Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:38

Aİ sanksiyalardan yayınmaqda Rusiyaya kömək edən ölkələri axtarır


Avropa İttifaqı Rusiya ilə qonşu ölkələrə təkrar ixracın artımını araşdırmağı planlaşdırır.

Financial Times qəzeti yazır ki, təchizatçıların bu yolla sanksiyalardan yayınmaya çalışa biləcəkləri düşünülür.

Məqalədə deyilir ki, Avropa İttifaqından Rusiya ilə qonşu ölkələrə ixracın nəzərəçarpacaq dərəcədə artması suallar doğurur.

Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi Deyvid О'Sallivan qəzetə deyib ki, bu ölkələrdən sanksiyalanmış malların Moskvaya ötürülməsinin mümkünlüyü öyrənilir:

"Biz Avropa Ittifaqından Rusiyaya ticarət axınlarının miqyaslı azaldığını, eyni zamanda xüsusilə də Rusiyanın bilavasitə yaxınlığında yerləşən üçüncü ölkələrlə ticarətin qeyri-adi canlanmasını görürük”.

О'Sallivan deyib ki, o “təqsirsizlik prezumpsiyası” prinsipi ilə hələ ki Avropa mallarını Rusiyaya təkrar ixrac edən ölkələrin adlarını çəkmir.

Türkiyənin də adı çəkilir

FT qeyd edir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) təhlilinə görə Ermənistan, Qırğızıstan, habelə Türkiyəyə Qərb mallarının ixracı ilə yanaşı Rusiyanın bu ölkələrdən idxalı artıb.

Jurnalistlər qeyd edirlər ki, 2017-2019-cu illərlə müqayisədə Aİ, ABŞ və Britaniyadan Rusiyaya malların ixracı 50 faiz azalıb. Amma həmin ölkələrdən Rusiyaya ixrac da elə bu qədər artıb.

FT yazır ki, bu artıma bir səbəb də Qərb şirkətlərinin hətta sanksiyaya düşməyən malları da Rusiyaya ixrac etməkdən çəkinməsi ola bilər.

AYİB-in baş iqtisadçısı Beata Yavorçik FT-yə deyib ki, son vaxtlar Aİ-dən potensial baxımdan sanksiyaya düşə biləcək malların ixracının artması nəzərə çarpır.

FT yazır ki, Aİ sanksiyalarından yan keçmənin qarşısının alınması üçün Avropa Komissiyası fevralın 22-dən internetə interaktiv platforma buraxıb.

Bu platformanın vasitəsilə Rusiya və Belarusa qoyulmuş sanksiyaların pozulması halları barədə anonim şəkildə xəbər vermək mümkündür.

Bundan əvvəl Rusiyaya keçmiş sovet respublikalarından ixracın artmasına Euromonitor International şirkətinin ekspertləri diqqət yetirmişdilər.

Belarus, Ermənistan, Qazaxıstan, Gürcüstan, Özbəkistan və Qırğızıstan...

Euromonitor International şirkətinin də istinad etdiyi Avropa Statistika İdarəsi – Avrostatın məlumatına görə sanksiyaların elan edilməsindən sonra – 2022-ci ilin mart-noyabr ayları arasında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə Avropadan Rusiyaya ixrac 47 faiz azalaraq 36.3 milyard avro təşkil edib.

Amma elə bu müddət ərzində Avropadan Belarus, Ermənistan, Qazaxıstan, Gürcüstan, Özbəkistan və Qırğızıstan kimi ölkələrə ixrac 48 faiz artaraq 20.3 milyard avro olub.

AzadlıqRadiosu bundan əvvəl də Rusiyanın Qərbin sanksiyalarından yan keçməkdə qaçaqmalçılıqdan və keçmiş sovet respublikalarından istifadə etməsi barədə yazmışdı.

Euromonitor vurğulayır ki, Avropa ölkələrindən keçmiş sovet respublikalarına məhz Rusiyaya ixracı qadağan olunan malların satışı artaraq 95 faiz təşkil edib.

Halbuki bu malların Rusiyaya ixracı 71 faiz düşüb. Məsələn 2021-ci ildə bu tip malların Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstana ixracının dəyəri cəmi 500 milyon avro idi. Amma 2022-ci ildə bu rəqəm üç dəfə artaraq 1.5 milyard avroya çatıb.

Bundan əvvəl Avropa İttifaqının Şurası Rusiyanın bank, maliyyə və enerji sektorlarına qarşı sanksiyaların 2023-cü ilin iyulunadək uzadılması barədə qərar qəbul edib.

Rusiyanın Ukraynaya qarşı əsassız və səbəbsiz təcavüzü başlanandan bəri Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 9 paketini qəbul edib.

Bu sanksiyalar 1300 fiziki və 120 hüquqi şəxsi hədəfləyir.

XS
SM
MD
LG