Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:53

Nazarbayev siyasətəmi qayıdır  


Vladimir Putin (sağda) və Nursultan Nazarbayev, arxiv fotosu
Vladimir Putin (sağda) və Nursultan Nazarbayev, arxiv fotosu

Qazaxıstanın keçmiş lideri Nursultan Nazarbayev son aylar ictimaiyyət arasında daha sıx görünməyə başlayıb. 83 yaşlı siyasətçi siyasətə qayıtmağımı nəzərdən keçirir?

AzadlıqRadiosunun müxbiri Kris Riklton (Chris Rickleton) radionun qazax xidməti ilə birlikdə bu suala cavab axtarıb.

Nazarbayevin varisi Qasım-Jomart Tokayevə yaxın rəsmilər bu fikri qovmağa çalışırlar. Ancaq onların sözügedən ideyanı şərh etməyə ehtiyac duyması belə Nazarbayevin xəbərlərdə daha çox görünməsi sarıdan marağın, bəzən də təlaşın əlaməti sayıla bilər.

Yanvarın birinci həftəsi Qazaxıstanda Qanlı Yanvar iğtişaşlarının ikinci ildönümüdür. Məhz həmin hadisələr Nazarbayev erasının sonunu gətirdi.

Azı 238 nəfərin həlak olduğu iğtişaşlardan sonra ölkənin ilk prezidenti səhnədən çəkildi. Amma 2023-cü ilin son aylarında yenidən görünməyə başladı.

Nazarbayevin qatıldığı tədbirlər

Onun noyabrda kiçik qardaşı Bolat Nazarbayevin yasında görünməsi qaçılmaz sayıla bilərdi.

Az sonra isə Nazarbayevin avtobioqrafiyası çıxdı: “Həyatım: Boyunduruqdan azadlığa”. Birinci kitabı olmasa da, bu nəşr sensasiya yaradıb. O ilk dəfə olaraq rəsmi həyat yoldaşı Sara Nazarbayevadan savayı bir qadından oğulları olduğunu etiraf edib.

Elə həmin ay Nazarbayev özünün təşəbbüsü olan Astana Klubunun yeddinci iclasında çıxış edib. Çıxışçılar arasında İspaniyanın keçmiş baş naziri Xose Luis Rodriquez Zapatero və Əfqanıstanın keçmiş prezidenti Hamid Karzai də olub.

Dekabrın 19-da Nazarbayevin Moskvada Rusiya lideri Vladimir Putinlə görüşünü Kremlin sözçüsü Dmitri Peskovun “tam qapalı” adlandırması isə şərhlərə yol açıb. Dekabrın 27-də parlamentin aşağı palatasının sədri Yerlan Koşanov deyib:

“Bu gün ikili hakimiyyət mövcud deyil, ola da bilməz. Bu gün bütün qərarları xalqın böyük əksəriyyətinin seçdiyi dövlət başçısı Tokayev verir”, -- deyən Koşanov jurnalistlərə onu da söyləyib ki, əhalinin Nazarbayevin “bir vətəndaş” kimi fəaliyyətindən “narahatlığına səbəb yoxdur”.

Tokayev özü də 2019-cu ildə, prezident postuna keçəndən bir neçə ay sonra “ikili hakimiyyət”dən danışmışdı. Amma onda ona inanan olmamışdı.

Nazarbayev erası və sonra...

O zaman Nazarbayev Təhlükəsizlik Şurasının “əbədi” sədri idi. Sonradan bir sıra titulları kimi bu da əlindən alındı. Nazarbayevin qohumları və müttəfiqləri güclü, cazibədar vəzifələrini itirdilər. Keçmiş prezidentin böyük ailəsinin azı üç üzvü korrupsiya ittihamları ilə həbsə atıldı.

Kris Riklton yazır ki, Nazarbayev Tokayev barədə açıq şəkildə ancaq müsbət şeylər desə də, görünür, gizlində elə də xoşbəxt deyil, ailəsinin gələcəyindən narahatdır.

Nazarbayevin tənqidçilərinin bəziləri onun ölkənin müstəqillik illərindəki problemləri yoluna qoyması fikrilə razılaşırlar. Ancaq bundan sonra gələn repressiya dalğası, müxalifətçilərin qətli məsələsində fikirlər haçalanır. Bolat kimi qohumlarının ölkənin ən böyük şəhəri Almatı ətrafında qiymətli torpaq sahələri ələ keçirdiyi iddia olunur. Qanlı Yanvardan sonra Bolat Nazarbayevin biznesləri, torpaq sahələri dövlətə qaytarılıb, özü isə qanunsuz kriptovalyuta müəssisəsinin iştirakçısı isə ifşa edilib. Di gəl, məhkəmə qarşısına çıxarılmayıb.

Oğullarını legitimləşdirmək cəhdi

Asel Qurmanbayeva (Asel İsabayeva) ilə münasibətinə gəlincə, özündən 40 yaş kiçik bu qadınla dini kəbinini qanuni həyat yoldaşı Sara Nazarbayeva “kübarcasına qarşılayıbmış”, keçmiş prezident kitabında belə yazıb. Rəsmi nikahından üç qızı olan Nazarbayevin Qurmanbayevada iki oğlu var.

Keçmiş diplomat Talqat Kaliyev AzadlıqRadiosuna müsahibəsində deyib ki, Nazarbayevin kitabındakı etirafı iki oğlunu ictimai legitimləşdirmək niyyəti güdüb ki, “onlara rəsmən nəsə vermək mümkün olsun... Yoxsa onların taleyi çox çətin olar”.

1999-cu ildə “Miss Qazaxıstan” titulu qazanmış Qurmanbayevanın Nazarbayevlə münasibəti qızın 19 yaşı tamam olmamış başlayıb və ona Nazarbayevin üçüncü arvadı deyilir. Keçmiş stüardessa Gülnara Rakişevanın prezidentə iki qız övladı bəxş etdiyi haqda şayiələr var.

Nazarbayevin böyük oğlu, 18 yaşlı Tauman Nursultanın isə enerji naziri Almasadam Satkaliyevin qızıyla romantik münasibəti olduğu söylənilir. Enerji Nazirliyi cütlüyün evlənməsi haqda məlumatları “qeyri-dəqiq” adlandırıb, nazirin birinci prezidentlə hər hansı əlaqəsi olmadığını bildirib.

Putinlə görüş

Nazarbayevin mürəkkəb vəziyyətinə yalnız bir kişi -- Rusiyanın boşanmış prezidenti Vladimir Putin rəğbətlə yanaşa bilər, Riklton yazır.

Axı Putinin keçmiş olimpiya gimnastı Alina Kabayevadan azı iki uşağının olması haqda şayiələr dolaşır. Moskva Ukraynanı işğal etməyə başlayandan sonra Qərb Kabayevanı da sanksiya siyahısına salıb.

Amma iki siyasətçi dekabrın əvvəlində Moskvada bir araya gələndə, yəqin ki, ailədən deyil, başqa məsələlərdən danışıblar. Nazarbayev özünü “sadəcə təqaüdçü” elan edəndən bəri onlar birinci dəfə deyildi görüşürdülər.

2022-ci ilin iyununda, Tokayevin gerçəkləşdirdiyi konstitusiya referendumundan dərhal sonrakı görüşlə bağlı Rusiyanın “Nezavisimaya Gazeta” nəşri yazırdı ki, Nazarbayev “özü və kapitalına təminat” istəyir. Qəzet “müxtəlif dəyərləndirmələr”ə istinadla keçmiş prezidentin 200 milyard dollarlıq varidatının olduğunu iddia edirdi.

Konstitusiya dəyişiklikləri ilə Nazarbayevin bir sıra imtiyazları, o cümlədən Elbası titulu ləğv olundu, o, mümkün təqib qarşısında zəif duruma düşdü.

Qanlı Yanvar iğtişaşlarına Rusiyanın başçılıq etdiyi KTMT sülhməramlılarının müdaxiləsindən sonra Kremlə yaxın siyasətçilər şikayətlənirdilər ki, Tokayev bu missiyaya minnətdarlığını göstərə bilmədi. Çünki Astana Ukrayna müharibəsində neytral qalmağı seçdi.

Bu səbəbdən Nazarbayevin qəflədən üzə çıxması Qazaxıstan üçün sonucu bəlli olmayan ssenari kimi görünə bilər.

XS
SM
MD
LG