Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:42

Fikrət Qoca: "Əkrəm şüşə evdə oturub, başqalarına daş atmasın”


Fikrət Qoca
Fikrət Qoca
Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca Azadlıq Radiosunun “Pen klub” verilişində yazıçı Əkrəm Əylislinin səsləndirdiyi fikirlərə münasibət bildirib:

Əkrəm Əylisli onu öz kürsüsünü qorumaq naminə müxalifətin əleyhinə yazı yazmaqda günahlandırmışdı.

F.Qocanın bu mövzuda "Azadlıq" qəzetində dərc edilən fikirləri... O Ə.Əylislini "Yazıçı" nəşriyyatını dağıtmaqda ittiham edib. Bundan başqa onun Qarabağ münaqişəsinin həlli yolları haqda dediklərinə də münasibət bildirib.

Əkrəm Əylisliyə nə deyəsən?

...Mənim gənclik dostum, xasiyyətimə yaxşı bələd olan Əkrəm Əylisliyə nə deyəsən? Yenə də həmin yazımla bağlı Əkrəm deyir: “Məsələn, Fikrət Qocanın üstünə düşmüşdülər ki, sən bu mitinqlərin əleyhinə məqalə yazmısan. Mən o məqaləni oxumamışam. Amma mən onu bilirəm ki, Fikrət Qoca mitinqlərin əleyhinə yox, öz vəzifəsini qorumaq üçün belə yazı yazıb”.

“Oxumamışam, amma bilirəm ki...” sözləri sovet dövrünün “Mən Pasternakı oxumamışam, amma ittiham edirəm” qəbilindən ifadələrini yada salır...

Əvvəla, mənim vəzifəmi əlimdən kim alır ki, onu qorumağa da ehtiyacım olsun. İkinci, vəzifə hərisliyinə gəldikdə, əzizim Əkrəm, mən nə deputatlığa can atıb sonra iflas olmuşam, nə də sən alan yüksək ordenləri almışam. Sənin mənə də, dolayısıyla Anara da əsas iradın odur ki, biz niyə uzun zaman eyni vəzifələrdə çalışırıq. Bəli yüzlərlə yazıçının hər cür şıltağına dözə-dözə, ən müxtəlif məsələlərini həll etməyə çalışaraq, bir-biriylə çəkişən adamları barışdıraraq, yazıçılar üçün imtiyazlar almağa cəhd edərək, yoxsuluna, xəstəsinə, ehtiyacı olanına yardım əli uzadaraq, cavanlara qayğı göstərərək, bütün bunların müqabilində hər növ nankorluqla, satqınlıqla, dönüklüklə rastlaşa-rastlaşa biz illər boyu bu vəzifələrin bütün əzab-əziyyətlərinə dözmüşük və dözürük. Yoxsa hər hansı bir vəzifədə bir-iki il işləyib bir az çətinə düşən kimi bir-iki gurultulu cümlə deyib aradan çıxmağa nə var... Hələ “Yazıçı” nəşriyyatını dağıdıb, bərbad qoyub qaçmağı demirəm.

Şüşə evdə oturub başqalarına daş atma

Əkrəm! Bu yazında başqa qəribə fikirlərin də var. Yazırsan: “Qarabağ məsələsində güzəşt olmalıdır. Ermənilər o fikirdədirlər ki, onlar Qarabağda çoxdurlar, yaşayıblar, yaşayırlar və bunlar bu torpaqlarda öz qanunları ilə yaşamaq istəyirlər. Azərbaycan isə beynəlxalq hüquqa əsaslanıb ərazi bütövlüyünü təmin etmək istəyir. Siyasi yox, bir az fəlsəfi tərəfdən baxsan, bu mövqelərin hər ikisində müəyyən qədər ədalətli
Əkrəm Əylisli

məqamlar var. Heç kim haray-həşir salmasın ki, Əkrəm Əylisli deyir, gedin torpaqlarımızı verin. Mən deyirəm ki, bu məsələnin həlli üçün hökmən güzəşt lazım olacaq. Bilirsiniz, siyasət ərazi bütövlüyünün təmin olunmasına yönələ bilər. Amma heç bir siyasət xalqları bir-birinə düşmən eləməyə yönələ bilməz. Bizdə imkan yaradırlar ki, hər yerindən duran erməni xalqı, onun tarixi, mədəniyyəti haqqında ağzına gələni danışır. Xalqları bir-birinə düşmən eləmək bəşəriyyət qarşısında cinayətdir”.

Mən Əkrəmin bu əcaib müsahibəsindən nəticə çıxarıb onu təslimçilikdə, ermənilərə vəkillik etməkdə suçlamaq istəmirəm. Ancaq onu demək istəyirəm ki, hansı tərəfdən baxırsan bax - istər siyasi, istər fəlsəfi, istər coğrafi, - Azərbaycan Ermənistanın torpaqlarını deyil, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, bir milyon insanımızı yurdundan-yuvasından didərgin salıb. Yəqin ki, Sero xanzadyanların, Zori balayanların Azərbaycan xalqını, onun tarixini, ədəbiyyatını təhqir etdiklərini də bilməmiş deyil Əkrəm. Bilir və bu barədə susur, yalnız erməni tərəfin mövqeyini ifadə edirsə, bu, onun öz işidir. Amma daha şüşə evdə oturub, başqalarına daş atmasın.

Bu cür aşağılamaq Əkrəmə baş ucalığı gətirmir

Kaş Əkrəm ermənilərə bu qayğıkeşliyinin yüzdə birini illər boyu üzvü olduğu, hər cürə imtiyazlarından bola-bol faydalandığı Yazıçılar Birliyinə də göstərəydi, bu təşkilata bu qədər kin bəslədiyini hər addımda nümayiş etdirməyəydi.

Bu dəfə də öz dediyi kimi əsərini oxumadığı Milli Kitab Mükafatı alan gənc yazarı ona görə təhqir edir ki, onu bütün qalan yazıçılara qarşı, ümumən Yazıçılar Birliyinə qarşı qoysun. Ləzzətlə yazır ki, bu mükafatı Yazıçılar Birliyi üzvlərindən heç biri almayıb. Əkrəmin ləzzətini qaçırmalıyıq. Keçən səfər də bu mükafatı Yazıçılar Birliyinin üzvü almışdı, bu səfər də beş mükafatdan dördünü Yazıçılar Birliyinin üzvləri alıb. Əkrəm Birliyin üzvü olmayan mükafatçının adına məhz Birliyi qaralamaq məqsədiylə istifadə edərək deyir ki, bu gənc Yazıçılar təşkilatının 1500 üzvündən daha maraqlıdır. Yazıçılar Birliyinin 1500 üzvündən biri də Əkrəm Əylislidir.

Gənc bir yazarın ondan daha maraqlı olmasını söyləmək doğrudan da böyük təvazökarlıqdır, amma qalan 1499 yazıçını bu cür aşağılamaq Əkrəmə baş ucalığı gətirmir.

Qocaman xalq yazıçısının illərlə üzvü olduğu və hər cür bəhrələndiyi təşkilata bu cür münasibəti içkidən başı ayrılmayan, varlığı üç qəpiyə dəyməyən köşə yazarını cuşa gətirir, qocalı-cavanlı böyük təşkilatın bütün üzvlərini ən rəzil şəkildə təhqir edir.
XS
SM
MD
LG