Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:55

Ən çox çirklənən şəhər...


Sumqayıtlılar deyir ki, «belə zəhərli zavodlar işləməsə yaxşıdır»
Sumqayıtlılar deyir ki, «belə zəhərli zavodlar işləməsə yaxşıdır»

Təqaüdçü Fikrət əmi deyir ki, sovetlər birliyi dağılandan sonra Sumqayıtın havası yaxşılaşmışdı. Amma son illər zavodların yenidən işə düşməsi ilə hava korlanır.


-Hər gün həmin «qazovka» havaya buraxılır. Burda böyük diametrdə boru hazırlanır. Kimyəvi tərkibdən ibarətdir. Hər gün onun «qazovka»sı şəhəri başına götürür. Ona görə Sumqayıtın havası ağırlaşır.


-Siz hiss edirsiniz?


-Əlbəttdə. Yatanda yorğanı başıma çəkirəm, yorğanın altında onun qoxusunu hiss edirəm. Məni yuxudan oyadır. Əsasən məndə baş ağrısı olur, ürək bulandırır və əsəblərə də təsir edir…»


Sumqayıt Blaksmith İnstitutunun açıqlamasına görə, dünyada ekoloji baxımdan ən çox çirklənən 10 məntəqədən biridir. Sumqayıt Ukraynanın Çernobıl, Rusiyanın Dzerjinsk və Norilsk şəhərləri ilə müqayisə olunur.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə Blaksmith İnstitutunun açıqlaması ilə razılaşmır. Nazirliyin şöbə rəisinin müavini Məhəmməd Məmmədov: «Sumqayıt 90-cı illərə qədər ki Sumqayıt deyil. Sənaye müəssisələri əvvəlki gücü ilə işləmir. 10-15 faiz gücündə işləyir. Tullantılar da azalır. Söhbət təkcə bərk tullantılardan getmir. Əvvəl işləyən müəssisələr atmosferi, su hövzəsini min dəfə artıq korlayırdı».


Nazirlikdən bildirirlər ki, ötən əsrin 90-cı illərinə kimi sənaye müəssisələrində 600 milyon kub metr çirkab su yaranırdısa, indisə onun həcmi 80-100 milyon kub metrdir. Atmosferə atılan zərərli maddələrin miqdarı 200-300 min ton idisə, indi bu rəqəm 50-60 min tondur. Çirkab suların həcmi 6 dəfəyə qədər aşağı düşüb, eyni şeyi havaya buraxılan zərərli maddələrin miqdarı barədə də demək olar.


Sumqayıtlılar nazirliklə bir məqamda həmfikirdirlər ki, əvvəllərlə müqayisədə havaya atılan qaz tullantıları azalıb. Amma bu o qədər də az deyil.


Şəhər sakinlərinin fikirləri:


«İstərdik zavodlar tam gücü ilə işləsin. Amma dövlət də təmizlik işləri aparmalıdır. Tullantılar müəyyən olunmuş ərazilərə atılmalıdır», «Axşamlar hiss olunur ki, havaya «qazovka» buraxılır. Belə zəhərli zavodlar işləməsə yaxşıdır», «Qazovka»ya biz vərdiş eləmişik. Ancaq qabaqkı kimi deyil. Əvvəl səhər duman basırdı aləmi, bayıra çıxa bilmirdik, havadan yanıq iyi gəlirdi…»


Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qrəibovun sözlərinə görə, Sumqayıtda radiasiya baxımından ciddi problemlər var.


Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə deyir ki, Sumqayıtda ekoloji baxımdan təhlükəli zavodlar yenə də fəaliyyətlərini davam etdirirlər.


«Zavodların 70 faizi işləyir. Təkcə Alüminium zavodunun əsas tullantıları ftor mənşəlidir. Ftor tullantıları uşaqlarda xərçəng əmələ gətirir…»


Ekoloji böhranı aradan qaldırmaq üçün hökumət bir sıra addımlar atır. Dünya Bankının yardımı sayəsində tullantıların 40 tonu təmizlənib və artıq onların basdırılması üçün poliqon da istifadəyə verilib. Amma Telman Zeynalovun sözlərinə görə, həmin tullantıların 160 tonu hələ də zərərsizləşdirilməyib. Elə təkcə bu tullantılar şəhərin ekologiyasına ciddi ziyan vurur.


1990-cı illərə kimi Sumqayıt sovetlər birliyində ən çirkli şəhər sayılırdı. Bu şəhər uşaq ölümünə görə də öndə gedirdi və burda ayrıca uşaq qəbiristanlığı da vardı. Eyni zamanda şəhərdə xərçəng xəstəlikləri, xüsusən də sümük xərçəngi geniş yayılmışdı.


XS
SM
MD
LG