsrəfdən qaçınmamalıdır.

Axundzadənin və Sabirin kitabları işıq üzü görən kimi, əvvəlcədən hazırlanmış təbliğat mexanizmləri tədavülə daxil edilməlidir; Axundzadəni və Sabiri oxuyan alim və jurnalistlər onların kitabları barədə məqalələr yazmalı, TV proqramlarında çıxış etməlidirlər.

Yəni, sistemli bir təbliğat işi aparılmalıdır. Türkcə yaxşı bilən alim və jurnalistlərimiz universitet tələbələrinin qarşısında sual-cavab tərzli çıxışlar təşkil etməlidirlər.

Ömürlərinin 65 ilini elmin içində keçirən mərhum Əziz Mirəhmədov və Abbas Zamanovun Türkiyədə kitabları buraxılmalıdır.

Sovet vaxtında Abbas Zamanovun göndərdiyi kitabların Ərzurumdakı Atatürk universitetinin tələbə və müəllimlərinin bu gün necə karına gəldiyini görmək - məmnuniyyət doğurur.

Əgər 2012-ci ildə Axundzadənin 200, Sabirin 150 illiyi sadəcə rəsmi iclaslarla qeyd ediləcəksə, heç qeyd edilməsin - daha yaxşıdır.

Çünki rəsmi bəlağət nə Axundzadəni dünyaya tanıdacaq, nə də Sabiri.

Türkiyənin Axundzadəni, Məmmədquluzadəni , Sabiri , Hacıbəylini , Cavidi, Hadiyi, Cabbarlını tanımağa böyük ehtiyacı vardır.

Təki onları tanıtmaq istəyənlər olsun.

İstəyənin bir üzü qara....

Həmçinin oxu
Türkiyədə çap edilən qəribə Azərbaycan tarixi
XS
SM
MD
LG