Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 11:47

Vyanada İranla ‘konstruktiv’ nüvə danışıqları təxirə salınıb


Vyanada nüvə danışıqlarının keçirildiyi Grand Hotel
Vyanada nüvə danışıqlarının keçirildiyi Grand Hotel

2015-ci ilin nüvə sazişini dirçəltmək məqsədilə Vyanada danışıqlar aparan diplomatlar müzakirələrin dördüncü gününə yekun vuraraq bildiriblər ki, görüş “konstruktiv” olub və gələcək üçün “pozitiv məqam” yaradıb.

ABŞ prezidenti Co Bayden Ağ Ev gəldiyi ilk gündən bəyan etmişdi ki, Birləşmiş Ştyatların rəsmi adı Birgə Hərtərəfli Hərəkət Planı olan 2015-ci il sazişinə qayıtması onun administrasiyası üçün prioritet olacaq.

Keçmiş prezident Donald Tramp 2018-ci ilin mayında öz ölkəsini birtərəfli qaydada 2015-ci il sazişindən çıxarıb.

Bu sazişə görə Tehran üzərindəki sanksiyaların qaldırılması şərtilə öz nüvə fəaliyyətini məhdudlaşdırmalıdır.

Lakin Tramp bu sazişdən çıxdıqdan dərhal sonra Tehran üzərinə ABŞ sanksiyaları bərpa edilib və İran buna cavab olaraq razılaşma üzrə öhdəliklərindən xeyli geri çəkilib.

Vyanada İran, Britaniya, Çin, Fransa, Almaniya, Rusiya, habelə ABŞ arasında keçirilən danışıqlara Avropa İttifaqı ev sahibliyi edir.

ABŞ və İran hələlik birbaşa danışıqlara hazır olmadıqlarını bildirdiklərindən onların arasında məkik diplomatiyası həyata keçirilir.

İki ekspert qrupu

Aİ-nin aprelin 9-da verdiyi bəyanatda deyilir ki, Birgə Hərtərəfli Hərəkət Planı barədə məlumat iki ekspert qrupuna verilib.

Bu qruplar sanksiyaların qaldırılması və nüvə sazişinin icrasının bərpa olunması üzərində işləyəcəklər.

İştirakçılar danışıqların və fikir mübadiləsinin “konstruktiv” olduğunu bildiriblər.

Bəyanatda deyilir ki, “iştirakçılar diplomatik səylərin davam etdirilməsində qətiyyət ifadə ediblər”.

Bu da qeyd olunur ki, Avropa İttifaqının xarici siyasət komissarı Josep Borrell saziş tərəfləri ilə ABŞ arasında separat görüşlərini davam etdirəcək.

Tramp İranı nüvə silahına “yaxınlaşdırıb”

Bəyanatda deyilir ki, ekspert qrupları müzakirələri “gələn həftə ərzində” bərpa edəcəklər.

ABŞ və İran Vaşinqtonun nüvə sazişinə qayıtması şərtlərinə görə açıq mübahisə ediblər.

ABŞ 2015-ci il sazişinə qayıtması üçün əvvəlcə İranın öz öhdəliklərinə qayıtmasını istəyir.

Tehran isə bildirir ki, ABŞ sazişdən birtərəfli qaydada çıxıb və buna görə də Vaşinqton əvvəlcə Tehranın üzərindəki sanksiyaları qaldırmalıdır.

Sanksiyaların qaldırılmasını İranda əsas söz sahibi olan ali rəhbər ayətüllah Əli Xameneyi tələb edir.

İran prezidenti Həsən Ruhani bu həftə deyib ki, bütün tərəflər bu sazişə daha yaxşı alternativ olmadığını qəbul edirlər.

Bayden deyib ki, Trampın sazişdən çıxması Tehranı nüvə silahı əldə olunmasına yaxınlaşdırıb.

XS
SM
MD
LG