Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 12:45

ABŞ-da COVID-19-un müalicəsində plazmadan istifadəyə olunacaq


Arxiv fotosu
Arxiv fotosu

Prezident Donald Trump sağalmış koronavirus xəstələrinin qan plazmasından COVID-19-un müalicəsində istifadəyə fövqəladə icazə verib.

Açıqlama avqustun 23-də, Respublikaçıların Milli Qurultayı ərəfəsində verilib. Koronavirus 175 min amerikalının həyatına son qoyub, iqtisadiyyatı zəiflədib, prezidentin noyabrda təkrar bu vəzifəyə seçilməsi perspektivinə zərbə vurub.

Bundan öncə Ərzaq və Dərman Administrasiyası (FDA) plazmadan istifadəyə icazə verib. Ekspertlərin fikrincə, COVID-19-dan sağalanların plazması digər yoluxmuş xəstələrin sağalmasına kömək edir. Amma bu sahədə qəti fikir yoxdur, hansı dozada tətbiqi ətrafında da suallar yaranıb.

FDA plazmanın COVID-19-a qarşı effektiv ola biləcəyini, bəlli və potensial faydalarının potensial riskləri üstələyəcəyini vurğulayıb.

70 mindən çox xəstəyə plazma köçürülüb

FDA-nın aparıcı alimi Denise Hinton qeyd edib ki, agentlik həyatları xilas etməkdən ötrü təhlükəsiz və potensial faydalı müalicələri tətbiq etmək istəyir. O, plazmanın təhlükəsizliyi və səmərəsinin öyrənilməsi üçün klinik sınaqların davam edəcəyini vurğulayıb.

Qan plazması koronavirusdan sağalmış xəstələrdən götürülür, bu plazmada virusa qarşı anticismlər çox olur. FDA vəziyyəti ağır olan xəstələrə plazma köçürülməsinə indiyədək icazə verirdi. Birləşmiş Ştatlarda 70 mindən çox viruslu xəstəyə belə plazma köçürülüb.

Qurumun açıqlamasından bir gün öncə Trump Twitter-də agentliyi tənqid edib, siyasi səbəblərdən COVID-19 vaksinlərinin hazırlanmasına və müalicəsinə bürokratik əngəllər törətməkdə suçlayıb.

“Dərin dövlət, yaxud FDA-da kimsə dərman şirkətlərinin vaksinləri sınaqları üçün adamlarla əlaqəsini çətinləşdirir. Aydındır ki, onlar cavabı noyabrın 3-dən sonrayadək yubatmağa ümid edirlər. Daha çox sürətə və həyatları xilas etməyə fokuslanın!” – prezident yazıb.

ABŞ-da prezident seçkisi noyabrın 3-dədir.

Trump administrasiyası COVID-19 vaksinlərinin və müalicəsinin hazırlanması və paylanmasına milyardlarla dollar xərcləyir.

Almaniyada tədqiqat konsertləri keçirilib

Almaniyada isə həkimlər koronavirusun irimiqyaslı qapalı tədbirlərdə yayılması riskini öyrənməkdən ötrü şərqi Leypsiq şəhərində üç pop konsert təşkil ediblər. Almaniyalı pop müğənni Tim Bendzko-nun üç konsertinə gedənlərin COVID-19 testi neqativ çıxmalıydı.

Leipzig Arena konsert zalına gedənlərin bədən hərarəti yoxlanıb.

İştirakçılar FFP2 üz maskası taxıblar, arena daxilində hərəkətlərinin izlənməsi üçün elektron cihaz gəzdiriblər.

“İştirakçıların konsert zamanı bir-birilə necə təmas saxladığını öyrənmək istəyirik, bu, hələ aydın deyil”, – Halle Universitet Xəstəxanasından tədqiqat başçısı Stefan Moritz deyib.

Araşdırmaçılar konsert iştirakçılarının əlləri ilə hansı səthlərə toxunduqlarını da ultrabənövşəyi lampalar vasitəsilə müşahidə ediblər.

Koronavirusun havayla yayılması ətrafında müzakirə getdiyindən tədqiqatçılar virusu daşıya biləcək aerozolların – hava hissəciklərinin hərəkətini də izləyiblər.

Yoluxma riskinin azaldılmasının müqayisəsi üçün 3 ssenari həyata keçirilib. Birinci ssenaridə pandemiyadan əvvəlki davranış tətbiq olunub. İkindi halda izləyicilər səhiyyə və təhlükəsizlik qaydalarına əməl ediblər. Üçüncü konsertdə məhdud sayda izləyici bir-birindən 1,5 metr məsafə saxlayıb.

Araşdırmanın məqsədi yoluxma riskini azaltmaqla konsertlərə və böyük tədbirlərə icazə verib-verməməyi öyrənməkdir. Almaniya daxil bir çox ölkələr virusun yayılmasını önləməkdən ötrü iri tədbirləri yasaqlayıb.

XS
SM
MD
LG