Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 21:24

Məhkəmələrə daşınan seçki şikayətləri


Bəxtiyar Hacıyev və bir neçə namizəd MSK-nın girişini bir müddət bağlayıblar
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Bəxtiyar Hacıyev və bir neçə namizəd MSK-nın girişini bir müddət bağlayıblar

Artıq Azərbaycanda bəzi deputatlığa namizədlər şikayətlərini məhkəmə müstəvisinə daşımaqdadırlar. Komissiyalar isə şikayətlərə qanunvericiliyə uyğun olaraq fevralın 29-na kimi baxa bilərlər.

«Seçki hüquqlarının yerli məhkəmələrdə müdafiə olunması perspektivsizdir». Bunu AzadlıqRadiosuna Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri, hüquqşünas Hafiz Həsənov deyib. O iddia edib ki, eyni xarakterli pozuntular bütün seçki məntəqələrində baş versə də, Mərkəzi Seçki Komissiyası (MSK) bir neçə dairə, eləcə də bəzi dairələr üzrə bir sıra məntəqələrin nəticələrini etibarsız saymaqla kifayətlənib:

H.Həsənov
H.Həsənov


«Bu isə lider namizəd kimi adları açıqlanan namizədlərin nəticələrinin dəyişməsinə təsir göstərmir. Yenə də, kimlər nəzərdə tutulmuşsa, həmin şəxslərin seçilməsi üçün problem yaranmayıb».

«Sadəcə, ümumi görüntü yaradırlar»

Birlik rəhbəri hesab edir ki, şikayətlərə mahiyyəti üzrə obyektiv, qanuni və ədalətli baxıldığını söyləmək olmaz: «Sadəcə, ümumi görüntü yaradırlar ki, guya əvvəlki seçkilərlə müqayisədə bu seçkilərdə şikayətlərin baxılmasına geniş yer verilir. Bu, sadəcə, görüntü yaratmaqdır. Hesab edirəm ki, MSK tərəfindən qəbul edilmiş əksər qərarların apellyasiya, Ali Məhkəmə mərhələsində ləğvi üçün perspektiv yoxdur».

H.Həsənovun fikrincə, indi şikayətlər hüquqi müstəvidə yox, siyasi qərarlara əsaslanan formada araşdırılır.

Hərçənd, MSK-da belə fikirləri qəbul etmirlər. Üstəlik, prezidentin yaratdığı Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, 94 saylı Bərdə kənd seçki dairəsindən lider namizəd Zahid Oruc da «Turan» agentliyinə deyib ki, MSK rəhbərliyi bütün şikayətlərin media vasitəsilə ictimailəşdirilməsini bəyan etməklə müraciətləri obyektiv araşdırmaqda maraqlı olduğunu göstərib:

Z.Oruc
Z.Oruc

«800-dən çox deputatlığa namizəd,...»

«MSK bütün şikayətləri araşdırmaqla bu şikayətlərin bütünlükdə seçkilərin nəticələrinə təsir etmədiyini göstərir».

Z.Oruc vurğulayıb ki, 1300-dən çox deputatlığa namizəddən yalnız nəticələrlə razılaşmayan 300-ə qədər şəxs MSK-ya şikayət edib: «Belə çıxır ki, qalib elan edilən 125 lider namizədi də istisna etsək, 800-dən çox deputatlığa namizəd bu nəticələrlə razılaşmış kimi görünür, bu isə çox əhəmiyyətidir».

Amma Mərkəz rəhbəri hesab edir ki, hətta bir neçə şikayət olsa da, onlara diqqətlə yanaşılmalıdır.

Z.Oruc vurğulayıb ki, təcrübədə bəzən məhkəmə qurumları hansısa bir prosedur qaydaya əməl etmir, sonradan isə bu, beynəlxalq məhkəmə instansiyalarının Azərbaycan əleyhinə qərarlarına çevrilir. Onun fikrincə, ölkə əleyhinə belə iddialara yer verməmək üçün məsələni elə daxildə hüquq müstəvisində həll etmək lazımdır: «Bir sıra namizədlər bu seçki marafonuna Azərbaycanı beynəlxalq səviyyədə cəzalandırmaq məqsədilə daxil olublar. Onlara da hər hansı arqument verməmək üçün hər bir mərhələdə məsələ hüquqi müstəvidə həllini tapmalıdır».

X.Ağəliyev
X.Ağəliyev

AİHM-nin 24 qərarı...

Hüquqşünas Xalid Ağəliyev AzadlıqRadiosuna xatırladıb ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) indiyə kimi Azərbaycanda deputat olmaq istəyən azı 84 nəfərin seçki hüququnun pozulduğunu tanıyıb:

"11 nəfərin seçilmək hüququnun pozulmasını əvvəlcədən hökumət özü etiraf edib. Yerdə qalanların şikayətlərinə AİHM baxıb və elan etdiyi 24 qərarda pozuntuları tanıyıb. Bu rəqəmlər yalnız 2005-2010-cu illərdəki seçkilərdən verilmiş şikayətlər üzrə çıxarılan qərarlara aiddir. Həmin seçkilərdən göndərilmiş şikayətlər var ki, hələ qərarı elan edilməyib..."

X.Ağəliyevin deməsinə görə, indiyə kimi Azərbaycan məhkəmələrində namizədlərin seçkilərlə bağlı şikayətlərinin təmin olunmasına dair müsbət təcrübə nümunəsi yoxdur.

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.

Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər daxil olub. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Artıq 4 dairədə nəticələr ləğv edilib. Habelə, 15-dən çox dairədə 50-dən çox məntəqənin də nəticəsi etibarsız sayılıb. Amma onlar dairələr üzrə yekun nəticələrə təsir etməyib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

XS
SM
MD
LG