Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:46

Əlillik dərəcəsini dəyişə bilmədi, canına qəsd etdi


Arxiv fotosu
Arxiv fotosu
“O qədər get-gələ saldılar ki, bezdim. Bədənimdə bu qədər qəlpə yarası var. Dəfələrlə həkim yoxlanışından keçmişəm. Ancaq yenə də 2-ci qrup əlillik dərəcəsi vermək istəmirlər. Pul umurlar”.

Bunu AzadlıqRadiosuna mayın 29-da səhər saatlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində özünə bıçaqla xəsarətlər yetirən 3-cü qrup Qarabağ əlili Rəşid Nəbiyev deyib.

Əlili dərhal Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə yerləşdiriblər. O, “Qaynar xətt”ə bunları danışıb:


DOLANIŞIĞA VƏ MÜALİCƏYƏ GÖRƏ EVİNİ SATIB

“1993-cü ildə könüllü olaraq Qarabağ döyüşlərinə yollanmışam. 1994-cü ilin yanvar ayında Tərtərdə minaya düşmüşəm. Ağır qəlpə yaraları ilə Bakıya - o vaxtkı “Semaşko” xəstəxanasına gətirilmişəm. Bir neçə ay müalicə aldıqdan sonra evə buraxılmışam. Bu günədək heç bir yerdə işləməmişəm. Səhəttim buna imkan vermir. İki qız, bir oğul atasıyam. Dolanışığa və müalicəsinə görə borca düşəndən sonra Xutordakı evimi satıb Biləcəriyə köçdüm. Təkcə həyat yoldaşım işləyir”.

Rəşid Nəbiyevin sözlərinə görə, 2001-ci ilədək 2-ci qrup əlil olub. Növbəti ildə əlilliyi 3-cü qrupa keçirilib:

“Dedilər ki, müalicə aldıqdan sonra sağalacaqsan. Elədilər 3-cü qrup. Müalicəm üçün bir qəpik də pul almamışam. 2012-ci ildə bankdan kredit götürüb Moskvaya müalicəyə getmişəm. Ancaq faydası olmadı. Sağalmadım. Həkim müayinəsindən keçəndən sonra sağ əlimin və ayaqlarımın vəziyyətinin yaxşı olmadığı üzə çıxdı. Yenə nazirliyə müraciət etdim. Çox süründürdülər. Dediklərimə əhəmiyyət vermədilər. Öz bildiklərini edirlər. Deyirlər 3-cü qrup vermişik, bəsindir”.

Rəşid Nəbiyev növbəti dəfə nazirliyə gələndə onu heç kəs qəbul edib dinləmək istəməyib. O da saatlarla gözlədikdən sonra özü ilə gətirdiyi bıçaqla özünə xəsarət yetirib.

LİMONAD SEXİNDƏ GÜNDƏLİK 5 MANATA FƏHLƏLİK EDİR

Əlilin həyat yoldaşı Sona Nəbiyeva:

“Limonad sexində fəhlə işləyirəm. Gündəlik 5 manat alıram. Dolana bilmirik. Ailəlikcə belə yaşayışdan yorulmuşuq”.

Nazirlik isə bildirir ki, vətəndaşların ümumi qəbul otağında özünə xəsarət yetirən 3-cü qrup əlil Rəşid Nəbiyevin buna səbəb kimi onun əlillik təyinatının düzgün aparılmaması barədə dedikləri əsassızdır. Mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib ki, 53 yaşlı Rəşid Nəbiyev 2001-ci il aprelin 10-da 4 saylı zona Tibbi-sosial ekspert komissiyasına (TSEK) müraciət edib. Komissiya tərəfindən ona Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 3-cü qrup əlillik müəyyən olunub. Rəşid Nəbiyev 2014-cü il mayın 7-də əlillik dərəcəsinin gücləndirilməsi üçün 6 saylı TSEK-ə müraciət edib:

"NALAYİQ MEYL DAVAM EDİR"

“Lakin bunun üçün heç bir əsas olmadığından ona verilmiş 3-cü qrup əlillik dərəcəsi saxlanılıb. Verilən qərardan narazı qalan əlilin ərizəsinə əsasən mayın 22-də Ali Nəzarət Komissiyasında tibbi-ekspert sənədləri diqqətlə araşdırılaraq əyani müayinə aparılıb. Ona 3-cü qrup əlillik təyin olunması barədə 6 saylı TSEK-in qərarı qüvvədə saxlanılıb. Qəbul otağında özünə məqsədli şəkildə qəsd etməsi faktı qanunazidd hərəkət olmaqla, dövlət orqanına bu və ya digər formada təzyiq göstərmək üçün intihara cəhd etmə kimi son vaxtlarda özünü göstərən nalayiq meylin davam etdirilməsinin ifadəsidir”.

Elman Babayev bildirib ki, belə cəhdlərlə dövlət orqanını qeyri-qanuni qərarlar çıxarmağa təhrik etmək mümkün deyil”.
XS
SM
MD
LG