Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 20:36

Qarabağda 'antiterror' əməliyyatı başladı. TikTok bloklandı


Yerevan və Bakıdan ekspertlər Qarabağdakı son gərginliyi şərh edir
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Yerevan və Bakıdan ekspertlər Qarabağdakı son gərginliyi şərh edirlər

Azərbaycan Müdafiə Nazirliyi Qarabağda "lokal xarakterli" antiterror əməliyyatlarına başladığını açıqlayıb.

Vaşinqton yaxın 24 saatda Bakı və Yerevanla danışıqlar aparacaq – "Reuters"

Azərbaycan Qarabağda antiterror əməliyyatına başladığını elan etdikdən sonra Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanla diplomatik danışıqlara başlayıb. Bu xəbəri ABŞ rəsmilərinə istinadla "Reuters" agentliyi yayıb.

Xəbərdə deyilir ki, ABŞ Dövlət katibi Entoni Blinkenin yaxın 24 saat ərzində Bakı və Yerevanla danışıqlar aparacağı gözlənilir.

"Interfax" Ermənistan hökumətinə istinadla yazır ki, Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı zamanı vəziyyətin de-eskalasiyasının zəruriliyini vurğulayıblar.

Azərbaycan ordusu Qarabağdakı təmas xəttini yarıb – "Reuters"

Azərbaycan silahlı qüvvələri Qarabağdakı erməni qüvvələri ilə təmas xəttini bir neçə yerdən yarıb.

"Reuters" agentliyi bu xəbəri Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyevə istinadla yayıb. O deyib ki, Azərbaycan Qarabağdakı bütün strateji məqsədlərinə çatmaq niyyətindədir.

Prezident Administrasiyası Yevlaxda görüşə hazır olduğunu bildirir

Azərbaycan Prezidentinin Administrasiyası Qarabağda danışıqlara başlamaqla bağlı mövqeyini açıqlayıb: "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır".

Qurum, əks təqdirdə, "antiterror tədbirləri"nin sona qədər davam etdiriləcəyini vurğulayıb.

Paşinyan: Azərbaycanın məqsədi Ermənistanı hərbi əməliyyata çəkməkdir

"Azərbaycanın məqsədi Ermənistanı hərbi əməliyyata çəkməkdir". Bunu sentyabrın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan deyib: "Ermənistan Respublikasının sərhədi boyunca hazırda vəziyyət nisbətən sakitdir, amma bir daha vurğulayıram ki, bu əməliyyatın məqsədi Ermənistan Respublikasını hərbi hərəkətlərə çəkməkdir".

Paşinyan bir daha iddia edib ki, Ermənistanın Qarabağda ordusu yoxdur: "Azərbaycanın bu hərəkətlərin başlanması ilə bağlı Rusiya Federasiyasını rəsmi məlumatlandırmasına dair məlumatı qəribədir və anlaşılmazlıq yaradır. Əlbəttə, bu, Azərbaycanın versiyasıdır, amma fakt budur ki, biz rusiyalı partnyorlarımızdan bu əməliyyat barədə heç bir məlumat almamışıq".

Parisdən...

Fransa Xarici İşlər Nazirliyi Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edir. Fransa Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Azərbaycan XİN-dən Parisə cavab

Azərbaycan Xarici İşlər Nazirliyi isə öz növbəsində Fransa XİN-in açıqlamasını pisləyib.

Azərbaycan XİN vurğulayıb ki, “Fransanın 1997-2020-ci illərdə ATƏT-in Minsk qrupunda həmsədrliyi dövründə münaqişənin beynəlxalq hüquq əsasında ədalətli həllini tapmasından daha çox işğal nəticələrinin və bölgədəki status-kvonun saxlanmasına töhfə verdiyi yaxşı yadımızdadır.”

Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarına uzun müddət ATƏT-in Minsk qrupu həmsədrlik edib.

Fransadan başqa ABŞ və Rusiya qurumda həmsədr olublar.

Mühəndisin Şuşada qəlpə yarasından öldüyü deyilir

Sentyabrın 19-da Şuşa şəhərinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisinin qəlpə yarası xəsarətindən öldüyü bildirilir.

Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Paşinyan: "Rusiya sülhməramlıları hərəkətə keçməlidir"

Ermənistan Baş naziri Nikol Paşinyan hesab edir ki, Rusiya sülhməramlıları tədbirlər görməlidir.

"Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, biz hesab edirik ki, birincisi, Rusiya sülhməramlı qüvvələri hərəkətə keçməlidir, ikincisi, BMT Təhlükəsizlik Şurasının da tədbir görəcəyini gözləyirik", - Paşinyan Facebook-da Qarabağda vəziyyətlə bağlı canlı yayımda deyib.

"Əlbəttə, təəssüflər olsun ki, artıq bu prosesi Ermənistanın bu və ya digər qərarı ilə əlaqələndirmək cəhdləri ilə bağlı şərhlər verilir. Ermənistan heç kimə Dağlıq Qarabağda etnik təmizləmə aparmaq üçün mandat verməyib. Bizim daimi vəzifəmiz Dağlıq Qarabağ ermənilərinin hüquqlarını, təhlükəsizliyini təmin etmək olub və olmaqda davam edir", - o əlavə edib.

Fəallar DTX-ya çağırıldıqlarını deyirlər

Fəallar Cavid Əhmədov Əmrah Təhməzov Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırıldıqlarını bildiriblər. Onların sözlərinə görə, onlar müharibə əleyhinə yazdıqları ilə bağlı DTX-yə çağırıblar.

Deyilənlərlə bağlı DTX-dən münasibət öyrənmək mümkün olmayıb.

TikTok-un fəaliyyəti Azərbaycanda dayandırılıb

Bu gün, sentyabrın 19-dan Azərbaycan ərazisində TikTok sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edildiyi bildirilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat verib.

Xidmət vətəndaşlara da müraciət edib. Müraciətdə bildirilir ki, sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan qanunvericiliyinin tələblərinə riayət etmək lazımdır.

Amma qərarın səbəbi izah edilməyib.

+++

  • Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel: "Bakı ilə Qarabağ erməniləri arasında həqiqi dialoqun təmin edilməsi üçün Azərbaycanın hərbi əməliyyatları dərhal dayandırılmalıdır".

+++

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilir.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, "Azərbaycanın Dağlıq Qarabağa qarşı başlatdığı irimiqyaslı hərbi əməliyyatlar müzakirə olunur".

+++

Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, Dağlıq Qarabağda onların Silahlı Qüvvələrinin texnikası və şəxsi heyəti yoxdur: "Ermənistan Müdafiə Nazirliyi dəfələrlə bildirib və bir daha bəyan edir ki, Ermənistan Respublikasının Dağlıq Qarabağda ordusu yoxdur".

+++

  • "Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb". /Azərbaycan Müdafiə Nazirliyi/

+++

  • "Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır". /Azərbaycan Xarici İşlər Nazirliyi/

Azərbaycan Qarabağda 'antiterror' əməliyyatı keçirdiyini bildirir

"Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb". Azərbaycan Müdafiə Nazirliyinin bununla bağlı məlumatına görə, tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, eləcə də döyüş vasitələri, hərbi təyinatlı obyektləri sıradan çıxarılır.

Əməliyyatlar barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyinin məlumatlandırıldığı bildirilir.

+++

Sentyabrın 19-da Daxili İşlər Nazirliyinin (DİN) dörd əməkdaşının Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olduğu açıqlanıb.

"Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının olduğu "Kamaz" markalı avtomobil həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunda AAYDA əməkdaşlarının ölümü ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yerə gedərkən... erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşüb, DİN-in dörd əməkdaşı hadisə yerində həlak olub", - rəsmi məlumatda bildirilir.

+++

Sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində yük avtomobilinin tank əleyhinə minaya düşməsi nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki əməkdaşının həlak olduğu bildirilir.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumatda minanın sülhməramlıların yerləşdiyi ərazidə fəaliyyət göstərən erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırıldığı iddia olunur.

Məsələyə, hələlik, Rusiya Sülhməramlı Kontingentinin rəhbərliyinin və Qarabağda tanınmayan qurumun təmsilçilərinin münasibəti bəlli deyil.

Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 50-dan çox vətəndaşı minaya düşərək həlak olub, 200-dən çox şəxs isə müxtəlif xəsarət alıblar. Onlar habelə əvvəl qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma sonra Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzi işğaldan azad edilən bir sıra minalanmış ərazilərin xəritələrinin alındığı bildirildi. Hərçənd sonra da Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri dedi ki, onlar əllərində olan xəritələri Azərbaycana veriblər.

Xatırlatma

  • 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə (Xocavənd rayonu daxil) və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
  • Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
XS
SM
MD
LG