Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:43

Məşhur uşaq yazıçısı casus çıxdı


Alan Alexander Milne
Alan Alexander Milne
-

Səm demə, uşaqlar üçün məşhur “Vinni Pux” kitabının müəllifi Alan Alexander Milne casus olub və öz şeirlərində dezinformasiyalar yayıb.

“The Daily Telegraph” qəzetində bu barədə məqaləni oxuyanda, yadıma dərhal, bu yaxınlarda Sərdar Cəlaloğlunun bir bəyanatı ilə əlaqədar Səməd Vurğun haqqında bütün mətbuatı bürümüş, o cümlədən AzadlıqRadiosunda da yer almış müzakirə və debatları xatırladım.

HEÇ DEMƏ Mİ-7 DƏ VARMIŞ…

Britaniyada bu günlərdə açıqlanmış məxfi sənədlər nəinki ən istedadlı yazıçıların kəşfiyyatın xidmətində olduğunu, hətta onların bu vaxtadək əksər ingilislərə naməlum olan Mİ-7b idarəsində qeydiyyatda olduqlarını göstərib.

Mİ-7 Birinci Dünya Müharibəsinin davam etdiyi 1915-ci ildə, sadəcə olaraq cəbhə xəttinə gedən jurnalistlərə icazələrin verilməsi üçün yaradılıbmış. Sonradan kiminsə ağlına gəlib ki, bu departament daha böyük təbliğat yükü daşıya bilər.

Onun Mİ-7a, Mİ-7b və sair bölümləri senzura, xarici mətbuata nəzarət kimi müxtəlif funksiyaları yerinə yetirirmiş.

Dövlətlər, ələlxüsus da böyük dövlətlər təkcə qılıncla yox, həm də qələmlə döyüşür.

Yeri gəlmişkən, “Qılınc və Qələm”in görkəmli müəllifi Məmməd Səid Ordubadinin də NKVD-yə işləməsi barədə intensiv şaiyələr həmişə dolaşıb.

Bunun belə olub-olmadığını bilmirik və ola bilsin ki, heç vaxt da bilməyək…

BU SƏNƏDLƏR HEÇ VAXT AÇIQLANMAMALIYDI…

Məsələn, 1918-ci ildə, 1-ci Dünya Müharibəsinin sonunda Mİ-7 ləğv olunanda Britaniya hökuməti onun bütün arxivinin dərhal məhv edilməsi haqda sərəncam verib.
Vinni Pux haqda Rusiyada çəkilmiş multfilm
Vinni Pux haqda Rusiyada çəkilmiş multfilm

Lakin yazıçı Milne-nin xidmət yoldaşı, kapitan James Lloyd bu sənədlərdən 150-sini artıq evinə aparıbmış və kağızlar 100 il müddətində elə orada da qalıb.
Sənədlər evdə təmir işləri görülərkən aşkar edilib. Əslində, onları kapitan Lloydun nəvəsi Jeremy Arter zibilxanaya göndərilmək üçün yığılmış tör-töküntünün içindən çıxarıb.

Uşaq yazıçısının hərbi kəşfiyyata işlədiyi beləcə, tam təsadüfən aşkarlanıb.

Belə ehtimal etmək olar ki, hökumət xalqın sevimlisi olan adlı-sanlı yazıçı və jurnalistlərin casus olduqlarının nə vaxtsa açılmasını istəməyib. Ola da bilsin ki, bu, yazıçılarla bağlanmış kontraktların şərtlərindən biri olub.

SSRİ NKVD-sində belə “casus”ların olmamasına inanmaq çətindir və sovet kəşfiyyatı da arxivlərlə oxşar tərzdə hərəkət edə bilərdi.

İSTEDADLI DEZİNFORMATORLAR

Britaniynın Mİ-7 kəşfiyyat xidmətində istedadlı şair və yazıçılar “dezinformasiya” istehsal edirdilər.

20-dək yazıçı və jurnalistin bu xidmətdə olduğu ehtimal edilir.

Milne müharibədə “almanların törətdikləri vəhşiliklər” barədə rəvan və yaddaqalan şeirlər yazırdı.

Bu şeirlərdən biri də almanlara məxsus olduğu iddia edilən mifik “Meyit fabriki”nə həsr olunmuşdu.

“Meyit fabriki” barədə xəbərləri də Mİ-7-də uydurmuşdular.
Müharibənin dördüncü ili olan 1917-nin aprelində bir sıra Britaniya qəzetləri Almaniyaya məxsus belə bir fabrikin olduğu barədə məlumat yaymışdılar.

Məqalə “Hanslar və onların ölüləri – Böyük Meyit Fabriki” adlanırdı.

“Times” və “Daily Mail” kimi qəzetlər yazırdı ki, almanlar həlak olmuş minlərlə əsgərlərinin cəsədlərini vaqonlarla sıx meşəlikdə yerləşən məntəqəyə daşıyırlar.

Qəzetlərin yazdığına görə, tikanlı məftillərlə əhatələnmiş bu obyektdə cəsədləri asılmış vəziyyətdə konveyerə göndərirdilər və burada onlardan piyli hissələr sabun, sürtgü yağları və nitroqliserinli partladıcıların istehsalı üçün ayrılır, yerdə qalan hissələr yandırılır və külündən donuzların yemləndirilməsi və ya gübrə kimi istifadə olunurdu.

Almanlar onları vəhşi kimi göstərən bu dezinformasiyaya dərhal etiraz etmişdilər.

DƏLİNİN YADINA DAŞ SALMAQ

Britaniya hökuməti bu məlumatın dezinformasiya olduğunu yalnız 1925-ci ildə rəsmən etiraf etdi, lakin… necə deyərlər, “dəlinin yadına daş” artıq salınmışdı.

İkinci Dünya Müharibəsində nasistlər bu dezinformasiyanı real ölüm düşərgələrinin timsalında gerçəkləşdirəcəkdilər.

Yenicə aşkar edilmiş məxfi sənədlərdən ibarət toplulardan biri də “Yaşıl kitab” adlanır. Bu kitabda Milnenin dezinformsiyalar əsasında yazılmış, amma poetik baxımdan mükəmməl olan bir çox “təbliğat şeirləri” də var.

Milne-nin bioqrafiyasını yazmış Ann Thwaite tapıntıdan həyəcanlandığını bildirib.

Onun kitabı 1990-cı ildə bioqrafik əsərlər üçün mükafata layiq görülüb.

Ann Thwaite deyir ki, Milne sonralar “bəzən xoşagəlməz təbliğat xarakterli” əsərlər də yazdığını ötəri etiraf etmiş, lakin Mİ-7 casusu olduğunu 1956-cı ildə ölənədək heç vaxt açıqlamamışdı.

1956 həm də Səməd Vurğunun vəfatı ilidir. Ruslar belə təsadüflərə, “taleyin zarafatı” deyirlər.
XS
SM
MD
LG