Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:33

'Beynəlxalq Bankdan Qazaxıstan pensiyaçıları da ziyan çəkə bilər'


Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

IV İslam Həmrəyliyi Oyunları, manatın məzənnəsinin neftdən asılılığı və Beynəlxalq Bank ətrafındakı mövcud durum bu gün medianın aparıcı mövzusudur...

QAZAXISTAN PENSİYAÇILARININ PULLARI

«Novoye Vremya» qəzetində «Beynəlxalq Bankın defoltuna Qazaxıstandan əks-səda gəldi» sərlövhəli məqalə oxumaq olar.

Yazının əvvəlində xatırladır ki, Azərbaycan Beynəlxalq Bankı 3 milyard dollar həcmində xarici öhdəliyinin restrukturizasiyasına dəstək məqsədilə Nyu-York məhkəməsinə müraciət edib. Restrukturizasiya kreditin və ya onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir.

Yazıda bildirilir ki, bu planla bankın borcları dövlətə ötürülür:

«Gələcəkdə bank ətrafında hadisələrin necə inkişaf edəcəyi hələ məlum deyil. Amma aydın olan budur ki, bu bankın problemləri bir neçə il öncədən başlayıb. Təkcə yerli deyil, eləcə də xarici kreditor və əmanətçilərin maraqlarına toxunur».

Müəllif xatırladır ki, bundan Qazaxıstanda olan pensiyaçılar da ziyan çəkə bilərlər. Qazaxıstan Vahid Pensiya Yığım Fondu Beynəlxalq Banka 220 milyon dollar investisiya yatırıb. Bu məsələ Qazaxıstanda hökumət və parlament səviyyəsində müzakirələrə yol açıb.

Yazıda bildirildiyinə görə, həmin müzakirələrdə ciddi narazılıqlar müşahidə edilib.

Müəllif vurğulayır ki, bankın problemləri bununla bitmir. Defoltdan (öhdəliklərin yerinə yetirilməməsi) sonra proseslərin hansı şəkildə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Müəllifin fikrincə, dövlət ilk növbədə vergi ödəyiciləri olan Azərbaycan vətəndaşlarının əmanətlərini qaytarmağı təmin etməlidir:

«Beynəlxalq Bankın xilas edilməsi üçün bu yaxınlara qədər 10 milyard dollardan çox vəsait xərclənib. Düşünülürdü ki, problemlərin çoxu həllini tapıb. Amma indi məlum olur ki, bank 3 milyard dollardan çox borcunu ödəmək gücündə deyil».

Yazıda vurğulanır ki, mümkün özəlləşdirmə ilə bu problemlərə son qoyulacağı indi inandırıcı görünmür. Müəllif hesab edir ki, kimlərsə bu özəlləşdirməyə mane olur. Üstəlik, ölkədə problemli kreditlərlə bağlı oliqarxlar arasında fikir ayrılığı var.

Manat
Manat

MANATIN NEFT ASILILIĞI...

«Exo» qəzetində «Azərbaycan manatın devalvasiyasında gecikibmi?» sərlövhəli məqalə diqqət çəkir.

İqtisadçı Samir Əliyev qəzetə deyib ki, Azərbaycan milli valyutasının neftdən asılılığı hələ aradan qaldırılmayıb. Onun fikrincə, bu durumdan çıxış yolu qeyri-neft sektorunun inkişafıdır:

«Manatın məzənnəsinin, eləcə də bütünlükdə iqtisadi sabitliyin əldə olunması üçün qeyri-neft sektoru daha çox inkişaf etməlidir. Yəni, ölkəyə iri həcmdə valyuta gəlməlidir. Odur ki, indi islahatlar keçirmək və dövlət büdcəsinin maliyyə yükünü azaltmaq zəruridir».

İqtisadçı hesab edir ki, manatın devalvasiyasına çoxdan gedilməli idi:

«Qeyri-neft sektorunun inkişafına kifayət qədər diqqət yetirilmirdi. Zamanında Mərkəzi Bank ölkəyə daxil olan külli miqdarda neft dollarları hesabına manatı süni şəkildə gücləndirdi. Səbəb də bu idi ki, idxal inflyasiyasını azaltmaq üçün manatın məzənnəsi qaldırılırdı».

Ekspert xatırladır ki, bu məsələ barədə iqtisadçılar hələ 2009-cu ildə, ölkəyə neft dollarlarının «axını» zamanı danışıblar.

S.Əliyev Dünya Bankının təmsilçisi Hans Timmer-in tövsiyələrini də yada salır. H.Timmer hesab edir ki, indi mövcud pul-maliyyə siyasətinə yenidən baxılmalı, bank sistemi sağlamlaşdırılmalıdır.

İslamiadanın açılış mərasimi.
İslamiadanın açılış mərasimi.

AZƏRBAYCANIN İSLAM BİRLİYİNƏ TÖHFƏSİ

«Azərbaycan» qəzetində «Azərbaycan İslam həmrəyliyinə töhfəsini verir» sərlövhəli məqalə dərc edilib.

Yazı hazırda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları dəyərləndirilir. Müəllif yarışların açılış mərasimini möhtəşəm və bənzərsiz adlandırır:

«Biz dünyaya bir daha göstərə bildik ki, milli, dini və bəşəri dəyərləri yüksək səviyyədə yaşadan ölkəmiz var. Növbəti əlamətdar və tarixi hadisənin baş verdiyi günləri yaşayırıq. Bəlkə də belə tədbirlərin keçirilməsində təcrübəmiz olmasaydı, yəni ilk dəfə böyük və məsuliyyətli işi üzərimizə götürsəydik, həyəcanımız çox ola bilərdi. Lakin bu istiqamətdə Azərbaycan xeyli təcrübəyə malikdir».

Yazıda son illər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi heç də təsadüf sayılmır. Müəllif vurğulayır ki, bunda ölkədə sülhün, sabitliyin təmin olunmasının da öz rolu var:

«Ona görə də, Azərbaycan dövləti İslam aləmində həmrəyliyi günün ən aktual məsələsi hesab edərək, növbəti beynəlxalq tədbirə ev sahibliyinə layiq olduğunu təsdiqləyir».

Yarışların ən yüksək səviyyədə təşkil olunduğunu bildirən müəllif bunu dövlət başçısı İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri kimi dəyərləndirir.

XS
SM
MD
LG