Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:24

AŞPA Laçın dəhlizinə dair qətnamə qəbul edib


Avropa Şurası Parlament Assambleyası
Avropa Şurası Parlament Assambleyası

Avropa Şurası Parlament Assambleyasında iyunun 22-də “Laçın dəhlizindən azad və təhlükəsiz keçidin təmin olunmasına” dair təcili debatların sonunda 2020-ci ilin 9 noyabrından sonra baş verən hadisələrdən dərin narahatlıq ifadə edilib.

Avropa Şurasının saytında dərc olunmuş məlumatda deyilir ki, hadisələr xüsusilə də 2022-ci ilin 12 dekabrında Laçın dəhlizi ilə keçid əngəlləndikdən sonra kulminasiya nöqtəsinə çatıb.

Bu da qeyd edilir ki, regiona qaz və elektrikin verilməsinin “bilərəkdən” dayandırılması halları baş verib:

“Azərbaycanın öz ərazisində və sərhədləri daxilində təhlükəsizliyin təminatı ilə bağlı narahatlığını tam başa düşərək “Assambleya belə bir faktdan sarsılıb ki, Azərbaycan rəhbərliyi hazırkı vəziyyətin yaratdığı çox ciddi humanitar və insan haqları nəticələrini qəbul etmir”.

Bakı-Xankəndi dialoqu

Məlumatda qeyd olunduğuna görə, irlandiyalı həmməruzəçi Pol Qavanın hesabatı əsasında hazırlanmış qətnamədə vurğulanır ki, Azərbaycan “beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində yaşayan hər bir kəsin mühafizəsi və təhlükəsizliyi üçün məsuliyyət daşıyır”.

Assambleya qeyd edir ki, Laçın dəhlizi ilə azad və təhlükəsiz hərəkətin olmaması “daha böyük məsələnin bir hissəsidir”.

Qətnamədə Azərbaycana Bakı və Xankəndi arasında dialoq vasitəsilə Dağlıq Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələlərinə təcili diqqət verilməsi üçün çağırış edilir.

Bu da qeyd olunur ki, istənilən sülh prosesinin tətbiqi mexanizmi neytral beynəlxalq iştirak tələb edir.

Qətnamədə Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın adamların Laçın dəhlizi ilə hər iki tərəfə əngəlsiz hərəkətinin təmin etməli olduğuna dair qərarı xatırladılır və qərarın təcili icrasına çağırış edilir.

“Düşmən ritorika”

Qətnamədə vurğulanır ki, Ermənistan da de-eskalasiya prosesində iştirak etməli və Dağlıq Qarabağa qanunsuz silah gətirilməsinə dair Azərbaycanın iddialarının yoxlanması üçün müəyyən beynəlxalq monitorinqə açıq olmalıdır.

AŞPA qətnaməsində Azərbaycan rəhbərliyinin ermənilərə qarşı “düşmən və hədələyici ritorikasından” dərin narahatlıq ifadə olunur. Lakin bu da qeyd olunur ki, Ermənistanda da fərdi səviyyədə nifrət yaradan bəyanatların verildiyi məlumdur. Qətnamə Ermənistan rəhbərliyini belə halların pislənməsinə və müvafiq cəza tədbirləri görülməsinə çağırır.

AŞPA Azərbaycanı fakttoplama missiyası və vəziyyətin yerində öyrənilməsi məqsədilə Avropa Şurası nümayəndə heyətini Laçın dəhlizinə və Dağlıq Qarabağa dəvət etməyə çağırır.

Qətnamədə Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması alqışlanır.

Xankəndidə çörək və şəkər problemi yarandı: Qarabağdakı ermənilər öz liderlərini ittiham edirlər
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Azərbaycanın mövqeyi

Azərbaycan tərəfi Laçın dəhlizi ilə hərəkətin əngəllənməsinə dair iddiaların əsassız olduğunu bildirir.

Bakı bildirir ki, vətəndaşların, ərzaq və başqa humanitar malların dəhlizdən keçməsinə heç bir maneə yaradılmayıb.

Azərbaycan tərəfi bunu da bildirir ki, Laçın dəhlizində, iki ölkənin sərhədində yoxlama-buraxılış postunun yaradılması onun beynəlxalq hüququdur.

Azərbaycan bundan əvvəl dəfələrlə Qarabağa qanunsuz silahların gətirildiyini bildirib və Qarabağdakı qanunsuz silahlı birləşmələrin oradan çıxarılmasını tələb edib.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında illərdir sülh danışıqları getsə də, hələlik, müsbət nəticə əldə edilməyib.

XS
SM
MD
LG