Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 21:40

Ekspert: 'Torpaq oliqarx məmurların əllərində cəmləşib'


Taxıl
Taxıl

«Bu subsidiyaların, əsasən, 50 hektar və daha böyük təsərrüfatlara verilməsi nəzərdə tutulur. Kiçik təsərrüfatlara malik fermerlər bundan bir elə yararlana bilməyəcəklər».

Bunu AzadlıqRadiosuna müxalifətdə olan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov subsidiyaların yeni məbləğlərinin açıqlanması ilə bağlı bildirib.

V.Məhərrəmovun deməsinə görə, kiçik fermerlər bu subsidiyalardan tam yararlana bilmək üçün birləşməlidirlər. Onun fikrincə, amma indiki vaxtda, məhsuldarlığın aşağı, problemlərin çox olduğu zamanda bu mümkün deyil: «Su, gübrə, texnika və sairə problemlər bu birləşmənin özünü mümkünsüz edir».

Ekspert iddia edir ki, bu qaydaları hazırlayanlar onu, əsasən, iri torpaq sahələrinə malik təsərrüfatlar üçün hazırlayıblar. «Bu torpaq sahələri də hamı bilir ki, oliqarx məmurların əllərində cəmləşib. Odur ki, bu subsidiyaların sıravi fermerlərə və onların təsərrüfatlarına ciddi şəkildə aidiyyətı yoxdur», –V.Məhərrəmov vurğulayıb.

Nazir müavini: «... İnqilabi hadisədir»

«Azərbaycanda gələn ildən fermerlərə subsidiyaların yeni qaydalarla verilməsi şəffaflığı təmin etmək üçün çox ciddi mexanizm və inqilabi hadisədir».

«Report» xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib. Onun sözlərinə görə, hər bir fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində əkəcəyi məhsul barədə məlumat verməlidir: «Bütün göstəricilər sistemdə öz əksini tapdıqdan sonra fermerə subsidiyanı almaq üçün plastik kart veriləcək. Karta köçürülən məbləğin yalnız 25 faizini nağdlaşdırmaq mümkün olacaq».

İ.Quliyev onu da qeyd edib ki, subsidiyaların verilməsində əsas icraçı orqan Aqrar Kredit və İnkişaf Agentliyidir. Onun bildirməsinə görə, hazırda fermerləri məlumatlandırmaq üçün təlimçilər hazırlanır, Aqrar Subsidiya Şurası isə hər il əmsalları müəyyənləşdirməlidir.

Fermerlərin hansı problemləri var?
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Subsidiyaların yeni məbləğləri açıqlanıb

Yeni yaradılan Aqrar Subsidiya Şurası 2020-ci ildə subsidiyaların verilməsi üçün bitkilər və regionlara görə kvotalarını açıqlayıb.

Bu barədə bu gün, sentyabrın 2-də Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Verilən məlumata görə, 2020-ci ildən subsidiyalar Aqrar Subsidiya Şurasının qəbul etdiyi həmin əmsallara uyğun veriləcək.

Qərara əsasən, buğdanın 1 əmsala görə subsidiyası (1 ha) 200 manatdır. Çəltikdə isə 1.4 əmsala görə subsidiyanın məbləği 280 manat müəyyən edilib.

Qərarla digər bitkilərin də subsidiya məbləğləri açıqlanıb. Qarabaşaqda 0.9 əmsalla bu, 180, zəfəranda isə 2 əmsalla 400 manatdır. Habelə, kartofda 1.2 əmsalla 240, üzümdə isə ilk 4 ildə 3 əmsal üzrə 600 manat müəyyən edilib. Üzümdə sonrakı illərdə subsidiyanın məbləği azalacaq.

Meyvə bağlarına görə isə ilk 4 ildə hər hektara görə 800 manat subsidiya verilməlidir.

Daha sonra qərarda regionlardan asılı məsələlərə yer verilib. Aqrar Subsidiya Şurasının qərarına görə, çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir. Başqa rayon və şəhərlər üzrə əmsal 0-a bərabər qəbul olunur.

Pambıq üzrə əkin əmsalı isə Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil olunur.

Qərarda başqa məhsullara aid də xarakterik rayonlardan bəhs edilir.

«Aqrar Subsidiya Şurası emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna 100 manat, quru tütünün hər tonuna 50 manat, yaş tütünün hər tonuna 5 manat, şəkər çuğundurunun hər tonuna 4 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib», - məlumatda bildirilir.

Prezidentin fərmanında olanlar…

Prezident İlham Əliyev bu il iyunun 27-də «Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında» Fərman imzalayıb. Sənəddə bu, aqrar sahədə hesabatlılığın, şəffaflığın və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi məqsədilə izah olunub.

Sənədə görə, aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarı yeni yaradılan Aqrar Subsidiya Şurası verir. Şuraya rəhbərliyi Azərbaycan kənd təsərrüfatı naziri həyata keçirir. Yeni qaydaya görə, «Subsidiya» informasiya sistemində (SİS) qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir. İstifadəsində olan 50 hektardan çox torpaq sahəsində aparılan əkinə və ya çoxillik əkinə görə kənd təsərrüfatı kooperativlərinə əkin subsidiyası 10 faiz artırılmaqla tətbiq edilir. Yeni qaydaya görə, heyvan subsidiyası hər bir sağlam buzova görə 100 manat müəyyən edilib.

Arı subsidiyası arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 manat müəyyən edilir və 2023-cü ilədək verilir. Barama subsidiyası isə hər kiloqramına görə 5 manatdır.

Sənəddə yazılıb ki, subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Aqrar Kredit və İnkişaf Agentliyinin monitorinqlər aparması nəzərdə tutulur. Bu zaman peyk və digər texniki imkanlardan da istifadə ediləcək. Bu zaman fərq 5 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə veriləcək. Fərq 50 faizdən çox olduqda isə, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya düşməyəcək. 5-50 faiz fərq aralığında isə subsidiyanın müəyyən məbləği kəsilməlidir.

Xatırlatma

Hökumətin qərarına əsasən, 2007-ci ildən bu yana yanacaq və motor yağlarının istifadəsinə görə fermerlər 1 hektara 50 manat subsidiya alırdı. Buğda, çəltik, pambıq, tütün əkininə görə də qeyd edilən məbləğə 40 manat əlavə olunurdu.

2016-cı ildən etibarən baramaya görə də subsidiya ödənilir. Əvvəlcə bu məbləğ hər kiloqrama görə 2 manat idisə, sonra 5 manata qaldırılıb.

XS
SM
MD
LG