Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:39

«Azərbaycanın Beynəlxalq Mətbuat Azadlığı Gününə ehtiyacı yoxdur»


BMT Təhlükəsizlik Şurasınınhazırkı sədri Aqşin Mehdiyev
BMT Təhlükəsizlik Şurasınınhazırkı sədri Aqşin Mehdiyev
Azərbaycanın BMT-dəki nümayəndəsinin Beynəlxalq Mətbuat Azadlığı Günündən xəbəri yox imiş. Bu, dünən – mayın 3-də BMT-də keçirilən ənənəvi mətbuat konfransında jurnalistlər Azərbaycan missiyasından bu barədə soruşanda üzə çıxıb.

Ancaq BMT-dəki nümayəndə, Təhlükəsizlik Şurasının (TŞ) hazırkı sədri Aqşin Mehdiyev səhvi tələsik düzəldib və deyib ki, Azərbaycanın Beynəlxalq Mətbuat Azadlığı Gününü qeyd etməsinə lüzum yoxdur.

BİZİM XÜSUSİ GÜNƏ EHTİYACIMIZ YOXDUR

Azadlıq Radiosunun müxbirinin Nyu-Yorkdan verdiyi xəbərə görə, brifinqdə bir jurnalist soruşub ki, Azərbaycan Beynəlxalq Mətbuat Azadlığı Gününü qeyd edirmi. Pauza yaranıb, daimi nümayəndənin köməkçisi, müşavir Tofiq Musayev dərhal söhbətə qarışıb:

«Bizim söz azadlığına dair elə bir xüsusi ictimai bayramımız yoxdur, amma səhv etmirəmsə, beynəlxalq söz azadlığı günü var».

Bir neçə jurnalist birlikdə: «Həmin gün bu gündür».

Musayev duruxub, sonra əlavə edib: «Hə-hə, yeri gəlmişkən, bu gündür, üzr istəyirəm».

Burada Aqşin Mehdiyev müdaxilə edib: «Təbriklər. Bizdə mətbuat azad olduğu üçün onu qeyd etməyə xüsusi günə ehtiyacımız yoxdur».

Bu sözlər zalda qəhqəhə yaradıb.

Mayın 2-də Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanın adını dünyanın 10 ən çox senzura tətbiq olunan ölkələri siyahısına namizəd elan edib.

BMT-də dünən keçirilən brifinqdə Aqşin Mehdiyev mətbuat azadlığından tutmuş, Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin gündəliyinə salınıb-salınmayacağına dair suallara da cavab verib:

«BİZDƏ SENZURA YOXDUR»

«Mən sizə İnternetdə bizim müxalifət partiyalarının qəzetlərinə linklər verə bilərəm. Siz həmin qəzetləri mənim müdaxiləm olmadan oxuya bilərsiniz. Və görərsiniz ki, insanlar həmin qəzetlərdə istədiklərini yaza bilirlər. Kimsə də onların qəzetlərini senzura etmir».

«Siz Azərbaycanda peşəsinə görə həbs edilmiş jurnalistlərin olduğunu inkar edirsiniz?» – sualının cavabında A.Mehdiyev deyib:

- Mən həbsxanada jurnalist olduğunu inkar etmirəm - özünü jurnalist adlandıran bir-iki nəfər ola bilər. Amma gəlin, ifadə azadlığını cavabdehlik azadlığı ilə qarışdırmayaq – bunlar fərqli şeylərdir. Kimsə cinayət törədə və sonra deyə bilər ki, «mən jurnalistəm», yaxud «mən siyasətçiyəm». Mən əminəm ki, bizdə peşəsinə, yaxud siyasi baxışlarına görə həbsə salınan insan yoxdur».

Aqşin Mehdiyev Azərbaycanda terrorçuluqla bağlı suala belə cavab verib:

«Bizim ölkəmiz terrorçuluqdan çox ziyan çəkib. 90-cı illərdə Azərbaycanda terror qurbanları minlərlə olub. Hətta bu gün də Azərbaycanda bəzən terror cəhdlərinin şahidi oluruq. Azərbaycan anti-terror koalisiyasının çox fəal üzvüdür, biz bu sahədə müttəfiqlərimiz və dostlarımızla yaxından işləyirik. Ona görə də qərara almışıq ki, bu məsələ Təhlükəsizlik Şurasının bütün üzvlərinin və bütün cəmiyyətlərin marağında ola bilər».

QARABAĞ MÜNAQİŞƏSİ BMT TŞ-DA MÜZAKİRƏ OLUNACAQMI?

Dağlıq Qarabağ məsələsinə dair isə Mehdiyev deyib:

«Bu məsələ daim gündəlikdədir. Biz Ermənistan-Azərbaycan hərbi ərazi münaqişəsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər kiçik fürsətdən istifadə edirik. Sizin bu məsələni Təhlükəsizlik Şurasının gündəliyinə salıb-salmamağa dair sualınıza gəlincə, siz proseduru bilirsiniz. Belə bir işi görməzdən qabaq Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmək lazımdır və s. Bu günlük mən deyə bilərəm ki, hökumətimdən belə bir təlimat almamışam».

Suriya məsələsinə gəlincə, Mehdiyev deyib:

«Bilirsiz ki, bu gün Təhlükəsizlik Şurası Kofi Annan planı ətrafında birləşib. Biz gözləyirik ki, o, bizə son hadisələr və vəziyyət barədə məlumat versin. Əgər mənim Azərbaycanın nümayəndəsi kimi mövqeyimi soruşursunuzsa, deyə bilərəm ki, Təhlükəsizlik Şurasının prezidenti olaraq əlimdən gələni edəcəyəm ki, Təhlükəsizlik Şurası üzvləri bu cür həssas məsələlərdə fikir birliyi və yanaşma konsensusunu saxlasınlar».

Azərbaycan may ayı ərzində BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edəcək.
XS
SM
MD
LG