Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:41

«Kitayski» işğal


«Çin vətəndaşlarını Azərbaycanda himayə edən vəzifəli şəxslər var»
«Çin vətəndaşlarını Azərbaycanda himayə edən vəzifəli şəxslər var»

«Gün səhər» qəzeti:


Qeyri-hökumət təşkilatlarının apardığı araşdırmalara görə, Azərbaycana gələn çinli immiqrantların sayı əvvəlki illərdə 1000 nəfər təşkil edirdisə, 2007-ci ildə 3000, 2008-ci ilin birinci rübündə artıq 6000 nəfərə çatıb. Cənubi Qafqazda ən çox çinliyə Azərbaycanda rast gəlmək olar. Miqrasiya hüququ ilə məşğul olan ekspertlərin açıqlamalarında qeyd edilir ki, Çin vətəndaşları Azərbaycana təsadüfən gəlmirlər. Onları burada himayə edən, daha doğrusu, rüşvət yolu ilə ölkəyə gəlməsinə şərait yaradan vəzifəli şəxslər var. Onların hamısının sənədlərinin qaydasında olması da məhz bununla bağlıdır. Üstəlik, həmin çinlilərin əksəriyyətini gənclər təşkil edir ki, onlardan dünyaya gələn uşaqlar da Azərbaycan vətəndaşlığı alırlar. Yaxın vaxtlarda isə Azərbaycanda çinlilərin sayı daha sürətlə arta bilər.


Bu yaxınlarda rəsmi «Jenmin Jibao» agentliyinə istinadən Azərbaycan mediasında yayılan xəbərdə qeyd edilirdi ki, Çin Azərbaycanda 50 min hektara yaxın əkin sahələrini icarəyə götürmək istəyir... Çin mətbuatının yazdığına görə, bu ölkənin Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda əkin sahələrini 25 il müddətinə icarəyə götürə bilər…


Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə Çindən rəsmi təklif almadıqlarını və bu məlumatla mətbuatdan tanış olduqlarını dedi. Eyni zamanda, KTN-in sözçüsü Çindən olan həmkarlarının təklifinə rəsmi Bakının müsbət yanaşdığını bildirdi:


«Azərbaycan qanunvericiliyi imkan verir ki, xaricilər, o cümlədən çinlilər gəlib Azərbaycanda icarəyə torpaq götürsünlər. Azərbaycan buna heç bir maneə yaratmır. Amma satın ala bilməzlər. Hesab edirəm ki, çinlilərin Azərbaycan torpaqlarını icarəyə götürməsi ölkəmizə gəlir gətirər, yerli əhalinin işlə təmin olunmasına şərait yaradar».


Bəzi mütəxəssislər çinlilərin Azərbaycan ərazilərini icarəyə götürmək iddiasını torpaqların mədəni şəkildə zəbti kimi izah edirlər. Çünki çinlilər sürətlə yayıldıqlarından, bir neçə ildən sonra onların həmin torpaqlarda fəaliyyət imkanı məhdudlaşacaq, bu halda Azərbaycanın başqa torpaqlarını da icarə adı altında zəbt etmək siyasəti həyata keçirilə bilər... Xaçmaz rayonunun Xraxoba və Üryanoba kəndlərinin taleyi buna əyani sübut ola bilər. Azərbaycan hökuməti 1984-cü ildə hər iki kəndi qışlaq kimi Dağıstana verib. 20 illik müqavilə müddəti başa çatandan sonra həmin torpaqları geri almaq istəsə də, Rusiya bu ərazilərə iddia edir. Bu baxımdan, getdikcə sayı artan çinlilərin bir neçə ildən sonra icarə müqaviləsini başa vurub Azərbaycanı tərk edəcəyini düşünmək sadəlövhlük olar


P.S. Bu günlərdə Astara rayonundan olan iki bacı həmin rayonda məskunlaşmış çin vətəndaşlarına ərə getdilər. Başlandı...



«Zerkalo» qəzeti:


«ABŞ Dövlət Departamentinin insan haqlarına dair hesabatına Azərbaycana təzyiq kimi baxılmamalıdır». Day.az saytının məlumatıma görə, bunu jurnalistlərlə söhbətində YAP-ın icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.


M. Qurbanlının fikrincə, ölkələr ABŞ Dövlət Departamentinin hesabatında qeyd edilənləri yerinə yetirməyə məcbur deyillər.


«Bir çox ölkələr buna bənzər hesabatlar yayırlar. Məsələn, Çinin insan haqlarına dair hesabatında bu haqların pozulmasına görə ABŞ birinci yeri tutur» – deyə deputat fikrini tamamlayıb.


Belə təəssürat yaranır ki, hakim elitada Azərbaycanın Avroatlantik məkana inteqrasiyası tərəfdarları gündən-günə mövqelərini Asiya inkişaf yolunu dəstəkləyənlərə verirlər. M. Qurbanlı əbəs yerə xatırlatmır ki, Asiyasayağı «demokratiya dayağı» kimi qəbul olunan Çin insan haqları pozuntularına görə ABŞ-ı birinci yerə qoyub.


Amma həmişə yadda saxlamaq lazımdır ki, özünü Avroatlantik məkanın bir hissəsi sayıb, Asiya qanunları ilə yaşamaq və hökmdarlıq etmək mümkün deyil. Belə şey olmur...



«Azadlıq» qəzeti:


ABŞ-dan növbəti hesabat gəldi. Qəzetlər bunu yeni hesabat kimi qələmə verib. YAP-ın söz deyənlərindən Mübariz Qurbanlı öz telekanallarına çıxıb, bu hesabatı «alt-üst» elədi. Bu çıxışı izləməyənlərin çox şey itirdiyini deməliyəm...


Mübariz müəllimi narahat edən hesabatda yer alan tənqidlərin köhnə olmasıdır. Qurbanlı cənablarının qənaətinə görə, bu sözlər 2000-ci ildə də, hələ lap ondan qabaqkı illərdə deyilənlərdir. Müəllim bundan belə nəticə çıxarır ki, hesabat müəllifləri özlərinə əziyyət verib gəlib vəziyyətlə yerindəcə tanış olmayıblar...YAP olanda nə olar, adam Allahını danmalıdır? Düz sözə gərək, şərik çıxasan. Mənə elə gəlir ki, bəzi müxalifətçilərin, lap elə iqtidardakıların da ümummilli məsələ dedikləri məhz budur. Belə məsələlərdə gərək bütün umu-küsünü kənara atasan. Kimin nə deməsindən asılı olmayaraq, Mübariz Qurbanlının düşüncələrini bölüşdüyümü təsdiq edirəm, imzamla...


Hesabat əvvəlkilərdən fərqlənmir. İnsan haqları sahəsində vəziyyətin daha da pisləşməsi fikrini isə hətta bölüşməmək də olar. Yəni vəziyyətin yaxşıya doğru dəyişməsindən danışmaq mümkün deyil, amma bu heç də pisləşmək demək deyil. İndiki durumumuza «vəziyyət sabit ağır olaraq qalır» ifadəsi daha çox yaraşır. Sərbəst toplaşma azadlığımız da yenə qabaqkı kimidir. Bəlkə mən deyərdim ondan yaxşıdır. Məsələn, 2005-ci il noyabrın 26-da «Qələbə» kinoteatrının qarşısında sərbəst toplaşmışdıq, hətta buna görə icazə də alınmışdı. Amma heç bilmədik külək hayandan əsdi, tufan hardan qopdu, bir anın içində bizi al qanımıza xarman elədilər... İndi ona nisbətən azadıq, işə sərbəst gəlib-gedirik. Doğrudur, hərdən işdən gedəndə bıçaqlanma-zad, döyülmə, izlənmə, bir sözlə, psixoloji təzyiqlər olur, amma bu hal kütləvi deyil. Lap ciddi şəkildə əməkdaşımız Aqil Xəlilin üstünə düşmüşdülər, onu da partiya və hökumətimiz yoluna qoyub, qəşəng mühafizə ayırıb, hərdən başqaları da ona qoşulub yolu sağa-sola keçirlər, heç kimi də veclərinə almırlar, qoruyan var axı. Onsuz da polisimizin sayı az qala əhalinin sayına bərabərdir, bir ucdan da artırırlar. Bəd ayaqda hamı üçün mühafizə ayrılar və heç bir problem də olmaz. Ondan sonra görüm hesabatlarda nələri yazacaqlar...




«Yeni Azərbaycan» qəzeti:


Siyasi qüvvələr yenilənməli, gəncləşməlidir. Bunun üçün daim yeni siyasi qüvvə meydana çıxmalı, gənclərin sırasından liderlər özünü təsdiq etməlidirlər. Yalnız bu yolla siyasət meydanında uğur qazanmaq olar. Bunun üçün isə köhnələr meydandan getməlidir. Müxalifət düşərgəsindəki köhnələrin isə bu günədək getmək niyyəti görünmür.


Ancaq son vaxtlar vəziyyət dəyişməyə başlayıb. Köhnələrin getmək istəməmələri onların partiyalarının çökməsinə səbəb olmaqdadır. Bunun nümunəsi isə ortadadır. Məsələn, köhnələrin uğursuzluğu müxalifət daxilindəki çəkişmələrin mərkəzi rolunu oynayan Müsavat partiyasının çöküşünü sürətləndirməkdədir. Son vaxtlar partiyada müşahidə olunan siyasi fəaliyyətsizlik təşkilatın varlığını şübhə altına qoymağa başlayıb. Rəqib siyasi partiyalarla mübarizədən məğlub çıxan Müsavat son gücünü də partiyadaxili münasibətlərə xərcləyir. Belə demək mümkündürsə, artıq bu partiyanın gücü yalnız daxili mübarizəyə çatır...


Hazırkı durumdan yeganə çıxış yolu isə yalnız seçkidir. Bəs, növbəti prezident seçkisi Müsavat Partiyası üçün nəyi həll edəcək?


Müsavatçılar belə qənaətdədirlər ki, bu seçkilər varlıqlarını nümayiş etdirməyin yeganə yoludur, çünki onlar hələ mövcud olduqlarını sübuta ehtiyac duyurlar.


XS
SM
MD
LG