Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:45

İctimai Palatanın demokratiyaya gedən yol xəritəsi


İctimai Palatanın toplantısı
İctimai Palatanın toplantısı
«Hakimiyyətlə İctimai Palata arasında geniş formatda dialoq başlanmalı və bütün məsələlər dialoq yolu ilə həll olunmalıdır». Müxalifətin İctimai Palatasının avqustun 17-də müzakirəyə çıxardığı «Avtoritarizmdən demokratiyaya yumşaq keçidin yol xəritəsi»ndə belə deyilir.

Müxalifət təmsilçisi Pənah Hüseynin hazırladığı və özündə demokratik islahatların keçirilməsi üçün hakimiyyətə təklifləri əks etdirən bu sənəd bundan öncə də - İctimai Palatanın aprel sessiyasında müzakirəyə çıxarılıb və səsləndirilən irad və təkliflər əsasında yenidən hazırlanıb. Sənədə əlavə və dəyişiklik edən politoloq Zəfər Quliyevə görə, avtoritarizmdən demokratiyaya keçid 3 mərhələdə baş verməlidir:

«Real islahatlara başlamazdan əvvəl islahatlara uyğun siyasi mühit yaradılmalıdır. Ona görə də birinci mərhələdə nəzərdə tutulur ki, demokratiyaya keçidin siyasi əsası, mühiti yaradılsın».

Zəfər Quliyevə görə, növbəti mərhələdə demokratiyaya keçidin hüquqi və təşkilati əsası yaradılmalı, üçüncü mərhələdə isə legitim hakimiyyət formalaşdırılmalıdır, başqa sözlə Milli Məclisə və bələdiyyələrə növbədənkənar seçkilər, daha sonra demokratik şəraitdə növbəti prezident seçkiləri keçirilməlidir. Yol Xəritəsində əvvəlki iki mərhələdə görülməli olan işlər də sadalanır, məsələn, siyasi amnistiyanın verilməsi, sərbəst toplaşma azadlığının təmin olunması, mülkiyyət hüququnun qorunması, prezident yanında demokratik islahatlar şurasının yaradılması, seçki qanunvericiliyinə dəyişikliklərin edilməsi, korrupsiya və monopoliyaya qarşı mübarizə, konstitusiya islahatları və s.

Zəfər Quliyev
«BU CÜR XƏRİTƏ İLƏ NƏZƏRDƏ TUTDUĞUMUZ ÜNVANA GEDİB ÇIXACAĞIMIZA BÖYÜK ŞÜBHƏ EDİRƏM»

Bütün bunları özündə əks etdirən Yol Xəritəsinə İctimai Palata üzvlərinin münasibəti isə birmənalı olmadı. Bu sənədin ilkin versiyasının müəllifi Pənah Hüseyn dəyişiklikləri məqbul hesab etmədi, onun fikrincə, mətndən lazımi bir çox fundamental ideyalar çıxarılıb:

«Konkret olaraq mətndə göstərilirdi ki, sərbəst toplaşma azadlığının simvolu kimi Azadlıq meydanı mitinqlər üçün açılmalıdır. Mətndən bu çıxarılıb. Belə bir məsələ qoyulmuşdu ki, Azərbaycanın demokratik qüvvələri üçün, İctimai Palata üçün televiziya efir məkanı ayrılsın. Niyə çıxarılıb bu məsələlər? Bugünkü konstitusiya qala-qala, yeni bir konstitusiya yaradılması ideyasını cəmiyyətə ötürmədən demokratiyaya keçidi necə təsəvvür edirsiz? Bu cür xəritə ilə nəzərdə tutduğumuz ünvana gedib çıxacağımıza böyük şübhə edirəm».

Tədbirdə həmçinin yol xəritəsinə salınması vacib hesab olunan yeni təkliflər də səsləndirildi, məsələn, mülkiyyət toxunulmazlığının təmini, iqtisadi islahatlar, iqtisadi azadlıqlar, investisiyaların hüquqi təminatı, azad və rəqabətli iqtisadiyyatın yaradılması, sadələşdirilmiş vergi sisteminin yaradılması və s.

«BÜTÜN İSTƏKLƏRİMİZ İLHAM ƏLİYEVİN HAKİMİYYƏTİ DÖVRÜNDƏ REALLAŞACAQSA...»

AXCP sədri Əli Kərimli isə bildirdi ki, sözügedən yol xəritəsi demokratik seçkilər nəticəsində xalq hakimiyyəti yaradılanadək olan dövrü əhatə edir, bütün sahələrdə köklü dəyişikləri əhatə edən sənəd növbəti mərhələdə hazırlanacaq:

«Təqdim olunan sənəd İctimai Palatanın platforması deyil. Bu sənəd rejim dəyişikliyinin mexanizmi kimi nəzərdə tutulur. Kimin gələcəklə bağlı arzu və istəkləri burada öz əksini tapmayıbsa, yadına salsın ki, əgər bizim bütün istək və arzularımız İlham Əliyevin hakimiyyəti dövründə reallaşacaqsa, daha onu niyə dəyişirik ki? Bu sənəd sonda yeni prezident seçkilərinin keçirilməsi ilə bitir. Prezident seçkilərinin demokratik keçirilməsindən sonra xalqın hakimiyyəti bərqərar olacaq və ondan sonra bizim proqram və məqsədlərimizin həyata keçirilməsi məsələsi gündəmə gələcək».

İctimai Palatanın toplantısı
Müsavat partiyasının rəhbəri İsa Qəmbər də çıxışında bildirdi ki, yeni konstitusiya, proporsional seçkilərə keçid, mülkiyyət və iqtisadi azadlıqlarla bağlı tələblərin yol xəritəsinə salınmasının tərəfdarıdır.

Gözlənilir ki, «Avtoritarizmdən demokratiyaya yumşaq keçidin yol xəritəsi» İctimai Palatanın avqustun 27-də keçiriləcək sessiyasında qəbul olunaraq həm hakimiyyətə, həm də ictimaiyyətə təqdim olunacaq.

«RADİKAL ÇIXIŞLAR, BOLŞEVİK TƏFƏKKÜRLÜ BƏYANATLAR»

Yol Xəritəsinin müzakirəsinə hakim Yeni Azərbaycan Partiyasından da nümayəndələr dəvət olunsa da, bu partiyadan tədbirə qatılan olmayıb. Hakim partiyanın bu sənədə münasibətinə gəlincə, YAP-çı deputat Aydın Mirzəzadə yerli mətbuata bildirib ki, tədbirə dəvət alsalar da, iştirak etməyə ehtiyac görmürlər. Çünki təşkilatçıların özlərini demokratik qüvvə kimi tanıda bilmədikləri fikrindədir:

«Onlar demokratiyaya yumşaq keçiddən danışır, ancaq palata təşkil olunduqdan sonra fəaliyyətləri qanunsuz aksiyalar keçirmək olub. Polislə toqquşma, cəmiyyətdə gərginlik və digər bu kimi hallar nəinki yumşaqdır, hətta demokratiya prinsiplərinə ziddir. Odur ki, bu tədbirin radikal çıxışlar, bolşevik təfəkkürlü bəyanatlar, ölkənin milli maraqlarının nəzərə alınmaması fonunda keçiriləcəyini indidən təsəvvür etmək olar».
XS
SM
MD
LG