Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:46

Türkiyə 12 əsgərinin ölümünə cavab olaraq İraq və Suriyanın şimalına zərbələr endirib


Türkiyə hərbçiləri İraq sərhədi yaxınlığında (Arxiv fotosu)
Türkiyə hərbçiləri İraq sərhədi yaxınlığında (Arxiv fotosu)

Türkiyə dekabrın 25-də bildirib ki, 12 əsgərin öldürülməsinə cavab olaraq onun hərbi hava qüvvələri İraq və Suriyanın şimalında 26 kürd silahlını “neytrallaşdırıb”.

Reuters agentliyi bunu da xəbər verir ki, Türkiyədə ötən həftəsonu kürdyönlü müxalifət fəalları saxlanıb.

Dekabrın 23-də Türkiyə Müdafiə Nazirliyi bildirmişdi ki, Kürdüstan İşçi Partiyası (PKK) silahlıları ilə döyüşdə 12 Türkiyə əsgəri həlak olub.

Nazirlik dekabrın 25-də bildirib ki, buna cavab olaraq hava zərbələri ilə 26 PKK döyüşçüsü “neytrallaşdırılıb”.

Ankara bu termindən adətən yaraqlıların öldürülməsi barədə xəbərlərdə istifadə edir.

56 PKK silahlısının öldürüldüyü deyilir

Müdafiə naziri Yaşar Güler dekabrın 24-də bildirmişdi ki, İraqın şimalındakı ərazilərdə aparılan əməliyyat zamanı 30 PKK silahlısı öldürülüb.

Beləliklə Türkiyənin rəsmi məlumatlarına görə ötən həftəsonu sərhəd üzərindən keçirilən əməliyyatlarda ümumilikdə 56 silahlı öldürülüb.

Türkiyədə, habelə ABŞ və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınan PKK Türkiyə dövlətinə qarşı 1984-cü ildən bəri silahlı mübarizə aparır.

Türkiyə silahlı qüvvələri buna cavab olaraq İraqın şimalındakı PKK bazalarına qarşı vaxtaşırı hücum əməliyyatları keçirir.

Reydlər və saxlanmalar

Reuters xəbər verir ki, dekabrın 25-də Türkiyənin Diyarbakır vilayətində polis əvvəllər HDP (Xalq Demokratik Partiyası) kimi tanınan kürdyönlü Xalq Bərabərliyi və Demokratik Partiyanın (DEM) keçirdiyi gənclər tədbirində 52 nəfəri saxlayıb.

Ədliyyə naziri Yılmaz Tunc X sosial media platformasında yazıb ki, şübhəlilərə qarşı “cinayət və canilərin tərənnüm edilməsi” ittihamı irəli sürülüb.

Buna cavab olaraq Türkiyədə üçüncü böyük partiya olan DEM saxlanmaları siyasi motivli adlandırıb və saxlananların dərhal azad olunmasını tələb edib.

Daxili işlər naziri Ali Yerlikaya daha sonra deyib ki, Türkiyə silahlı qüvvələrinə dair postlar yazan 57 sosial media hesabının araşdırılmasına başlanıb:

"Xalqımızın arasına ixtilaf toxumu səpmək istəyənlər, terroru tərənnüm edənlər, milli və mənəvi dəyərlərimizi təhqir edənlər qanun qarşısında məsuliyyət daşımaqda davam edəcəklər”.

Prezident Rəcəb Tayyib Ərdoğan və onun hökuməti kürdyönlü müxalifət partiyasını PKK ilə əlaqəli olmaqda ittiham edir.

Partiya bu ittihamları rədd edir.

XS
SM
MD
LG