Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:36

Səlim Müslümovun işindən daha bir cinayət işi ayrılıb


Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, 27 milyon manatlıq yeyintidə təqsirləndirilən Səlim Müslümovun işi məhkəməyə göndəriləndə ondan başqa bir cinayət işi ayrılıb.

Müslümovla bağlı istintaq zamanı üzə çıxan tender pozuntuları, əlbirliklər və s. hallar ayrıca iş üzrə araşdırılır.

Bu barədə dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq nazirin işinə baxan hakim Faiq Qəniyev bildirib.

Həmin cinayət işində nazirliyin tenderlərində iştirak etmiş şirkət rəhbərləri və başqa şəxslərin adları keçir.

İstintaq araşdırmaları zamanı bu şirkətlərdə çatışmazlıqlar aşkarlanıb. Hakim deyir ki, üzə çıxan ziyandan təxminən 1.5 milyon manat ötən iki ilə yaxın müddətdə ödənilib:

"Bu gün də ödəmələr davam edir".

İfadə verməkdən imtina edib

Müslümovun özünün işi üzrə məhkəmə istintaqı yekunlaşır. Hakim deyir ki, işdəki 334 şahidin əksəriyyəti dindirilib.

Sabiq nazirin vəkilləri də qalan şahidlərin dindirilməsinə ehtiyac görmür, hesab edirlər ki, nəticəyə gəlmək üçün yetərlidir.

Müslümova məhkəmədə ifadə vermək təklif olunsa da, imtina edib. Deyib ki, istintaqda danışıb, o ifadəni təsdiqləyir.

Keçmiş nazir mənimsəmə və rüşvətalma ittihamlarını qəbul etsə də, israfetmə ilə razılaşmır.

Növbəti məhkəmə iclasında prokuror sabiq nazirə cəza istəyəcək.

Xatırlatma

1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib.

2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib.

2018-ci ildə nazir vəzifəsindən azad edilən Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, Səbail rayon Məhkəməsinin qərarıyla onun barəsində həbs qərarı çıxarılıb.

İl yarıma yaxın DTX-nın istintaq təcridxanasında saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

O, ev dustaqlığına buraxılarkən səhhətindəki problemlər əsas gətirilib. Lakin yayılan məlumatlara görə, yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini (təxminən 20 milyon manat) ödəməsi onun həbsdən çıxmasında rol oynayıb.

Səlim Müslümov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Müslümov nazir olduğu dövrdə bu qurumun Aparat rəhbəri vəzifəsində çalışmış, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyev (Əjdər Ol) da onunla birlikdə həbs olunmuşdu. Lakin Əjdər Olun haqqındakı cinayət işi sonradan ayrılaraq, məhkəməyə göndərildi. O, 8 il 3 ay azadlıqdan məhrum edilib.

Əjdər Cəbiyev özünü qismən təqsirli bilirdi. O, bir sıra hallarda qanunsuzluqlara yol verildiyini etiraf etsə də, deyir ki, əldə olunan vəsait büdcədə nəzərdə tutulmayan xərclərə yönəldilib.

XS
SM
MD
LG