Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:33

Rusiyada etirazlarda 1300-dən çox saxlanan olub


Putin 300 min əsgər toplayır
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Putin 300 min əsgər toplayır

Ümumilikdə Rusiya boyunca 900-dən çox etirazçının saxlandığı bildirilir

Rusiyada qismən səfərbərlik elanından sonra başlanan etirazlarda 1300-dən çox saxlanan olub.

OVD-Info etirazların 38 şəhərdə keçirildiyini bildirir.

Moskvada azı 530 nəfər, Sankt Peterburqda 470-dən çox etirazçı saxlanıb. Digər saxlananlar isə Çelyabinsk, Yekaterinburq, Krasnoyarsk, Ufa, Krasnodar və İrkutskdadır.

Moskvada əsasən qadınların çıxdığı etirazda “Uşaqlarımıza həyat!”, “Müharibəyə yox!” şüarları səslənib.

Bəzi nümayişçilər Ukraynanın mavi-sarı rəngli bayraqlarını qaldırıb, “Səfərbərliyə yox!”, “Putinsiz Rusiya” şüarları səsləndiriblər.

Hakimiyyət nümayişlərə qatılanların 15 iləcən həbsə məhkum olunacağıyla bağlı xəbərdarlıq edib.

+++

Moskva və Peterburq şəhərlərində keçirilən anti-səfərbərlik aksiyalarında etirazçıların saxlanmasına başlanıb.

Moskvada aksiya Köhnə Arbatda keçirilir. Etirazçıların arasında çox sayda qadınların olduğu xəbər verilib. Onlar “Uşaqlarımız üçün həyat!” və “Müharibəyə yox!” şüarları səsləndirirlər.

AzadlıqRadiosunun müxbirləri bildirirlər ki, aksiyaçıların sayı dəqiqləşdirilməyib, lakin sosial media şəbəkələrində yayılmış videolardan etiraza yüzlərlə insanın çıxdığı görünür.

Etirazçılar əl-ələ tutaraq canlı zəncir yaradırlar. Polis aksiyaçıları bir-bir yaxalayaraq maşınlara doldurur.

Sankt Peterburqda səfərbərliyə etiraz edənlər müqəddəs İsaak məbədinin qarşısına toplaşıblar.

Əksəriyyəti qadınlardan ibarət aksiyaçıları polis dövrəyə alıb.

Xəbər verilir ki, saxlanma zamanı aksiyaçıları dəyənəklərlə vururlar.

Yerli vaxtla axşam saat 20-ə olan məlumata görə Moskva və Peterburqda azı 1000 nəfər saxlanıb.

Ümumilikdə Rusiya boyunca 38 şəhərdə 1200-dən çox etirazçının saxlandığı bildirilir.

Başqa şəhərlərdə etirazlar

Rusiya şəhərlərində sentyabrın 21-də elan edilmiş səfərbərliyə etiraz aksiyaları başlanıb.

Sibirdə və Uzaq Şərqdə adamlar saxlanmamaq üçün şüarsız və plakatsız şəhərlərin mərkəzi meydanlarına axışırlar.

Xabarovskda səfərbərlik əleyhinə piketə 12 nəfər çıxıb. Onlar əllərində plakat olmadan sükutla etiraz ediblər.

AzadlıqRadiosunun bölgələrdəki müxbirləri adamların səfərbərlik xəbərindən şoka düşdüklərini bildirirlər.

Yakutskda da sentyabrın 21-də mərkəzi meydanda bir neçə nəfər etiraza çıxıb.

İrkutskda mərkəzi meydana onlarca etirazçı çıxıb. Onlardan 10 nəfərinin saxlandığı bildirlir.

Xəbər verilir ki, Tomsk şəhərində etiraz edən 30 nəfər saxlanıb.

OVD-Info saytının məlumatına görə Rusiyanın 10-dək şəhərində 60 çox etirazçı saxlanıb.

Ulan-Ude şəhərində onlarca etirazçı əllərində plakatlarla şəhər meydanına toplaşıb.

Polis onlardan plakatları yığışdırmağı tələb etsə də, saxlanan olmayıb.

Novosibirskdə də etiraza onlarca insan çıxıb.

Bundan əvvəl Rusiyanın Vesna müxalifət hərəkatı və Aleksey Navalnının tərəfdarları Rusiya vətəndaşlarını səfərbərliyə qarşı etiraza qalxmağa çağırmışdılar.

İnternetdə qismən və ümumi səfərbərliyə qarşı petisiya peyda olub. Petisiyanı elə sentyabrın 21-də bir neçə saat ərzində 200 min nəfər imzalayıb.

Moskva prokurorluğu xəbərdarlıq edib ki, səfərbərliyə qarşı çıxan paytaxt sakinlərini etirazlarda iştiraka görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Sankt Peterburqda isə, əksinə rayon administrasiyalarına Ukraynanın işğal olunmuş ərazilərində referendumların keçirilməsini dəstəkləyən mitinqlər üçün adamların toplanması tapşırılıb.

Putin qismən səfərbərlik elan edir

Britaniyanın Müdafiə naziri Ben Vallas Putinin səfərbərlik açıqlamasını “işğalın iflasının etirafı” adlandırıb.

“O və müdafiə naziri onminlərlə vətəndaşını ölümə göndəriblər, pis təchiz olunmuş bu adamlara pis başçılıq edilib. İstənilən həcmdə təhdid və propaqanda Ukraynanın müharibəni udması, beynəlxalq ictimaiyyətin birləşməsi və Rusiyanın beynəlxalq səviyyədə təcrid halına gəlməsi faktlarını gizlədə bilməz”, – Vallas tvitində yazıb.

+++

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu isə çıxışında deyib ki, ölkənin 25 milyon nəfərə yaxın səfərbərlik resursu var. Səfərbərliyə ehtiyatda olan 300 min nəfər cəlb olunacaq.

Şoyqu müharibədə indiyədək 6 minə yaxın – 5 min 937 rusiyalı hərbçinin həlak olduğunu açıqlayıb. Rusiya sonuncu dəfə martın sonunda rəsmi itki sayını - 1 min 351 hərbçinin öldüyünü açıqlamışdı.

Ukrayna və Qərb bu sayın dəfələrlə böyük olduğunu deyirlər.

Nazir yaralıların 90 faizindən çoxunun ordu sıralarına qayıtdığını bildirib.

Şoyqu Ukrayna tərəfinin itkiləri haqda da rəqəm açıqlayıb, qarşı tərəfin itkisinin 100 mindən çox olduğunu, 61 min hərbçinin həlak olduğunu iddia edib. "Bu, böyük itkidir, çünki ordu sayının 200 min olduğunu hesablamışdıq. Ona görə də orada səfərbərliyin dördüncü dalğası gedir. Çimərliklərdən tutmuş vağzallara qədər adam yığırlar", – Şoyqu deyib.

+++

Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan olunduğunu bildirib. O bunu sentyabrın 21-də xalqa müraciətində deyib.

"Vətənimizin müdafiəsi və bütövlüyü naminə qismən səfərbərliyi dəstəkləməyi vacib sayıram", – o bildirib.

Yalnız ehtiyatda olan və hərbi xidmət keçmiş vətəndaşlar səfərbərliyə cəlb olunacaq. Onlar xidmətə göndərilməzdən öncə əlavə hazırlıq keçəcəklər.

Nüvə şantajı

Putin onu da deyib ki, Qərb bütün hüdudları keçib, daimi təhdidlər eşidilir. "Kursk və Belqorod vilayətlərinin ərazilərinə terror zərbələri endirilir", – deyən Putin NATO-nun Rusiyanın cənubunda kəşfiyyat apardığını iddia edib. O, nüvə şantajının da səsləndiyini söyləyib.

"Bu cür bəyanatlar dilə gətirənlərə demək istəyirəm ki, bizim ölkəmizin də belə vasitələri var. Xalqımızın müdafiəsi üçün bütün vasitələrdən istifadə edəcəyik. Bu, blef deyil. Müstəqilliyimiz və azadlığımız bütün mövcud vasitələrlə təmin ediləcək", – Putin bildirib.

"Kim Rusiyanı nüvə silahıyla şantaj etmək istəyirsə, bilsin ki, külək onlar tərəfə əsə bilər", – o vurğulayıb.

Referendum planları

Sentyabrın 20-də Dövlət Duması Cinayət Məcəlləsinə düzəlişlər edərək fərariliyə görə cəzanı sərtləşdirib.

Bir gün öncə Ukraynanın şərqində və cənubunda Moskvanın işğal etdiyi ərazilərdə Rusiyaya birləşmək üzrə referendum planları açıqlanıb. Kiyev və beynəlxalq ictimaiyyət bunu pisləyib.

Referendumların sentyabrın 23-də Luqanskda, Zaporojye və Donetsk vilayətlərinin Rusiyanın nəzarətində olan yerlərində başlayacağı bildirilir.

Putin bugünkü çıxışında deyib ki, məqsədi Ukraynanın şərqi Donbas regionunu "azad etməkdir". O, dəlil gətirmədən iddia edib ki, bu regionda əhalinin çoxu Ukraynanın "əsarət"inə qayıtmaq istəmir.

Təhlilçilərin fikrincə, Kremlin Ukraynanın dörd vilayətilə bağlı referendum planı Moskvanın müharibəni qızışdırmasına yol aça bilər. Son bir neçə həftədə Ukrayna döyüş zonasında bəzi uğurlar qazanıb, Rusiya qüvvələrini müəyyən ərazilərdən çıxarmışdı.

Qərb liderləri planlaşdırılan referendumları pisləyib. Avropa İttifaqı Moskvanı əlavə sanksiyalarla hədələyib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Qərbin referendum planlarını pisləməsini alqışlayıb.

“Ukraynanın dostları və tərəfdaşlarının hamısına Rusiyanın əlavə saxta referendumlar təşkil etmək planlarını nəhəng şəkildə və qətiyyətlə pisləməsinə görə təşəkkür edirəm”, – o, ənənəvi gecə müraciətində deyib.

“Cəbhə xəttindəki vəziyyət təşəbbüsün Ukraynaya məxsus olduğunu aydın göstərir. Hardasa səs-küy və bəyanatlar mövqelərimizi dəyişmir. Tərəfdaşlarımız bunda bizə tam dəstək verir”, – Zelenski vurğulayıb.

Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevsə sentyabrın 20-də Telegram-dayazıb ki, Ukraynanın işğal olunmuş ərazilərində referendumlar “tarixi ədalətin bərpası” üçün “vacibdir”.

“Referendumlar keçiriləndən və yeni ərazilər Rusiyaya birləşəndən sonra dünyanın geosiyasi transformasiyası dönməz xarakter alacaq”, – Medvedev yazıb. O əlavə edib ki, Rusiya ərazisinə soxulmaq cəhdləri cinayətdir, Ukrayna əraziləri Rusiyanın tərkibinə keçəndən sonra Rusiya “özünümüdafiə üçün bütün vasitələrə” əl ata bilər.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Moskva Qərbin sərt sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG