Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 13:48

Bakı Fransa Senatının qərarını pisləyir


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi
Rəsmi Bakı Fransa Senatında «erməni soyqırımı»nı tanımayanların cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbulunu qətiyyətlə pisləyir.

«Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirə bilər», - Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasına və Azərbaycanın 20 faiz torpaqlarının işğalına göz yuman Fransa parlamentarilərinin bu qərarı onun obyektivliyini şübhə altına alır.

«Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatının bu addımını bir daha qınayır. Fransanı tarixə qərəzsiz nəzər salmağa və bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırır», - bəyanatda deyilir.

Yanvarın 23-də Fransa Senatı «erməni soyqırımı»nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.
XS
SM
MD
LG