Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 16:00

Rusiya Priqojinin qiyam qaldırdığını bildirir


Kollaj (soldan sağa): Sergey Şoyqu, Vladimir Putin və Yevgeni Priqojin
Kollaj (soldan sağa): Sergey Şoyqu, Vladimir Putin və Yevgeni Priqojin

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Vaqner özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə “silahlı qiyamın təşkili” ittihamı ilə cinayət işi açıb.

Bu barədə iyunun 24-ə keçən gecə Rusiya Baş Prokurorluğu məlumat verib.

Baş Prokurorluq xüsusilə qeyd edir ki, cinayət işi “qanuni və əsaslı” şəkildə açılıb.

Sözü gedən ittiham təsdiq olunarsa, 20 illik həbsxana cəzası nəzərdə tutur.

Bundan əvvəl, iyunun 23-də verilən xəbərlərdə deyilirdi ki, Rusiyada Vaqner özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Rusiya İstintaq Komitəsinə müdafiə naziri Sergey Şoyqudan və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimovdan rəsmi şikayət edib.

Bu barədə məlumatı bir vaxtlar “Putinin aşpazı” ayamasını qazanmış biznesmenin mətbuat xidməti yayıb.

"Rus xalqının soyqırımı"

Priqojin ərizəsində Şoyqu və Gerasimovu “rus xalqının soyqırımında” ittiham edib.

“Glas naroda” saytına İK-yə ərizəsi barədə məlumat verən Priqojin bildirib ki, “Şoyqu və Gerasimov rus xalqının soyqırımına, on minlərlə Rusiya vətəndaşının qətli və Rusiya ərazisinin düşmənə verilməsinə görə birlikdə məsuliyyət daşımalıdırlar”.

Priqojin bunu da əlavə edib ki, bu iki nəfər soyqırımı da, torpaqların düşmənə verilməsini də şüurlu şəkildə ediblər.

Vaqner rəhbəri Şoyqunun milliyyətcə tuvalı olmasını yada salıb.

Bundan əvvəl Priqojin 30 dəqiqəlik video yazmışdı. O bu videoda Rusiyanın siyasi-hərbi rəhbərliyini Ukrayna müharibəsindəki uğursuzluqda, Rusiya prezidenti Vladimir Putinin adminsitrasiyasını isə korrupsiyada ittiham etmişdi.

O habelə Müdafiə Nazirliyini Ukraynada müharibənin əsl səbəbləri barədə yanlış məlumat vermək cəhdində günahlandırmışdı:

“Müdafiə Nazirliyi belə bir əhvalat danışmağa cəhd göstərir ki, guya Ukrayna tərəfindən ağlasığmaz təcavüz olub və onlar NATO bloku ilə birlikdə bizə hücum etmək istəyiblər. Buna görə də fevralın 24-də bədnam xüsusi hərbi əməliyyata tamamilə başqa səbəblərlə başlanıb”.

Bu hələ “birinci hissədir”

Priqojin özünün teleqram kanalında dərc etdiyi yarım saatlıq videonun “hələ birinci hissə” olduğunu deyir.

Biznesmen Moskvanın belə bir iddiasını rədd edib ki, guya Kiyev 8 il ərzində Donbası bombardman edib.

Onun sözlərinə görə Müdafiə Nazirliyi Putini və ictimaiyyəti aldadıb. O iddia edib ki, bu müharibə Şoyqunun marşal rütbəsi alması üçün lazım idi.

Biznesmen bildirib ki, “müharibə oliqarxlara, bugün faktiki olaraq Rusiyanı idarə edən klana lazım idi”:

"Bu oliqarx klanı mümkün olan hər şeyi ələ keçirir. Əgər bu klanın xaricdəki biznesləri bağlanırsa, dövlət əlüstü daxili biznesləri bölüşdürüb onlara ötürür. Elə buna görə də biznesmenləri damlayır, bankları bağlayırlar ki, klan öz pullarının həcmini itirməsin”.

Priqojin bunu da bəyan edib ki, 2014-cü ildən 2022-ci ilədək Rusiyanın işğal etdiyi Donbas prezident administrasiyası, FTX, habelə oliqarxlar tərəfindən “talanıb”.

Priqojin bu adamların sırasında prezidentin keçmiş köməkçisi Vladislav Surkovun və prezident administrasiyası rəhbərinin müavini Dmitri Kozakın adlarını çəkib.

25 min döyüşçü

Bunun ardınca Priqojin iyunun 23-də axşam yaydığı səs yazısında Rusiya Müdafiə Nazirliyini Vaqner şirkəti birləşmələrinin arxa cəbhədəki düşərgələrini raket atəşinə tutmaqda ittiham edib.

Biznesmenin dediyinə görə Vaqner qrupu döyüşçülərinin arasında çox sayda qurbanlar var. Priqojin raket zərbələrinin hara endirildiyini bildirməyib.

Audioda Priqojinin səsinə bənzəyən səs bəyan edir ki, onun şirkəti “ölkə hərbi rəhbərliyinin simasında şəri” dayandırmaq niyyətindədir.

Priqojin onun qoşunlarına “heç bir müqavimət göstərməməyə” çağırır və bildirir ki, onun qüvvələri onun yolunda duran istənilən blokpostları, qüvvələri və hətta aviasiyanı məhv edəcək.

Biznesmen bildirir ki, onun döyüşçüləri Ukrayna cəbhəsinə yalnız “ədaləti bərpa etdikdən” sonra qayıdacaqlar.

Priqojin bildirib ki, onun ixtiyarında 25 min döyüşçü var və nizami ordunun əsgərləri də daxil, arzu edən bütün rusiyalılar onun qüvvələrinə qoşula bilərlər.

Priqojin bunu da iddia edib ki, müdafiə naziri Şoyqu iyunun 23-də Rostovda olub və onun qorxusundan oradan qaçıb.

Müdafiə Nazirliyi təkzib edir

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, sosial şəbəkələrdə Priqojinin adından yayılan məlumatlar və videolar, habelə onun qüvvələrinə Rusiya ordusunun raket zərbələri endirdiyiinə dair xəbərlər həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır.

Priqojin Rusiya rəhbərliyini Ukrayna müharibəsindəki uğursuzluqlara görə dəfələrlə tənqid edib.

O media texnoloqu Konstantin Dolqova müsahibəsində demişdi ki, Rusiya hakimiyyəti Ukraynada demilitarizasiya məqsədinə çata bilməyib və bu əməliyyat əks-nəticə verib.

Onun sözlərinə görə bütün bunların nəticəsində Ukrayna silahlı qüvvələri bugün dünyanın ən güclü ordularından birinə çevrilib.

XS
SM
MD
LG