Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:41

Nobel mükafatı kitab satışına necə təsir edir


Koıumbiya yazıçısı Gabriel Garcia Marquez-in yazı makinası
Koıumbiya yazıçısı Gabriel Garcia Marquez-in yazı makinası

Hər il naşirlər və müəlliflər həyəcanla ədəbiyyat sahəsində Nobel mükafatlarının elan edilməsini gözləyirlər. Nobel mükafatına layiq görülən yazıçının kitablarının satış sayı artır.

"Hər hansı müəllif və onun kitabına Nobel mükafatı qədər təsir edən başqa bir xarici qüvvə yoxdur. Bu, müəllifin başına gələ biləcək ən təsirli hadisədir", – İsveçrənin "Unionsverlag" mətbəəsinin çap direktoru Lucien Leitess DW-yə deyib.

Bu şirkətin nəşr etdiyi kitablar arasında dörd Nobel mükafatçısının əsərləri də var. Onlardan biri Karib müəllifi, 1937-ci ildə Qvadelupada doğulmuş Maryse Conde-dir. O, 2018-ci ildə Alternativ Nobel mükafatına layiq görülüb. Qvadelupa Karib dənizi hövzəsində Fransanın nəzarətində olan arxipelaqdır.

3 dəqiqəyə 30 min nüsxə

Dünya ədəbiyyatı sahəsində ixtisaslaşan "Unionsverlag" mətbəəsi dünyanın hər yerindən yazıçıların əsərlərini nəşr edir. Şirkət müəllif prestijli mükafata layiq görüldüyü zaman satış saylarında baş verən dəyişikliyi çox yaxşı görə bilir.

Leitess 1988-ci ildə gözlənilmədən Nobel mükafatının qalibi elan olunmuş Misir yazıçısı Naguib Mahfouz haqda deyir: "Onu heç kim tanımırdı, heç onun adının düzgün yazılışını da bilmirdilər. Ondan əvvəl biz üç ildə onun kitablarının 300 nüsxəsini satardıq. Sonra üç dəqiqədə 30 min nüsxə satmağa başladıq".

Əlbəttə, məsələ təkcə mükafatda deyil. Müəllifin əsərlərinin oxucular tərəfindən necə qarşılanması da mühümdür: "Nobel mükafatının təsiri bir növ sadəcə başlanğıcdır. Uzun zamanda onun uğurlu olub-olmayacağı müəllifin oxucuların qəlblərini fəth etməsindən asılıdır".

Cəmiyyətin ədəbi əsəri necə qəbul etməsi medianın təsirindən də asılıdır. Çin yazıçısı Mo Yan-ın kitabları buna gözəl misaldır. 2012-ci ildə Nobel mükafatını bu müəllifə vermək qərarı bir çox müşahidəçilərin tənqidinə səbəb olmuşdu. Tənqidçilər deyirdilər ki, Mo Yan Çində söz azadlığına kifayət qədər sadiq deyil və Çin hökumətinə qarşı çıxmaqdan çəkinir. Onun bir kitabında Mao Zedong-un bir antidemokratik nitqini yada salması da tənqid edilirdi. Leitess deyir ki, onun bir neçə kitabını nəşr etsələr də, ümumilikdə 80 min kitabını sata biliblər. Bu, Nobel mükafatçısının kitabı üçün nisbətən kiçik saydır.

Handke-nin 150 min kitab nüsxəsi satılıb

"Suhrkamp" Almaniya nəşriyyatı Nobel mükafatçılarının kitablarını nəşr edir. Sonuncu Nobel mükafatçısı Peter Handke nəşriyyatın təmsil etdiyi 16-cı Nobel mükafatı laureatıdır. Nobel mükafatının elan edilməsindən sonrakı yeddi həftə ərzində "Suhrkamp" Handke-nin kitablarının 150 min nüsxəsini satıb.

Çox zaman Nobel mükafatına layiq görülən müəlliflərin köhnə kitabları da yaxşı satılırmış. Sürixdə yerləşən "Kampa-Verlag" mətbəəsi polyak yazıçısı Olga Tokarczuk-un əsərlərini dərc edir. "Onun əhəmiyyətli və böyük yazıçı olduğu həmişə məlum olub. Ancaq, eyni zamanda, onun kitablarını almandilli ölkələrdə satmaq həmişə çətin olub", – naşir Daniel Kampa deyir. O bu nəşriyyatı 2018-ci ilin payızında təsis edib və Tokarczuk-un daha əvvəl alman dilində nəşr olunmuş əsərlərini çap etmək hüququnu alıb. Onun 1200-səhifəlik "Yakovun kitabları" (The Books of Jacob) əsəri Almaniyada müəllifin Nobel mükafatına layiq görülməsindən 10 gün əvvəl çapdan çıxıb. Əgər mükafatın elanından əvvəl cəmi 1200 nüsxə satılmışdısa, müəllifin mükafatı almasından sonra qalan 3000 nüsxənin hamısı bir göz qırpımında satılıb.

Ancaq DW yazır ki, Nobel mükafatının kitab satışına təsiri müəllifin nə dərəcədə tanınmasından da asılıdır. "Hanser-Verlag" nəşriyyatının təmsilçisi deyir ki, şairlərlə yazıçılar arasında da fərq olur.

XS
SM
MD
LG