Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 08:50

Xədicənin məhkəməsi davam edəcək

AzadlıqRadiosu-nun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı məhkəmə prosesini dəqiqəbədəqiqə izləməklə yanaşı həm də jurnalistin həbsinə aparan hadisələri yada sala bilərsiz.

AzadlıqRadiosu-nun araşdırmaçı-jurnalisti, radionun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaq ittihamı ilə həbs edilib.

Sonradan bu ittiham ləğv edilib amma jurnalistə qarşı AzadlıqRadiosu-nun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksəkvəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

23:09 7.8.2015

"Bəlkə başınızı yataq otağımdan çıxarasınız..."

Daha bir vəsatət qaldırılıb, Xədicə İsmayılı şüşə qəfəsdən çıxarıb vəkillərin yanında oturtmaq istəyilə.

Prokurorsa etiraz edərək bildirib ki, "Xədicənin o qəfəsdə qalması onun təhlükəsizliyi üçündür. Bundan əlavə onun azadlığı hələ ötən ilin 5 dekabrında məhdudlaşdırılıb".

Xədicə İsmayıl prokurorun arqumentinə münasibətini bildirib:

“Hamının azadlığı məhdudlaşdırılıb. Kiminin az, kiminin çox. Prokurorun azadlığı məndən çox məhdudlaşdırılıb. Təhlükəsizlik məsələsinə gəlincə, Azərbaycan vətəndaşlarının mənə təhlükə yaradacağından narahat deyiləm”

Xədicə əlavə edib ki, ittiham aktı sabun köpüyündən başqa bir şey deyil. Uydurmadır. O, prokurora deyib ki, "bəlkə üzümə duran bir nəfər tapasınız. Yataq otağımdan başınızı çıxarıb daha ciddi işlərlə məşğul olasınız."

10:34 10.8.2015

Məhkəmə davam edir

Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın növbəti məhkəmə prosesi başlayıb.

Məhkəmə binasının qarşısına xeyli sayda media nümayəndələri, ictimai fəallar, siyasi xadimlər toplaşıb.

Bundan əvvəlki proseslərdə olduğu kimi, məhkəmənin keçirildiyi zal yenə kənar şəxslərlə doldurulub. Müstəqil media təmsilçiləri məhkəməni içəridə yox, bayırda izləyir.

Hazırda məhkəmədə şahidlər dindirilir.

***

ABŞ, Hollandiya, Almaniya, Fransa səfirliklərinin, Avropa İttifaqının nümayəndələri və Xədicə İsmayılın iki qohumu məhkəmə zalına buraxılıb.

11:14 10.8.2015

Məhkəmə qabağında Xədicəyə məktub yazdılar

Xədicə İsmayılın məhkəməsini bayırdan izləməli olan həmkarları və ictimai fəallar ona məktub yazırlar.

İctimai fəal Elman Fəttah AzadlıqRadiosuna deyib ki, məktubda Xədicə İsmayıla salamlar, onunla qürur duyduqlarını yazırlar: «Onun dik duruşu, məğrurluğu bizim üçün sevindiricidir, ona təşəkkür edirik. Çalışacağıq ki, bu məktub ona çatsın. Çünki məhkəməni tamamilə nəzarətdə saxlayırlar. Demək olar ki, qapalı məhkəmə keçirirlər. Heç bir halda məhkəməyə daxil ola bilmirik. Məcbur olub Xədicə xanımla məktub vasitəsilə əlaqə saxlayırıq».

11:19 10.8.2015

Məhkəmə qarşısında zibil qabları

Məhəkəməyə gələnlərə mane olmaq üçün məhkəmə binasının qarşısına mənzil istismar sahələrinə məxsus iri zibil qabları qoyulub. Jurnalistlər zibil qablarının arxasında gözləyirlər.

Davamı

XS
SM
MD
LG