Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:48

«Hərbi hissə mülkümü əlimdən alıb tibb məntəqəsinə çevirib»


Foto: Arxiv
Foto: Arxiv
97 AYLIQ İCARƏ HAQQINI VƏ MÜLKÜNÜ TƏLƏB EDİR

AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edən Füzuli köçkünü Bəyalı Əliyev deyir ki, Füzulinin işğalından sonra ailəsi ilə Beyləqanın Təzəkənd kəndində məskunlaşıb. Səməd Vurğun adına kolxozda işləyib. Kolxoz ləğv olunarkən qalan əməkhaqqını ala bilmədiyi üçün ödənilməmiş əməkhaqqı müqabilində kolxozun Yerli Aqrar İslahat Komissiyasının əmlakdan pay verilməsi barədə aktına əsasən, süd-əmtəə fermasının bir hissəsi ona verilib. Sonradan 6 otaqdan ibarət olan həmin bina onun adına rəsmiləşdirilib. Bəyalı Əliyev də həmin vaxtdan orda yaşayıb. 2003-cü ildə ona köçkünlər üçün inşa edilmiş «Qayıdış» qəsəbəsində ev verilib. Həmin ilin sentyabrında ona məxsus olan binanı aktla Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə veriblər. Özü isə «Qayıdış» qəsəbəsinə köçüb. Hazırda binada Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tibb məntəqəsi yerləşir. İndi Bəyalı Əliyev hərbi hissədən 97 aylıq icarə haqqını və mülkün ona qaytarılmasını tələb edir. Bəyalı Əliyev:

«BİNA SÖKÜLÜB, YERİNDƏ TİBB MƏNTƏQƏSİ TİKİLİB»

«Mənə dedilər çıx burdan. Dedim, mənim əmlakımın dəyərini verin, çıxım. Apardılar bizi Beyləqandan 15 kilometr kənarda tikilmiş şəhərciyə yerləşdirdilər. O ev Neft Fondunun hesabına tikilib və mənə də daimi verilməyib. Mənim daimi yaşayış yerimi əlimdən alıb müvəqqəti yaşayış yeri veriblər».

Bəyalı Əliyev məhkəmədə də iddia qaldırıb. Hərbi hissənin vəkalətli nümayəndəsi Vüqar Musayev iddianı əsassız hesab edib. O bildirib ki, həmin binada hazırda hərbi hissənin tibb məntəqəsi yerləşir. Deyib ki, hərbi hissə rəhbərliyi ilə Bəyalı Əliyev 2003-cü ildə öz aralarında razılaşıblar. Bu razılığa əsasən də bina hərbi hissəyə verilib. Bəyalı Əliyev yeni evə köçəndən sonra bina tamam sökülüb və yerində tibb məntəqəsi tikilib. Hazırda Bəyalı Əliyevin orda heç bir mülkü yoxdur.

Nümayəndə həmçinin deyib ki, ölkədə müharibə şəraitidir. İstənilən vaxt hərbi əməliyyatlar başlaya bilər. Hərbi hissənin tibb məntəqəsinə böyük ehtiyacı var. Qanunvericiliyə görə, hərbi təşkilatların yerləşdiyi binalar istifadə etdikləri əmlak müharibə başa çatanadək onlardan alına bilməz. Bunu Müdafiə Nazirliyinin nümayəndəsi Vüqar Musayev deyib.

«QANUN POZULUB»

Xalid Bağırov
Xalid Bağırov
Bəyalı Əliyev isə deyir ki, əmlakının hərbi hissəyə verilməsinə dair hər hansı razılaşma olmayıb:

«Razılaşmışdımsa, hanı sənəd-sübut?».

Hüquqşünas Xalid Bağırov Bəyalı Əliyevin tələblərindən birini əsaslı, digərini isə əsassız hesab edir:

«Aydın olur ki, əmlak Bəyalı Əliyevin xüsusi mülkiyyətində olub. Həmin əmlakın hərbi hissə tərəfindən mülkiyyətçiyə kompensasiya ödənilmədən alınması qanunun tələblərinə zidd olub. Qanunvericiliyə görə, dövlət ehtiyacları olduqda dövlət xüsusi mülkiyyətdə olan əmlakları vətəndaşlardan ala bilər. Görünən odur ki, Bəyalı Əliyevin mülkü həqiqətən də dövlət ehtiyacı üçün alınıb. Ancaq hər hansı xüsusi mülkiyyətdə olan əmlak vətəndaşdan yalnız onun əvəzi əvvəlcədən bazar qiymətinə uyğun ədalətli ödənildikdən sonra alına bilər. Digər tərəfdən, prosedur qaydalara görə, hər hansı əmlakın dövlət ehtiyacları üçün alınması barədə qərarı Nazirlər Kabineti verməlidir. Yəni, Müdafiə Nazirliyinin hansısa hərbi hissəsi gedib hansısa xüsusi mülkiyyətdə olan əmlakı alıb deyə bilməz ki, mən bunu müdafiə ehtiyacları üçün alıram. Görünən odur ki, Bəyalı Əliyevin xüsusi mülkü Nazirlər Kabinetinin qərarı olmadan alınıb. Həmçinin, daşınmaz əmlakın alınması ilə bağlı razılaşma rəsmiləşdirilməyib, notarial qaydada əhd bağlanmayıb. Belə olan halda vətəndaşın xüsusi mülkiyyətdən məhrum edilməsi qanunsuzdur.

Bəyalı Əliyevin ikinci tələbini əsassız edən səbəb isə tərəflər arasında icarə müqaviləsinin imzalanmasıdır. Buna görə də Bəyalı Əliyev mülkünü hərbi hissəyə icarə verdiyini sübut edə bilmir.

Bəyalı Əliyev məhkəmə qətnaməsindən apellyasiya şikayəti versə də, təmin olunmayıb. İndi o, mülkünün geri alınması üçün Ali Məhkəməyə kasasiya şikayəti verəcəyini deyir.

Buna da bax:

XS
SM
MD
LG