Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:35

Nobel mükafatlı Nərgiz Məhəmmədi həbsxanada aclıq aksiyasına başlayıb


Nərgiz Məhəmmədinin əri Tağı Rəhmani
Nərgiz Məhəmmədinin əri Tağı Rəhmani

2023-cü il üçün Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi saxlandığı Evin həbsxanasında aclıq elan edib.

Bu barədə məlumatı onun ailəsi və azadlığı uğrunda ictimai mübarizə kampaniyasının nümayəndələri veriblər.

Xəbər verilir ki, Məhəmmədi təkcə həbsxanada saxlanma şəraitinə etiraz etməklə kifayətlənmir, həm də İran hakimiyyətinə qadınlar üçün məcburi hicab qaydası ilə bağlı tələblər irəli sürür.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, İran hakimiyyəti Məhəmmədinin xəstəxanaya köçürülməsinə icazə vermir.

Məhəmmədinin əri Tağı Rəhmaninin sözlərinə görə Evin həbsxanasının müdiriyyəti bu barədə həbsxana həkiminin tövsiyəsinə məhəl qoymur.

Kritik sağlıq durumu

Məhəmmədini müayinə edən həkim onun “ağ ciyərində kritik təzyiq və arteriyalarında ciddi problemlər” aşkar edib.

Həkim məhbusun tez bir zamanda mülki xəstəxanaya köçürülməsini istəyir.

İran hakimiyyət orqanları Məhəmmədinin aclığa başlamasına dair xəbəri hələ ki rəsmən təsdiq etməyiblər.

Nərgiz Məhəmmədi Nobel Sülh mükafatına “İran qadınlarına zülm edilməsinə etiraz etdiyinə və hamı üçün insan haqları tələb etdiyinə görə” layiq görülüb.

O uzun illərdir ki, qadınlar üçün məcburi hicab qaydasının, habelə başqa məhdudiyyətlərin ləğv olunması uğrunda mübarizə aparır.

Hicaba həbsxanada da etiraz edir

Məhəmmədi qadın hüquqlarını müdafiə etdiyinə görə 13 dəfə həbs, 5 dəfə məhkum edilib və ona üst-üstə 31 il iş və 154 şallaq cəzası kəsilib.

Onun 30 oktyabr tarixli Instagram postunda deyilirdi:

"Prokuror onun hicab qaydasına əməl edənədək müalicə müəssisəsinə köçürülməsini qəti qadağan edib”.

Məhəmmədi hicab qaydasının pozulması ilə bağlı faciəli sonluq yaşamış Məhsa ƏminiArmita Gəravəndin ölümlərinə görə ölkənin dini rəhbərliyini ittiham edir.

Məhəmmədi hazırda Tehranın Evin xəstəxanasında müxtəlif hökmlərlə 12 illik cəza çəkir.

Ona dövlətə qarşı təbliğat ittihamı da daxil müxtəlif ittihamlar irəli sürülüb. Məhbus qadın 8 ildir ki, ailə üzvləri ilə görüşə bilmir.

Son 20 ayda ona ailə üzvləri ilə yalnız telefonla danışmaq icazəsi verilib.

Xəbərlərdə deyilir ki, Məhəmmədinin məhbus yoldaşları onun müalicəsinə imkan verilməsi tələbi ilə həbsxana divarları arasında etiraz aksiyası keçiriblər.

Bundan əvvəl oktyabrın 14-də həbsxana rəhbərliyi Məhəmmədiyə tibbi xidmət göstərilməsinə imkan verməmişdi. Buna səbəb Məhəmmədinin icbari hicab qaydasına əməl etməkdən imtina etməsi idi.

XS
SM
MD
LG