Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:45

Məhkəmə qarşısına çıxan keçmiş icra başçısının zavodları, mənzilləri...


Alimpaşanın əlindən dad edən sahibkarlar: 'Torpağımızı alıb, pulumuzu yeyib'
Gözlə

No media source currently available

0:00 0:08:03 0:00

Alimpaşanın əlindən dad edən sahibkarlar: 'Torpağımızı alıb, pulumuzu yeyib'

Həbsdəki keçmiş icra başçıları arasında ən sonuncu tutulan – 7 il Şəmkirin icra başçısı olmuş Alimpaşa Məmmədovun yaxın günlərdə mühakiməsi başlayacaq. Onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Keçmiş icra başçısının məhkəməsi noyabrın 10-da başlayır.

Məmmədovun həbsindən sonra Səbail rayon Məhkəməsinin qərarı ilə ona və ailə üzvlərinə məxsus olduğu iddia edilən bir sıra əmlakların üzərinə həbs qoyulub. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, ümumilikdə həbs altında olan əmlakların dəyəri 10 milyondan çoxdur.

8 milyon manatlıq müəssisə

Onların arasında aşağıdakı daşınmaz əmlaklar da var:

"Abad Şəmkir" MMC - qida məhsulları istehsal zavodu;

"Az Farel" MMC - balıq yetişdirmə və emalı müəssisəsi;

Bakıda mənzillər...

Şəmkirçay su anbarının kənarında yerləşən və 5 hektardan artıq ərazini əhatələyən "Az Farel" şirkəti 2018-ci ildən fəaliyyətə başlayıb. Açılışına icra başçısının özünün də qatıldığı bu obyektin onun oğlu Adil Məmmədova məxsus olması haqda zaman-zaman yerli mediada məlumatlar yayılıb. Məmmədovlar da bunu təkzib etməyib. Bu müəssisənin dəyərinin 8 milyon manatdan çox olduğu bildirilir.

"Abad Şəmkir" MMC isə 2016-cı ildə Şəmkir şəhər bələdiyyəsinin təsisçiliyi ilə yaradılıb. Rəsmi sənədlərə görə, sonradan bələdiyyə bu müəssisənin bütün payını icra başçısının oğlu Adil Məmmədova satıb. Satış qiyməti isə cəmi 180 manat olub. Üzərinə həbs qoyularkən bu müəssisə təxminən 1 milyon manat qiymətləndirilib.

Bakıdakı mənzillərin ümumi dəyəri isə 700 minə yaxındır.

Xatırlatma

2014-2021-ci illərdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olmuş Alimpaşa Məmmədov bundan öncə 3 il Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb. O, 2021-ci il aprelin 29-da Şəmkirdə icra hakimiyyətinin binasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1 (cinayət yolu ilə əldə edilmiş vəsaitləri leqallaşdırma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, sabiq icra başçısı özünü qismən təqsirli bilir.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində də bənzər əməliyyatlar keçirilib.

Həbsdəki icra başçılarından Məmmədov istisna olmaqla, digərlərinə hökm oxunub. Onlara 5 ildən 12 ilə qədər həbs cəzası kəsilib. Keçmiş məmurlar barələrindəki hökmlə razılaşmır, yuxarı instansiya məhkəmələrinə şikayətlər veriblər. Bu üzdən hamısının işi üzrə məhkəmə prosesləri davam edir.

Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev 2021-ci ilin sentyabrında həbsdə vəfat edib.

XS
SM
MD
LG