Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:14

Məhkəmə qaranlıq mətləblərə niyə aydınlıq gətirmir?


Hacı Məmmədovun məhkəməsində həqiqətin üzə çıxmasında problemlər var
Hacı Məmmədovun məhkəməsində həqiqətin üzə çıxmasında problemlər var

Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədov və daha 26 nəfərin işi ilə bağlı proses bir aya yaxındır davam etsə də, hələ də bir sıra mətləblərə tam aydınlıq gətirilməyib. Həm vəkillər, həm Hacı Məmmədov istintaqın yarımçıq getdiyini deyirlər. Hacı Məmmədov gah hər şeyi demək istədiyini, gah da heç nə demək istəmədiyini söyləyir. Gah kimlərinsə azadlıqda qaldığını, gah hamının tutulduğunu deyir. Üstəlik, onun «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı son açıqlamaları bu məsələ ətrafında müəmmaları bir qədər də artırıb. Hacı Məmmədov avqustun 24-də keçirilən iclasda deyib ki, Elmar Hüseynovun ölümünü Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı, girov götürdükləri Zamirə Hacıyeva ilə də müzakirə edib.


Hacı Məmmədov və onun dəstəsi sonuncu əməliyyat Zamirə Hacıyevanı oğurladıqları zaman tutulmuşdular. İndi aydın deyil - Elmar Hüseynovu da Hacı Məmmədovun dəstəsi qətlə yetirmişdisə, o, həmin qətlin təfərrüatlarını qaçırdığı qadınla niyə müzakirə edirmiş? Məhkəmədə istər vəkillər, istərsə də zərərçəkənlər əsasən iki məsələyə aydınlıq gətirməyə çalışırlar. Birincisi, ağır cinayətlərdə ittiham edilən dəstəyə özünün dediyi kimi, Hacı Məmmədov rəhbərlik edib, yoxsa, o da qalan 26 nəfər kimi sadəcə, icraçıdır? İkincisi isə, Hacı Məmmədovun jurnalist Elmar Hüseynovu keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sifarişi ilə qətlə yetirməsi barədə dedikləri nə dərəcədə həqiqətəuyğundur? Hər iki məsələyə dair suallara Hacı Məmmədovun verdiyi cavablarda ziddiyyətlər olduğundan, onun dediklərinə həm bəzi vəkillər, həm də zərərçəkənlər inamsız yanaşırlar.


Avqustun 25-də keçirilən iclasda Hacı Məmmədov iddia edib ki, mərhum polkovnik Fətulla Hüseynovla onun arasında nə əvvəl - polis orqanlarında işlədikləri müddətdə, nə də sonradan hansısa maliyyə məsələsində münaqişə olmayıb. Ancaq o, Fətulla Hüseynovun qətlini sifariş verməsinin başqa hər hansı səbəbini də nə vəkillərə, nə də mərhumun oğluna izah etmir. Vəkil Aslan İsmayılov deyir ki, nə istintaqda, nə də bir aya yaxın davam edən məhkəmədə bu ziddiyyətlərə aydınlıq gətirilib: «İstintaq kimi məhkəmə də yarımhəqiqəti axtarır. Ona görə də belə anlaşılmazlıq yaranıb».


Cənab İsmayılov bildirir ki, həm məhkəmənin müstəqil olmaması, həm də hakimiyyətdaxili qruplaşmalar arasında yaşanan gərginliklər həqiqətin tam üzə çıxmasına mane olur. Ancaq onun sözlərinə görə, Daxili İşlər Nazirliyində kök salan bir dəstənin ifşası göstərdi ki, prezident İlham Əliyev həqiqətlərin üzə çıxmasında maraqlıdır.


Başqa bir vəkil Adil İsmayılovun fikrincə isə, nə qədər ki, ən yüksək səviyyədə sərt addımlar atılmayıb, bu proses elə bu şəkildə də davam edəcək: «Hadisələrin sonrakı gedişində dəyişiklik olması üçün Hacı Məmmədovu uzun müddət himayə edən şəxslər vəzifədən uzaqlaşdırılmalıdırlar».


Cənab İsmayılov da əlavə edir ki, bu işlə bağlı güc orqanları rəhbərlərindən sonradan kimlərsə vəzifədən çıxarılacaqsa, bütün məsuliyyət də əsassız olaraq onun üzərinə atılmamalıdır. Vəkilin sözlərinə görə, son illərin acı təcrübəsi göstərir ki, baş verənlərə görə, bir qayda olaraq əsas oldu - olmadı daha çox sabiq rəhbərlər günahlandırılır.


XS
SM
MD
LG