Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:30

Omikrona görə Yeni il şənlikləri məhdudlaşdırılır


Arxiv fotosu
Arxiv fotosu

Sidney dünyada Yeni ili qarşılayan ilk böyük şəhərdir, minlərlə insanın atəşfəşanlığı izləyəcəyi gözlənir

Dünyanın bir çox ölkələrində koronavirusun omikron ştammı yoluxmaları rekord həddə çatdırdığı bir dönəmdə Yeni il şənlikləri artıq ikinci ildir ya təxirə salınır, ya da məhdudlaşdırılır.

Bir neçə ay öncə belə bir təəssürat vardı ki, vaksinasiya insanların Yeni ili ötənilkindən daha fərqli keçirəcəyinə imkan verəcək. Ancaq yoluxmalar kəskin artdığından yeni məhdudiyyətlər tətbiq olunub.

Sidney dünyada Yeni ili qarşılayan ilk böyük şəhərdir, minlərlə insanın atəşfəşanlığı izləyəcəyi gözlənir. Avstraliya virusla birlikdə yaşamağa qərar verib, yüksək vaksinasiya səviyyəsinə çatandan sonra məhdudiyyətləri yüngülləşdirib.

“Bu il bundan uzaq durun”

Ölkədə COVID-19-a rekord yoluxmaların qeydı alınmasına baxmayaraq, xəstəxanalar omikronun öhdəsindən gəlir, ölüm səviyyəsi də öncəki dalğalarda olduğundan daha azdır.

Omikronun özəlliklə peyvənd vurduranlar üçün daha yüngül xəstəliyə səbəb olmasına dəlil getdikcə artır. Amma onun yüksək yoluxuculuğu, vaksinlərdən yayına bilmə qabiliyyəti səhiyyə rəsmilərini tədbirli davranmağa vadar edir, xəstəliklərə təzyiqi artırır.

ABŞ-ın yoluxucu xəstəliklər üzrə aparıcı eksperti Entoni Fauçi bu həftənin əvvəlində deyirdi ki, daha kiçik şənliklər ən təhlükəsiz variantdır.

“30, 40, 50 nəfərin iştirakıyla Yeni il şənliyi keçirəndə, onların vaksinasiya statusunu bilmirsiniz. Ona görə güclü şəkildə tövsiyə edirəm ki, bu il bundan uzaq durun”, – Fauçi CNN-ə müsahibəsində deyib.

Qadağalar

Asiyaya gəlincə, Tokio məşhur Yeni il şənliyini təxirə salıb. Nyu Dehlidə də böyük məclislər yasaqlanıb, barlara limit qoyulub.

Afina, London, Paris, Roma və Berlində atəşfəşanlıq və şənliklər təxirə salınıb.

Parisdə bu həftədən açıq havada maska taxma məcburidir. Almaniya, Portuqaliya və İtaliyada gecə klubları bağlanıb.

Nyu Yorkun Taymz Meydanında ənənəvi şənlik 15 minədək tamaşaçının iştirakıyla keçiriləcək. Bu, pandemiyadan öncəki izləyici sayının ¼-i qədərdir. Onların hamısı COVID-19-a qarşı vaksin olunmalı, maska taxmalıdırlar.

Los Ancelesdə, Londonda atəşfəşanlıq canlı yayınlanacq deyə, çoxları evdə qalmağı seçə bilərlər. Amma Kvebekdə rəsmi seçim edilib. Kanada Yeni il ərəfəsində qeyri-müəyyən vaxtadək komendant saatı tətbiq edərək hamının bayram planlarını pozub.

XS
SM
MD
LG