Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:53

Avropa Birliyi İsraildə «zəlzələ» törədib?


Şərqi Qüdsdə yəhudilərin tikdiyi yeni yaşayış evləri
Şərqi Qüdsdə yəhudilərin tikdiyi yeni yaşayış evləri
-

Brüssel İsrailin yeni yəhudi məskənlərinə dair siyasətindən narazılığını «Zəlzələ» adı qazanmış direktivində dilə gətirib.

«Zəlzələ» direktivi Avropa Birliyi üzvlərinə İsraillə hər hansı sazişin imzalanmasına yalnız bir şərtlə icazə verəcək – sazişə işğal olunmuş ərazilərdə İsrailin yeni yəhudi məskənləri salmayacağına dair ayrıca maddə salınmalıdır.

İsrailin İordan çayının qərb sahilində və Şərqi Qüdsdə yeni yəhudi məskənlərinin salınmasını qəbul etməyən bu direktivə «zəlzələ» adını da elə İsrail rəsmiləri veriblər.

Avropa Birliyinin iyunun 30-da qəbul edilmiş yeni qaydaları yəhudi məskənlərinə dair şərt qoyulmadan İsrailə qrant, fond və ya tələbə yerlərinin verilməsini qadağan edir.

Britaniya mətbuatı yazır ki, yeni qaydalara görə, 1967-ci il işğalınadək İsrailin sərhədi olmuş yaşıl zolaqdan kənardakı hər hansı İsrail təsisat və qurumu ilə müqavilə bağlamaq avtomatik olaraq qanunsuz sayılacaq.

İsrail hökuməti hər dəfə hər hansı birlik üzvü ilə saziş bağlayarkən bu sazişdə Qərb sahilinin və Şərqi Qüdsün İsrail dövlətinin sərhədləri xaricində olduğunu rəsmən bəyan etməli olacaq.

İŞĞAL QEYRİ-LEGİTİMDİR

2014-2020-ci illər maliyyə dövrünü əhatə edən yeni qaydalar İsraillə bütün sahələrdə - iqtisadiyyat, elm, mədəniyyət, idman və təhsil sahələrində əməkdaşlıq zamanı tətbiq olunacaq.

Avropa Birliyinin bu barədə ayrıca bəyanatında deyilir ki, yeni qaydalar İsrail dövləti və işğal olunmuş ərazilər arasında fərqi nəzərə alır və Birlik işğal olunmuş ərazilərdəki İsrail qurumlarına verilən dəstək və yardımın işğala dəstək kimi anlaşılmasını istəmir.

AB onu da bildirib ki, İsrailin işğal olunmuş ərazilərdə saldığı yəhudi məskənləri beynəlxalq qanunlar baxımından qeyri-legitimdir.

İsrail rəsmiləri Avropa Birliyinin öz şərtlərini bu şəkildə, zorla qəbul etdirmək cəhdini pisləyərək bildiriblər ki, İsrailin belə tələblərlə razılaşması mümkün deyil.

Avropa Birliyinin yeni qaydaları bir sıra layihələrə, məsələn, EuroMed Gənclik layihəsinə birbaşa təsir göstərəcək. Bu saziş İsrail gəncləri ilə layihə və tələbə mübadilələrini nəzərdə tuturdu.

İsrailin Avropa Birliyinin elmi araşdırma və texniki inkişaf layihələrinə qatılması da çətinləşəcək.

Bir sıra Avropa ölkəsi İsraildə hazırlanmış məhsulların üzərində onların məhz haradan – İsrailin rəsmi sərhədləri daxilindən, yoxsa işğal olunmuş ərazilərdən gətirildiyini göstərən yarlıqların vurulmasını tələb edir.

Həmin ölkələrin fikrincə, bu halda alıcıların seçim hüququna sayqı göstərilmiş olar.

İSRAİL DEDİYİNİ DEYİR

Ze'ev Elkin
Ze'ev Elkin
İsrail xarici işlər nazirinin müavini Ze'ev Elkin bu addımı «böyük səhv» adlandırıb və deyib ki, Avropanın belə mövqeyi «Fələstinin inkarçı mövqeyini» daha da möhkəmləndirəcək.

Avropanın yeni direktivinin açıqlanması ABŞ dövlət katibi John Kerry-nin İsrail-Fələstin danışıqlarını canlandırmaq məqsədilə Yaxın Şərq regionuna altıncı səfəri ilə eyni vaxta təsadüf edir.

Kerry çərşənbə axşamı Əmman şəhərində Fələstin prezidenti Mahmoud Abbas-la görüşməli idi.

Maraqlıdır ki, Kerry-nin Qüdsə səfəri və ya baş nazir Benjamin Netanyahu ilə görüşü nəzərdə tutulmayıb.

Bəzi təhlilçilər bunu onunla izah edirlər ki, İsrail danışıqların bərpa olunması üçün Kerry-nin təklif etdiyi çərçivəyə razı olduğunu bildirdiyindən daha bir görüşə ehtiyac yoxdur və əksinə, ABŞ dövlət katibi indi məhz Fələstin tərəfini bu çərçivədə işləməyə razı salmalıdır.

Bununla belə, İsrail nazirlərindən biri yerli ordu radiosuna bildirib ki, Netanyahu danışıqlar barədə yalnız ilkin razılığını verib və onun daha uzaqmənzilli sülh prosesinə qoşulmaq niyyəti yoxdur.
XS
SM
MD
LG