Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 16:42

Leyla Həsənovanı dövlət evsiz qoyub


Evləri insan həyatına təhlükə ilə sökürlər
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00
Direct-ə keçid

Evləri insan həyatına təhlükə ilə sökürlər

-
Leyla Həsənovanın yaşadığı binanın yerində indi «Qış parkı» salınıb. Onun mənzili Heydər Əliyev Sarayı ilə Milli Dram Teatrı arasındakı ərazidə plana düşən azı 3 min mülkdən biridir. Sakinlərə mülkün hər kvadratmetri üçün 1500 manat kompensasiya təklif olunub. Leyla Həsənova deyir ki, bu məbləğlə razılaşmasa da, ondan xəbərsiz evini söküblər:


«Mən evə gələndə gördüm ki, mənzilim uçulub-dağılıb. Evimi içindəki əşyalarla birlikdə sökmüşdülər. Bir sınıq fincan da götürə bilmədim. Sonra mənə dedilər ki, müqaviləyə imza atmasan, sonradan təklif olunan məbləği də ala bilməyəcəksən. Mən də məcbur qalıb razılaşdım. Təklif olunan kompensasiyaya razılaşmayanlar zorla evindən çıxarılır, mülkləri gözlərinin qabağında sökülürdü. Fikirləşdim ki, bunlardan nə desən gözləmək olar, ona görə müqaviləni imzaladım».

Xüsusi reportajlar - 21.01.2014

Canlı müzaklirə

BİROTAQLI MƏNZİL 40 MİN MANAT, KOMPENSASİYA 24 MİN MANAT...

Leyla Həsənova 16 kvadratmetrlik mənzili müqabilində 24 min manat kompensasiya alıb. O bu məbləğə Bakıda ev tapa bilmir və deyir ki, şəhərdə yerinə görə birotaqlı təmirsiz mənzillərin qiyməti 40-60 min arasında dəyişir. 24 min manata ən yaxşı halda şəhərin kənarında, sənədləri qaydasında olmayan həyət evləri ala bilər.

«Qış Parkı» 2013-cü ilin mayın 10-da – sabiq prezident Heydər Əliyevin 90 illiyində istismara verilib. Parkın rəsmi açılışından sonra Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə deyib ki, növbəti mərhələdə Dram Teatrından Nərimanov heykəlinədək olan ərazidə söküntü işləri aparılacaq və həmin ərazidə yeni park salınacaq.

Bakıda söküntü
Bakıda söküntü

SON 5 İLDƏ SÖKÜNTÜ BUMU...

«Qış Parkı», Dövlət Bayraq Meydanı, Olimpiya Stadionu, «Ağ şəhər» layihəsi, «Şahdağ» Turizm Kompleksi, prezident iqamətgahı... Siyahını daha da uzatmaq olar. Son 5 ildə bu layihələrin icrası zamanı minlərlə ailə köçürülüb.

«Human Rights Watch» təşkilatı 2013-cü ilin mayında açıqladığı bəyanatında Azərbaycan hökumətinə üz tutaraq, Bakının mərkəzindəki kütləvi söküntüləri və sakinlərin məcburən evlərindən çıxarılmasını dərhal dayandırmağa çağırıb. Azərbaycanda söküntülərlə bağlı hazırlanan bəyanatda vətəndaşların mülkiyyət hüquqlarının kobud şəkildə pozulduğu vurğulanıb. Mülklərindən çıxarılanlara ədalətli kompensasiya verilməsi tələb olunub. Bəyanatda bəzi sakinlərə xəbərdarlıq edilmədən, gecələr və ya mülkiyyətçilərin evdə olmadıqları bir vaxtda mülklərinin sökülməsi hallarından narahatlıq ifadə olunub. Özəlliklə kompensasiya ilə razılaşmayanlara təzyiqlər, onların mənzilinə gələn kommunal xətlərin – elektrik, qaz və suyun bilərəkdən kəsilməsi pislənib.

«20 İL ƏVVƏL ERMƏNİLƏR BİZİ EVİMİZDƏN DİDƏRGİN SALIB, İNDİ...»

Bakı 2015-ci ilə – I Avropa Olimpiya Oyunlarına hazırlaşır. Hava Limanından şəhərə gələndə, metronun «Koroğlu» stansiyasına çatmadan – yolun sağında yerləşən Böyükşor Yaşayış Massivində yeni olimpiya stadionu inşa olunur. Burada yaşayan azı 1000 ailə köçürülür. Əksəriyyəti məcburi köçkün olan sakinlərə evlərin hər kvadratmetri üçün 1020 manat kompensasiya ödənilir. Böyükşor qəsəbəsinin sakinləri heç onlardan hesab soran olmadığını, sadəcə, gəlib, qiyməti söyləyərək, mənzilləri boşaltmaq üçün vaxt qoyub getdiklərini deyirlər:

– Biz kimik ki, rəqəm deyək? Bizim mülkümüzə özləri qiymət qoyurlar. Elə bil alan deyir ki, bu qiymətə satmalısan, vəssalam.

– Biz 20 il məcburi köçkün həyatı yaşamışıq. Qəpik-qəpik uşaqlarımızın bozğazından kəsib-tikdiyimiz evi sökürlər. 20 il əvvəl evimizi sökəndə bilirdik ki, bizi didərgin salan ermənilərdir. İndi yenidən bizi evimizdən didərgin salırlar. Amma bu dəfə özümüzünkülər... Özü də öz torpağımızdan. Bundan sonra biz haraya gedək?

Zöhrab İsmayıl
Zöhrab İsmayıl


«SON 5 İLDƏ MÜLKİYYƏT HÜQUQU POZUNTUSU BİRİNCİDİR...»

«Azad İqtisadiyyata Yardım» İctimai Birliyinin Azərbaycanda mülkiyyət hüququnun vəziyyətinə dair hesabatında belə deyilir. Hesabatda bildirilir ki, məcburi söküntülər zamanı əksər hallarda qanunlar pozulub. Birliyin sədri Zöhrab İsmayıl hesabatın nəticələrini belə şərh edir:


«Ümumiyyətlə, mülkiyyət hüququ deyəndə, bir qanunda göstərilənlər yadıma düşür, bir də zorla evlərindən çıxarılan vətəndaşlara edilən vəhşiliklər. Qanunlarda deyilənlər və reallıq arasında fərq o qədər böyükdür ki, hətta müqayisə belə edilməz. Hesabat hazırlanarkən, məcburi köçürülmələr zamanı qanuni hallarla az rastlaşdıq. İstər kompensasiyalar ödənilərkən, istər mülkiyyətçilərlə razılıq əldə olunarkən, istər söküntü aparılarkən, istərsə bu söküntü işləri qanunla görülərkən – heç bir halda qanundan danışıla bilməz. Məsələn, «Qış Parkı»nın salındığı ərazidə biz bunu müşahidə etdik. 20-30 ailənin yaşadığı bir binada əvvəl 1-2 ailə ilə alqı-satqı razılaşdırılır. Bundan sonra həmin mənzillər sökülür, özü də qonşuluqda yaşayış olduğu halda. Kommunal xətlər kəsilir, fəhlələr, polislər sakinləri evlərindən çıxmağa məcbur edir. Məsələn, bizim təşkilata evdən çıxmaq istəmədiklərinə görə polis bölməsinə aparılan bir neçə nəfər müraciət etmişdi. Bölmədən qayıdarkən evləri sökülmüş, əşyalarıı itib-batmış görmüşdülər. Məhkəmələr birmənalı şəkildə bu insanların haqqını tanımır, onların iddialarını təmin etmir. İşləri bilərəkdən yubadırlar ki, onlar yuxarı instansiya məhkəmələrinə üz tutmasınlar».


«ÜMİD AVROPA MƏHKƏMƏSİNƏDİR...»

Vəkil İradə Cavadovanın fikrincə, yerli məhkəmələr ədalətli qərar çıxarmır:


«Mülkiyyət hüququ pozulan vətəndaşlar məhkəməyə pənah gətirir. Evləri istər dövlət söksün, istər özəl şirkət, vətəndaşın deyil, onların şərtləri əsas götürülür. Mülkiyyətçinin hüququ tanınmır.
İradə Cavadova
İradə Cavadova
Ən acınacaqlı hal odur ki, bəzi söküntülər dövlət ehtiyacı adı altında rəsmiləşdirilir. Qanunda aydın şəkildə yazılır ki, dövlət ehtiyacına hansı hallar daxildir. Parkın salınması, stadion inşası, eurovision üçün zalın, turizm kompleksinin insaşı – bunlar heç bir halda dövlət ehtiyacı sayıla bilməz».


Azərbaycan qanunlarına görə, məcburi köçürülmələr dövlət əhəmiyyətli layihələrin (sərhədlərin genişləndirilməsi, yolların çəkilişi və s.) icrasına görə aparıla bilər. Bu halda söküntü ilə bağlı məhkəmənin qərarı olmalı, köçürülmə üçün qanuni əsas göstərilməlidir. Azərbaycan qanunları bunu tələb edir.

«DÖVLƏT SİYASƏTİNİN QINANMASI DÜZGÜN DEYİL...»

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov AzadlıqRadiosuna müsahibələrindən birində mülkiyyət hüququ məsələsinə də toxunub. O, vətəndaşın hüququnu qorumaq üçün dövlətin mükəmməl qanunvericilik bazası hazırladığını düşünür:


«Hazırda Azərbaycanda transmilli layihələrin həyata keçirilməsi, qaz, neft, dəmiryol xətlərinin çəkilməsi, yolların genişləndirilməsi heç kimə sirr deyil. Bütün bunlar bu və ya digər şəkildə mülkiyyət hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Amma bu məsələlərə fərdi yanaşmaq lazımdır. Məsələn, Yasamaldakı ət bazarı ilə bağlı onu deyə bilərəm ki, oradakı köşklərin böyük əksəriyyəti qanunsuz idi. Bu cür obyektlərin sökülməsinə görə dövlət siyasətinin bu şəkildə qınanması düzgün deyil».


«DÖVLƏT VƏTƏNDAŞIN HÜQUQUNU QORUMAQ ÜÇÜN TƏDBİR GÖRMÜR...»

Mülkiyyət hüququnun qorunmasında dövlətin pozitiv öhdəlikləri var. Dövlət bu öhdəliklərə nə dərəcədə əməl edir? Sualı hüquqşünas Müzəffər Baxış cavablayır:


«Əgər vətəndaşın hüququ dövlətin adı ilə pozulursa, dövlət bu hüququ necə qoruya bilər?».

Müzəffər Baxış
Müzəffər Baxış

Müzəffər Baxış əlavə edir ki, dövlət vətəndaşın hüquqlarını qorumur. Onun sözlərinə görə, qanunda yazılanlar, reallıqdan kəskin fərqlənir:


«Bu problemlər son nəticədə insanların hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Bunun təminatı üçün dövlət özünün orqanları, özəlliklə məhkəmə vasitəsilə vətəndaşların pozulan hüquqlarını bərpa etməlidir. Amma Azərbaycan məhkəmələri normal işləmədiyinə, qanunların tətbiqində ciddi pozuntuları yol verdiyinə görə, vətəndaşların hüquqları bərpa olunmur. Ona görə də dövlət mülkiyyət hüquqlarının bərpası üçün tədbir görmür».


HAKİMLƏRİN ÇIXIŞ YOLU: PROSESİ YUBADMAQ

Azərbaycanda son 5 ildə mülkü sökülən yüzlərlə sakin üzünü Avropa İnsan Haqları Məhkəməsinə tutub.

Vəkil İradə Cavadova deyir ki, indi müxtəlif söküntülər üzrə yüzlərlə məhkəmə işi gedir. Bütün daxili məhkəmə imkanları tükənəndən sonra həmin işlər də Avropa Məhkəməsinə göndəriləcək. Vəkil bu arada onu da əlavə edir ki, Avropa İnsan Haqları Məhkəməsinin oxşar işlərlə bağlı mövqeyi birmənalıdır deyə, proses bilərəkdən yubadılır, süni əngəllər yaradılır:


«Hətta bu işlər barədə qərar verən hakimlərin özlərinə də aydındır ki, Avropa Məhkəməsi gec-tez vətəndaşın xeyrinə qərar çıxaracaq. Məhkəmə təcrübəsində xeyli belə işlər var. Bu işlər yerli məhkəmələrə presedent, yəni bir örnək olmaqdansa hakimlər çıxış yolunu müxtəlif yollarla prosesi yubatmaqda görürlər».


Leyla Əliyeva hər ay 150 manat kirayəpulu ödəyir. O, dərzi işləyir və deyir ki, nə vaxtsa gözünün nurunu töküb qazandığı pulu kirayəyə xərcləyəcəyi, 50 yaşında evsiz-eşiksiz qalacağı ağlına gəlməzdi:


«Öz dövlətimin əli ilə məni evsiz-eşiksiz qoydular».
XS
SM
MD
LG