Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 15:38

‘Meymunçiçəyinə qarşı pevənd və dərman Azərbaycanda yoxdur’


Dünya Səhiyyə Təşkilatı (DST) meymun çiçəyi ilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan edib

Dünya Səhiyyə Təşkilatı (DST) meymun çiçəyi ilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan edib. Qurum bu addımı virusun dünyanın 50-dən artıq ölkəsinə yayılmasını nəzərə alaraq qəbul etdiyini açıqlayıb.

DST-nin son məlumatlarına görə, may ayından bəri 70-ə yaxın ölkədə bu xəstəliyə 16 mindən çox yoluxma qeydə alınıb.

Qurumun Baş katibi Tedros Qebreyesusin dediyinə görə, fövqəladə vəziyyət elan edilməsi hökumətlərin müəyyən tədbirlər görəcəyi anlamına gəlmir, lakin bu, peyvənd və peyvənd istehsalı üçün maliyyənin artırılmasına təkan verə bilər.

Bəs Azərbaycan bu vəziyyətə nə dərəcədə hazırdır? Nə kimi profilaktik tədbirlər görülür?

Azərbaycana 3 min diaqnostik test gətirilib

Səhiyyə Nazirliyindən bildirilib ki, onlar sözü gedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün DST-yə müraciət ediblər:

“Müraciətin nəticəsi olaraq, DST tərəfindən 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib”.

Nazirlikdən qeyd olunub ki, Azərbaycanda meymunçiçəyinə yoluxmada şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur.

“Hər iki şəxsin test nəticəsi neqativdir”

Nazirlikdən o da vurğulanıb ki, bu gün, iyulun 25-i üçün meymunçiçəyi ilə bağlı Azərbaycanda yoluxma faktı qeydə alınmayıb:

“Epidemioloji vəziyyət diqqətlə izlənilir. Bugünə qədər iki testdən istifadə edilib. Müraciət edənlərdən test nümunələri götürərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərib. Hər iki şəxsin test nəticəsi neqativdir”.

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev isə hesab edir ki, Azərbaycan səhiyyəsi fövqəladə vəziyyətə tam hazır deyil:

“Amma onu da nəzərə almaq lazımdır ki, DST bir az gərəkdən artıq qərar verdi”.

“Bu pandemiya yaradacaq bir xəstəlik deyil”

Mütəxəssis deyir ki, dünyada son bir neçə ayda təqribən 15 min civarında yoluxma aşkar edilib:

“Aylar ərzində bu qədər yoluxma onu göstərir ki, bu pandemiya yaradacaq bir xəstəlik deyil”.

Həkim qeyd edib ki, ilk növbədə bu xəstəliklə bağlı Azərbaycanda maarifləndirmə işi aparılmalıdır. Onun fikrincə bu iş Azərbaycanda zəifdir.

Ekspert vurğulayıb ki, meymunçiçəyi virusuna qarşı dünyada peyvənd və dərman preparatı olsa da, Azərbaycanda onlar yoxdur:

“Bu peyvəndi almaq üçün dünyannı inkişaf etmiş ölkələr tərəfindən razılaşdırılmış qərar olmalıdır. Bu peyvənd və dərman preparatı Amerikadadır və Afrikaya gedən hərbçilər üçün onlardan istifadə edilirdi. Yəni, bu məhdud bir şeydir. Onu digər ölkələrə satmaq üçün xüsusi bir qərar olmalıdır”.

Bununla yanaşı, həkim qeyd edib ki, testlər varsa meymunçiçəyi virusunu aşkar etmək üçün Azərbaycan laboratoriyalarında bütün şərait mövcuddur.

Xatırlatma

Meymunçiçəyi ilk dəfə 1958-ci ildə aşkarlanıb. 2022-ci ilin may ayına qədər əksər yoluxma halları Afrikada qeydə alınıb, lakin mayda xəstəlik Avropada sürətlə yayılmağa başlayıb.

Xəstələrin böyük əksəriyyəti başqa şəxslərlə cinsi əlaqədə olan 18-50 yaş arası kişilərdir. Meymunçiçəyi xəstəliyinin qarşısını 1970-ci illərin sonuna qədər doğulanların hamısına vurulan çiçək peyvəndi alır.

Risk qrupları üçün istifadə olunan meymunçiçəyinə qarşı birbaşa peyvənd də var.

XS
SM
MD
LG