Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:41

Pandemiya necə qurtaracaq?


İspaniya. Moderna, Pfizer və AstraZeneca vaksinlərini əks etdirən küçə plakatı
İspaniya. Moderna, Pfizer və AstraZeneca vaksinlərini əks etdirən küçə plakatı

Pandemiyalar əvvəl-axır qurtarır. Hətta Omikron bunun nə vaxt baş verəcəyi sualının cavabını mürəkkəbləşdirsə də…

Pandemiyalar əvvəl-axır qurtarır. Hətta Omikron bunun nə vaxt baş verəcəyi sualının cavabını mürəkkəbləşdirsə də…Amma bu, düyməni basıb lampanı yandırmaq kimi olmayacaq: Dünya heç yerə çıxıb getməyəcək virusla yanaşı yaşamağı öyrənməli olacaq.

Associated Press agentliyinin dərc etdiyi məqalədə deyilir ki, yeni ultrayoluxucu Omikron son dərəcə geniş yayılaraq xaos yaradır, amma biz bu dəfə sıfırdan başlamayacağıq.

Vaksinlər ciddi xəstəliklərdən qoruma verir, lakin bəzən yüngül formaların qarşısını ala bilmir. Amma buna baxmayaraq başqa variantlardan xeyli zəif simptomlar törədən Omikron da müəyyən immunitet verir. Bu variantı keçirənlər koronavirusun başqa variantlarına qarşı müəyyən immunitetə malik olacaqlar. Başqa variantlar hələ də dolaşmaqda davam edir və daha bir mutantın da yaranacağı istisna olunmur.

Yel İctimai Sağlamlıq Məktəbinin eksperti doktopr Albert Ko deyir ki, koronavirusun son variantı pandemiyanın sonuna ciddi hazırlaşmaq üçün xəbərdarlıqdır:

“Tam aydındır ki, COVID həmişəlik bizimlə qalacaq. Biz COVID-i yer üzündən silə bilməyəcəyik, ona görə də məqsədlərimizi indidən müəyyən etməliyik”.

Biz hələ endemik fazaya çatmamışıq

AP yazır ki, müəyyən bir vaxtda Dünya Səhiyyə Təşkilatı kifayət qədər çox ölkədə COVID-ə yoluxmaların, ən azı xəstəxanaya düşmə və ölüm hallarının az-çox nəzarətə götürüldüyünü hiss edəndə pandemiyanın sona çatdığını bildirəcək. Amma bunun dəqiq nə vaxt baş verəcəyi bilinmir.

Hətta pandemiya başa çatandan sonra da, xüsusilə aşağı gəlirli ölkələr yoluxmalarla çarpışmada olacaqlar. Daha inkişaf etmiş ölkələrdə virus endemik – yəni gizli formasına keçəcək.

Harvard T.H. Chan məktəbindən infeksion xəstəliklər eksperti Stiven Kissler hesab edir ki, endemiya fazasında yoluxmalar “məqbul hesab ediləcək dərəcədə” sabit hal alacaq.

Alim düşünür ki, biz hələ SARS-CoV-2 virusunun endemik fazasına çatmamışıq.

AP yazır ki, COVID-19 iki ildə 800 min amerikalının ölümünə bais olub.

Müqayisə üçün qeyd olunur ki, adi qrip ildə 12 minlə 52 min arasında insanın vəfatına səbəb olur.

Bəs görəsən endemik fazaya keçənədək COVID-19 hələ nə qədər yoluxma və ölüm törədəcək?

Mutasiyalar sonsuzadək dövriyyə etməyəcək

Johns Hopkins Sağlamlıq Mərkəzindən professor Ameş Adalya deyir ki, necə olursa olsun, artıq 2019-cu ilə qayıdış olmayacaq və adamlar sadəcə olaraq riskə dözümlü yanaşmağa alışmalıdırlar.

Məqalədə deyilir ki, artıq ABŞ xəstəliyin necə yeni normala çevriləcəyi barədə siqnallar verir. Bu isə karantin kimi tədbirlərə əl atmadan yoluxmaların idarə olunması deməkdir.

Alimlər bildirirlər ki, koronavirus da başqa viruslar kimi endemik fazaya keçdikdən sonra ara-sıra yoluxma dalğaları yaradacaq.

Johns Hopkins Bloomberg Sağlamlıq Məktəbindən professor Uilyam Moss bildirir ki, Omikron çox güclü şəkildə mutasiya etmiş variantdır.

Amma alimin fikrincə, bu mutasiya bəlkə də virusun son təkamül sıçrayışıdır.

O deyir ki, yeni variantların sonsuzadək dövriyyə edəcəyinə inanmır.

“Biz indi 2019-a qədər olan əhali deyilik”

Mutasiyalar davam etsə də, ekspertlərin fikrincə, həm vaksinlər, həm də yoluxmalar getdikcə daha çox immunitet yaradacaq.

Vaşinqton Universitetinin professoru Ali Ellebedi deyir ki, insan orqanizmi çoxmərtəbəli müdafiə sisteminə malikdir.

Bunlardan biri də bəzən “yaddaş hüceyrəsi” adlandırılan B hüceyrələrdir. Onlar virusları yaxşı yadda saxlayır, özləri isə uzun illər sümük iliyində qala bilir.

Ellebedinin rəhbərlik etdiyi yeni araşdırma aşkar edib ki, Pfizer vaksinləri insan orqanizminin T şəkilli hüceyrələrini gücləndirmək qabiliyyətinə malikdir.

Onun sözlərinə görə bu halda vaksinlər özlərini məşqçi kimi aparır və daha çeşidli və daha güclü anticismlərin yaranmasına təkan verirlər.

Ellebedi bu səbəbdən də düşünür ki, ümumilikdə dünya əhalisinin təməl immuniteti xeyli yaxşılaşıb:

“Biz artıq 2019-cu ilin dekabrınadək olan əhali deyilik. Vəziyyət dəyişib”.

Alimin fikrincə elə bir gün olacaq ki, kimsə koronavirusa yoluxub, iki-üç gün evdə qaldıqdan sonra fəaliyyətini davam etdirə biləcək və pandemiyanın sonu belə çatacaq.

XS
SM
MD
LG