Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:39

'Polis vətəndaşı vaxtında dinləsə, bu qədər qan tökülməz'


Polis
Polis

«Hər gün ölümümü gözləyən adamam. Çünki məni hədələyirlər, ancaq polis tədbir görmür. Şikayət etmişəm, baxmır. Sonra da deyirlər, filankəsin başını qohumu kəsdi, filankəs filankəsi doğradı... Polis vaxtında vətəndaşın şikayətini araşdırsa, qanuni tədbir görsə, bu qədər qətl baş verməz».

Sabirabadın Əsgərbəyli kənd sakini Valeh Atamoğlanov yaxın qohumları tərəfindən döyüldüyünü və hazırda hədələndiyini deyir.

«POLİS TƏDBİR GÖRMÜR»

Onun sözlərinə görə, bu il martın 27-də səhər saatlarında bostana baxarkən görüb ki, ailəvi konfliktdə olduğu bir qohum məhsulu zay etmək üçün bostana gedən suyu gecədən qəsdən açıq qoyub. O da məsələni aydınlaşdırmaqdan ötrü həmin qohumuyla danışmaq istəyib: «Münasibətlərimiz əvvəldən yaxşı deyil, tez-tez belə şeylərlə mənə sataşır. Bu, kiməsə məişət söz-söhbəti kimi görünə bilər, ancaq nəticəsi ağır ola bilər. Adam bostanıma su buraxıb, bütün bostanı zay eləyib və deyir ki, «get, kimə istəyirsən de, əcəb eləmişəm». Durdum ki, gedim polis şöbəsinə şikayət eləyim, tutdu, yolda məni döydü, bıçaqla hədələdi. Yanında olan başqa bir qohum bıçağı əlindən aldı. Polisə şikayətimi bildirmişəm. Bundan sonra Saatlının Yeni Novruzlu kəndində iki maşın və 9 nəfərlə qarşımı kəsib, tökülüşüb məni bellə, dəmir parçasıyla döydülər. Cibimdən 2 min 787 manat pulu, bir də mobil telefonumu götürdülər. Ancaq polis hələ də bu adamlarla bağlı tədbir görməyib».

«BİR-BİRLƏRİYLƏ DOLANMIRLAR»

Sabirabad rayon Polis Şöbəsindən «Qaynar xətt»ə bildirilib ki, bir-biriylə münaqişəsi olan və yaxın qohumlar bir-birindən şikayətçidirlər: «Biri deyir, o məni döyüb, bu biri deyir, bu mənim uşağımı maşınla vurub... Bir-birlərindən şikayət edirlər. Qohum da olsalar, əvvəldən bir-birləri ilə düz dolanmırlar. Rəis hər iki tərəfi dəfələrlə dəvət edib, xəbərdarlıq edib».

Valeh Atamoğlanov daxili işlər nazirinə və baş prokurora da müraciət edib. Həyatına təhlükə olduğunu və tədbir görülməsini istəyib.

XS
SM
MD
LG