Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:53

Vitse-prezident: «İdmanla siyasəti qarışdırmaq olmaz»


Çingiz Hüseynzadə
Çingiz Hüseynzadə

-

I Avropa Oyunlarının başlanmasına iki gün qalır. Azərbaycanın ev sahibliyi etdiyi tədbirə ölkə yığması necə hazırlaşıb? Bu arada siyasi məhbuslara görə Avropa Oyunlarını keçirən ölkə kimi Azərbaycan tənqid olunur.

AzadlıqRadiosunun bu və başqa suallarına Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə cavab verir.

– Azərbaycan yığması I Avropa Oyunlarına necə hazırlaşıb, komandadan gözləntiləriniz nələrdir?

- İdmançlarımız çox yaxşı hazırlaşıblar. Onlardan yüksək nəticələr gözləyirik. Komandanın tərkibi 291 nəfərdir. Demək olar ki, tam heyətlə bütün idman növlərində iştirak edirik. İdmançılarımızın yüksək nəticə göstərmələrinə ümid edirik.

– Azərbaycan idmançıları adətən ənənəvi idman növlərində yüksək nəticə göstərir. Ənənə bu dəfə də pozulmayacaq?

- Əlbəttə, daha çox güləşdən, boksdan, cüdodan, sambodan yüksək nəticələr gözləyirik. Çimərlik voleybolundan, basketboldan, yəni başqa idman növlərindən də medallar gözləyirik.

– Deyilənə görə, Azərbaycan Avropa Oyunlarını Olimpiya Oyunlarına bir tramplin, keçid sayır.

- Azərbaycan artıq bütün oyunları istənilən səviyyədə keçirməyə hazırdır. Bizə həvalə eləsələr, əlbəttə keçirə bilərik. Çünki Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunub. Demək olar ki, Olimpiya Oyunları üçün hər şey tamamilə hazır vəziyyətdədir.

– Bundan sonra Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət edəcəksinizmi?

- Müraciət vaxtı payız aylarında olur. Bununla bağlı biz Avropa Oyunlarından sonra müəyyən qərara gələcəyik. Hələ bir söz demək tezdir.

– İyunun 9-da Azərbaycan prezidenti Avropa Oyunlarında yüksək nəticələr göstərəcək ölkə idmançıları və məşqçiləri üçün böyük məbləğdə mükafat verilməsi ilə bağlı sərəncam imzaladı. Azərbaycan komandasını qazanacağı medalların sayına və əyarına görə neçənci yerdə görürsünüz? Bu sərəncam həmin yerə necə təsir göstərəcək?

- Komandamızı onluqda görürük. Çalışacağıq beşliyə düşək. Bir az çətin olacaq. Amma çalışacağıq. Əlbəttə, bu mükafatlar da idmançıları daha da həvəsləndirəcək. İdmançılar böyük ruh yüksəkliyi ilə bu sərəncamı qəbul etdilər. Bu, Olimpiya Oyunlarından sonra ən yüksək mükafatdır.

– Çingiz bəy, yəqin siz də eşidirsiniz, Azərbaycan I Avropa Oyunlarını keçirən bir ölkə kimi ölkədə siyasi məhbusların, jurnalistlərin həbsdə olunmasına görə tənqid olunur. Azərbaycan hakimiyyəti oyunlar ərəfəsində həbsdə olanları azad etməyə çağırılır...

- Mənim həmişə bir münasibətim var – idmanla siyasəti qarışdırma olmaz. İdman siyasətdən tamamilə ayrıdır. Bütün tədbirlər qabağı bu tənqidlər, bu kampaniyalar olub. Pekin Olimpiadasından da, Soçi Olimpiadasından qabaq bu olmuşdu. Braziliyada futbol üzrə Dünya Çempionatından da qabaq bunlar olmuşdu. Hətta London Olimpiadasından əvvəl də. Bəzi insanlar öz fəaliyyətlərini göstərmək üçün belə hadisələrdən istifadə edirlər. Amma FIFA-da olan son hadisələr də göstərdi ki, idmanla siyasəti qarışdırmaq düzgün deyil.

– Bəs siz özünüz necə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti kimi Avropa Oyunları qabağı həbsdə olanlar, onların azad edilməsi haqqında nə düşünürsünüz?

- Mən həbsxanada kimin olduğunu-olmadığını bilmirəm. Deyirlər ki, bizdə siyasi məhbuslar var. Mən bunu bilmirəm. Mən bizdə siyasi məhbus görməmişəm. Ona görə mən bir söz deyə bilmərəm.

XS
SM
MD
LG