Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:30

Baxmut uğrunda ağır döyüşlər gedir, Şoyqu cəbhə xəttində olub


Ukrayna əsgəri Baxmutun müdafiəsində, 3 mart
Ukrayna əsgəri Baxmutun müdafiəsində, 3 mart

Ukraynanın şərqindəki Baxmut şəhəri uğrunda ağır döyüşlər gedir.

Reüters agentliyi Britaniya kəşfiyyatına istinadla xəbər verir ki, şəhəri müdafiə edən Ukrayna qüvvələri getdikcə Rusiyanın daha güclü təzyiqi ilə üzləşir.

Rusiya ordusu yeddi aydır ki, bu şəhəri ələ keçirməyə çalışır.

Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, Ukrayna ərazini elit bölmələrlə gücləndirir, nizami Rusiya ordusu və özəl hərbi Vaqner qrupunun qüvvələri isə Baxmutun şimal ətrafına doğru irəliləyişlər edirlər.

Britaniyanın Müdafiə Nazirliyi son 36 saat ərzində iki əsas körpünün dağıdıldığını və Ukraynanın nəzarətində olan şəhərdən çıxış yollarının getdikcə məhdudlaşdığını bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə şənbə günü axşam Facebook-da paylaşdığı bir yazıda rus qoşunlarının Baxmutu mühasirəyə almağa çalışdıqlarını, amma buna nail ola bilmədiklərini yazıb.

Qərargah bildirib ki, Ukrayna əsgərləri şəhərdə və onun ətrafında Rusiyanın çoxsaylı hücumlarını dəf ediblər.

Reüters yazır ki, Rusiyanın artileriya qüvvələri hələ martın 3-də Baxmutdan çıxan son marşrutları vurub. Özəl-muzdlu "Vaqner" qrupunun rəhbəri Yevgeni Priqojin isə yayımladığı videoda şəhərin "praktiki olaraq mühasirəyə alındığını" və Ukrayna qüvvələrinin yalnız bir çıxış yolu qaldığını bildirib.

Rusiya hesab edir ki, Baxmutun alınması, Moskvanın ən mühüm məqsədlərindən olan Donbas sənaye bölgəsinin ələ keçirilməsini yekunlaşdırmaq üçün vacib addım olacaq.

Yeri gəlmişkən Rusiyanın müdafiə naziri Sergey Şoyqu da həftə sonu Ukrayna ərazisindəki cəbhə xəttinə baş çəkib, ona mövcud vəziyyət və fəaliyyət planları barədə məlumat verilib.

Rusiya Müdafiə Nazirliyinin şənbə günü yaydığı bəyanatda və videolarda Şoyqunun Ukrayna ərazisindəki Rusiya qüvvələrinəbaş çəkdiyi, hərbi qulluqçuları medallarla təltif etdiyi və səfər zamanı yüksək rütbəli komandirlərlə görüşdüyü görünür.

Xatırlatma.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib.

Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

XS
SM
MD
LG