Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:46

Keçmiş Milli Qəhrəmanı niyə öldürmək istəyiblər: 'Məndə olan məlumata görə...'


Rasim Əkbərov
Rasim Əkbərov

Keçmiş Milli Qəhrəman və batalyon komandiri Rasim Əkbərova qarşı sui-qəsd ittihamı üzrə bir ildir davam edən məhkəmə araşdırmaları yekunlaşıb. Əkbərovu öldürməyə cəhddə ittiham olunan 29-yaşlı Xaliq Məmmədova 14 il həbs cəzası kəsilib. Bu barədə dekabrın 29-da Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb.

Hadisə Goranboy şəhərində çayxanada baş verib. Ekspertiza Əkbərova səkkiz bıçaq zərbəsi vurulması haqda rəy verib. Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən Məmmədov həbsdə olan bir tanışının buraxılmasına kömək üçün Əkbərova üz tutub. Bir neçə gün sonra çayxanaya yenidən onun yanına gedib. Həmin vaxt telefonla danışan Əkbərov şəxsi söhbəti olduğunu deyərək ondan aralı dayanmasını tələb edib. Onun danışıq tərzinin Məmmədova xoş gəlmədiyi və cibindəki bıçaqla keçmiş Milli Qəhrəmanı vurduğu bildirilir.

Amma Əkbərovun fiziki baxımdan ondan daha güclü olması, stolun üstündə olan qaynar çayniki üstünə atması, yaralı vəziyyətdə olmasına baxmayaraq, bıçağı əlindən almasından sonra Məmmədov hadisə yerindən qaçıb.

İttihamı qəbul etmir

Təqsirləndirilən Məmmədov sui-qəsd ittihamını qəbul etmir. Deyir ki, o, Əkbərovu öldürmək niyyətində olmayıb. Onun sözlərinə görə, heç aralarında kiminsə həbsdən buraxılması söhbəti də olmayıb.

O, məhkəmədə ifadəsində bildirib ki, atası Füzuli Məmmədov 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərində Əkbərovun komandir olduğu batalyonda xidmət edib. Günlərin birində Goranboyda ona yaxınlaşıb Füzuli Məmmədovun oğlu olduğunu, psixi xəstəlikdən əziyyət çəkdiyini, yardıma ehtiyacı olduğunu deyib: "O da söz verdi ki, "axşamtərəfi gələrsən, kömək eləyərəm". Axşamtərəfi evlərinə getdim, yox idi. Hadisə günü çayxana tərəfdən keçəndə gördüm ki, tək oturub. Yaxınlaşdım, telefonla danışırdı. Dedim, "işim vardı sizinlə". Dedi ki, "aralan, söhbətim var". Dedim, "özünüz mənə söz vermişdiniz". Qışqırdı ki, "rədd ol". Hətta daha nalayiq ifadələr işlətdi".

Məmmədov iddia edir ki, cibindəki bıçaqla öncə iki bıçaq zərbəsi vurub, sonrakı zərbələr isə yadında deyil.

Əkbərovun ifadəsi

Əkbərov məhkəməyə gəlməyib. O, istintaqda ifadə verib. İstintaqdakı ifadəsində isə bildirib ki, təqsirləndirilən Məmmədov öncə ona hadisədən üç-dörd gün əvvəl evinin qarşısında, sürücüsünün yanında yaxınlaşıb. Bir nəfərin həbsdən buraxılmasına köməklik göstərməsini istəyib. Amma o şəxs haqqında heç bir informasiya verməyib. Bir də hadisə günü çayxanada ona yaxınlaşıb.

O hesab edir ki, hadisə zamanı cəld tərpənib, masanın üstündəki qaynar çayniki atmasa, əli ilə ürək nahiyəsini tutmasaydı, qətlə yetirilə bilərdi.

"Məndə olan məlumata görə, Goranboyda nüfuzuma, rayon sakinlərinin mənə hörmətinə görə məni öldürmək niyyəti olub. Mənim heç kiminlə ədavət və düşmənçiliyim yoxdur. Keçmiş döyüşçü kimi rayon sakinləri mənə hörmətlə yanaşır", – Əkbərov ifadəsində belə deyib.

Rasim Əkbərov Qarabağ döyüşlərindəki xidmətlərinə görə 23 iyun 1992-ci ildə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülsə də, sonradan dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. O, 15 il azadlıqdan məhrum edilib. Həmçinin "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı, "Azərbaycan Bayrağı" ordeni də alınıb. 2008-ci ildə əfv sərəncamı ilə həbsdən buraxılıb.

XS
SM
MD
LG