Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 18:40

Kubada 2 yaşlılara peyvənd vurulur


Braziliya, arxiv fotosu
Braziliya, arxiv fotosu

Çin, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela da yaşı 12-dən aşağı uşaqlara vaksin vurdurmaq planlarını açıqlayıblar

Kuba dünyada ilk ölkə olaraq yaşı 2-dən yuxarı uşaqlara COVID-19-a qarşı peyvənd vurdurmağa başladığını bildirir. Bu arada Avropa Dərman Agentliyi (EMA) isə yaşı 16-dan yuxarı tam peyvənd olunanlara Pfizer/BioNTech vaksininin buster dozasının faydasını araşdırır.

Sentyabrın 6-da Kuba 2-11 yaşlılara öz istehsalı olan vaksinləri vurmağa başlayıb. Bu vaksinlər Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən tanınmayıb.

Digər ölkələr də planlaşdırır

Kuba hər iki vaksinin azyaşlılar üzərində klinik sınaqlarını tamamlayıb. Yaşı 12 və yuxarı olanlara isə ötən həftədən peyvənd vurulmasına başlanıb.

Rekombinant protein texnologiyasına əsaslanan Kuba vaksinləri beynəlxalq dəyərləndirmədən keçməyib. Bu texnologiya ABŞ-ın Novavax, Fransanın Sanofi vaksinlərinin hazırlanmasında da istifadə olunub, onlar DST-nin təsdiqini gözləyirlər. Hazırda istifadədə olan digər vaksinlərdən fərqli olaraq rekombinant vaksinlərə aşırı soyuducu temperatur gərək deyil.

Dünyanın bir sıra ölkələrində yaşı 12 və yuxarı olanlara vaksin vurulur, bəziləri daha azyaşlılar üzərində sınaq aparır.

Çin, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela da yaşı 12-dən aşağı uşaqlara vaksin vurdurmaq planlarını açıqlayıblar. Amma Kuba bunu rəsmən elan edən ilk ölkədir.

11.2 milyon əhalisi olan bu kommunist adası məktəblər açılanadək uşaqların hamısına peyvənd vurulmasını hədəfləyir. Yeni dərs ili başlasa da uşaqlar evdə qalaraq televiziya proqramları vasitəsilə təlimat alırlar. Kubada evlərin çoxunda internet yoxdur.

Klinik sınaqlar aparılır

EMA isə buster dozaların yaşı 16 və yuxarı olanlara faydasını dəyərləndirir. Nəticələr bir neçə həftəyə bilinməlidir, qurum sentyabrın 6-da bildirib.

Klinik sınaqlara sağlam immun sistemi olan 300 yetkin yaşlı cəlb olunub. Onlara Pfizer/BioNTech vaksininin ikinci dozasından altı ay sonra buster doza vurulub.

EMA ötən həftə bildirib ki, ümumi əhali üçün buster doza vurulmasına təcili səbəb görmür. Amma dərman istehsalçıları müraciət etdiklərindən EMA datanı sürətlə dəyərləndirəcəyini açıqlayıb.

EMA onu da qeyd edib ki, ayrı-ayrı ölkələrin səhiyyə orqanları rəsmi tövsiyə olmadan buster vaksinasiya ilə bağlı özləri qərar verə bilərlər.

Artıq bəzi ölkələr buster dozalarına vurulmasına başlayıblar. İtaliyada bu ayın sonundan zəif qruplara üçüncü doza təklif olunacaq. Almaniya da tezliklə buna başlamağı planlaşdırır.

Birləşmiş Ştatlarda Pfizer/BioNTech-in üçüncü dozasının tezliklə təsdiqlənəcəyi və ayın sonuna buster dozaların vurulmasına başlanacağı gözlənir.

XS
SM
MD
LG