Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:31

Sorğu: Amerikalıların təxminən yarısı Ukraynaya həddən artıq pul xərcləndiyini düşünür


Nyu Yorkda Ukraynaya dəstək aksiyası
Nyu Yorkda Ukraynaya dəstək aksiyası

Amerikalıların təxminən yarısı Ukraynaya həddən artıq pul xərcləndiyini düşünür.

The Associated Press agentliyi və NORC İctimai Məsələləri Araşdırma Mərkəzinin apardığı sorğuda belə bir nəticəyə gəlinib.

AP yazır ki, Konqresdəki sərt xətt-hərəkət tərəfdarı respublikaçıların Kiyevə yardım göstərilməsinə getdikcə artan müqaviməti həm də bununla izah oluna bilər. Mühafizəkar respublikaçılar deyirlər ki, bu pullar ABŞ-ın daxili problemlərinə xərclənsə daha yaxşı olardı.

Bununla belə Ukraynaya yardıma qarşı çıxanların faizi AP-NORC-un bir ay əvvəl keçirdiyi sorğudakından bir qədər azdır. Hazırda hökumətin Ukraynaya qədərindən artıq pul xərclədiyini düşünənlər 45 faiz təşkil edir, halbuki oktyabrda bu rəqəm 52 faiz idi.

AP yazır ki, bu azalmanın özü də respublikaçılara görə baş verib. Hazırda onların 59 faizi Ukraynaya yardımların əleyhinədir, amma bir ay əvvəl bu rəqəm 69 faiz idi.

Buna baxmayaraq respublikaçılar arasında Kiyevə yardıma müqavimət güclü olaraq qalır.

Yetkin yaşlı amerikalıların 38 faizi düşünür ki, hazırda Ukraynaya xərclənən məbləğlər “yetərincədir”. Ötən ay belə düşünənlər 31 faiz idi. Respublikaçılar arasında hər 10 nəfərdən üçü (29 faiz) bu qənaətdədir. Ötən ay bu rəqəm 20 faiz idi.

Konqres respublikaçılarının müqaviməti

Prezident Co Bayden ötən oktyabrda Konqresdən Ukrayna, İsrail və Tayvana yardım, habelə ABŞ-ın cənub sərhədinin möhkəmləndirilməsi tədbirləri üçün 106 milyard dollarlıq büdcənin qəbulunu rica etmişdi. Bunun 61 milyard dolları sırf Ukraynaya yardım üçün nəzərdə tutulur.

Ukraynaya yardımın ABŞ üçün həyati mənaya malik olmasını habelə müdafiə naziri Lloyd Ostin və milli təhlükəsizlik sözçüsü Con Kirbi vurğulayıblar.

Amma Konqres son aylarda Ağ Evin Ukraynaya yardım cəhdlərini azı iki dəfə rədd edib. Nəticədə Ukraynaya yardım nəzərdə tutan büdcə hələ ki, səsə qoyulmayıb.

AP yazır ki, Senatda hər iki partiyadan olan kiçik bir qrup Ukraynaya yardımı ABŞ-ın cənub sərhədində miqrasiyaya qarşı tədbirlərlə bağlayacaq qanunvericilik aktı üzərində işləyir. Onların fikrincə belə bir variant mühafizəkar respublikaçıların müqavimətini qıra bilərdi. Bu da qeyd olunmalıldır ki, Senatdakı respublikaçı azlığın rəhbəri Miç Makkonnell Ukraynaya yardımın qatı tərəfdarıdır.

Bununla belə demokratların çoxluğa malik olduqları Senatdan gələn hər hansı bir təklifin respublikaçıların çoxluğa malik olduqları Nümayəndələr Palatasından keçəcəyi hələ ki qeyri-müəyyəndir.

Rusiya təhlükəsinə münasibət

Sorğunun nəticələrinə görə yetkin yaşlı amerikalıların yarısı Rusiyadan qaynaqlanan təsirlərin ABŞ-a birbaşa hədəsindən narahat və ya çox narahatdır. Demokratların 53, respublikaçılaırn 51 faizi bu qənaətdədir.

Nəticələrdən bu da məlum olur ki, ictimaiyyətin 48 faizi (demokratların 57, respublikaçıların 42 faizi) Ukraynaya silahların verilməsinə tərəfdardır.

Hər 10 amerikalıdan 4-ü (demokratların 54, respublikaçıların 24 faizi) düşünür ki, hökumət vəsaitləri birbaşa Ukraynya köçürülməlidir.

ABŞ-ın dünya işlərinə qarışması

ABŞ-ın dünya peroblemlərinə müdaxiləsini dəstəkləyən amerikalıların da faizi azalıb. İndi amerikalıların 45 faizi düşünür ki, ABŞ dünya problemlərinə qarışmamalıdır. Sentyabrda bu rəqəm 33 faiz idi.

Hazırda demokratların yalnız 16 faizi deyir ki, ABŞ daha fəal mövqe tutmalıdır. Sentyabrda bu rəqəm 29 faiz idi.

Respublikaçı və demokrat respondentlər arasında mühüm bir fəqr də mövcuddur. İndi hər 10 amerikalıdan 4-ü bildirir ki, Ukrayna ABŞ-ın maraq və dəyərlərini bölüşən ölkədir. Belə düşünənlər demokratların arasında 53, müstəqillərin arasında 28, respublikaçıların arasında 29 faizdir.

Demokratlardan fərqli olaraq respublikaçıların çoxu düşünür ki, Ukrayna ABŞ-ın əməkdaşlıq edəcəyi bir partnyordur, amma onun dəyərlərini bölüşmür.

XS
SM
MD
LG