Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:30

Astarada selin fəsadları və subasmanın başqa səbəbləri...


Su hələ çəkilməyib
Su hələ çəkilməyib

Sentyabrın 17-dən 18-nə keçən gecə leysan yağışları Astara rayonunda fəsadlar törədib. Kəndləri əsas yollarla birləşdirən altı körpünün dağıldığı və ya qəzalı vəziyyətə düşdüyü deyilir. Habelə, fərdi təsərrüfatlara, xüsusən arıçılara ziyan dəydiyi bildirilir.

Rayonun bəzi kəndlərində evlərdən, əkin yerlərindən su bir neçə gün çəkilməyib. Sakinlər bunun səbəbini Xəzər dənizinə axan su kanallarının doldurulması və vaxtında təmizlənməməsində görürlər.

"Su kanalları doldurulub"

Seləkəran kənd sakini Mikayil Əhmədov bununla bağlı narazılığını belə ifadə edir: "Gecəyarısı su həyətə doldu. Qorxduq ki, su eyvana qalxacaq, evin ikinci mərtəbəsinə keçdik. Mənim sahəmdə mal-qaram var. Uzunboğaz çəkməni geyinib ora getdim. Heyvanları açdım ki, su qalxanda ölməsinlər. Demək olar ki, hər il sel suları bizə ziyan vurur. Səbəbini müvafiq orqanlara bildirmişəm. Ərazidə olan su kanalları doldurulub, bağlıdır. Su hara getsin?!".

Yaxınlıqdan keçən su kanalını göstərir: "Su şişib, həyətlərə axır. Buradan su axıb gedirdi, indi axmır".

Mikayıl Əhmədov
Mikayıl Əhmədov

"Uşaqları götürüb yaxın qohumumun evinə getdim"

Sel suları rayonun Ərçivan qəsəbəsində də problemlər yaradıb. Ərçivan kəndində adının çəkilməsini istəməyən bir şəxsin sözlərinə görə, evi asfalt yolun yaxınlığında yerləşməsinə baxmayaraq, həmişə leysan yağışları yağanda su həyəti basır: "Gecəyarısı güclü yağış başladı, az vaxtda həyəti su basdı. Qorxdum. Uşaqları götürüb yaxın qohumumun evinə getdim. Səhər gəlib gördüm ki, su eyvana qədər qalxıb. Görürsünüz, asfalt yoldur, su o tərəfə keçə bilmir. Su keçidlərini doldurublar. Səhərdən arxı təmizləyirəm ki, su aşağıya getsin. Deyirlər ki, yağışlar davam edəcək. İndi kanallar dolub. Yenə yağış gəlsə, gərək buradan köçək. Heç kim bizi eşitmir".

"Su kanallarının üstündə evlər inşa edilib"

Pensərçay ondan çox kəndin ərazisindən keçir. Çayın Pensər və Şiyəkəran kəndlərinin ərazisindən keçən hissəsində dağıntılar var. Su fərdi təsərrüfatların torpaqlarını yuyub. Şiyəkəran kəndini birləşdirən körpü yararsız hala düşüb.

Astara şəhərinin Əhəd Muxtar küçəsi
Astara şəhərinin Əhəd Muxtar küçəsi

Körpünün dörd dayağı qalıb, minik maşınları keçə bilmir. Kənd sakinlərinin birinin dediyinə görə, məktəbli uşaqların əllərindən tutub körpüdən keçirdirlər: "Mənim 70 yaşım var. Bu körpünü iki dəfə təmir ediblər. Bir dəfə sovet dövründə, bir dəfə də 10 il bundan əvvəl. Dəfələrlə yeni körpünün salınması ilə bağlı müraciətlər etmişik. Hər dəfə deyirlər ki, plana salınıb. İnamımız qalmayıb. Bu körpü böyük xərc istəyir. Belə olmasaydı, özümüz tikərdik. Kənddə iş yoxdur, kasıbçılıqdır. Bunu dövlət tikməlidir. Ömrümüz getdi, yeni körpü görmədik".

Astara şəhər sakini Akif Məmmədov da deyir ki, həyətini su basmışdı: "İndi çəkilib. Bura şəhərin çökək yeridir, bütün sular bura axır. Əvvəllər su axırdı kanala, oradan da dənizə. İndi yoxdur. Dəniz sahilində binalar tikiblər, park salıblar, suyun axması üçün yol nəzərdə tutmayıblar. Problem bundadır. Su kanallarının, arxların üstündə evlər inşa edilib".

Sel suları ağacları kökündən qoparıb
Sel suları ağacları kökündən qoparıb

Rəsmi cavab

Astara rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Mahmudovun deməsinə görə, fərdi təsərrüfatlara dəyən ziyanla bağlı onlara müraciət olunmayıb: "Amma körpülər, yollar dağılıb. Dağ ərazisində torpaq sürüşməsi olub. Şiyəkəran kəndinin körpüsü qəzalı vəziyyətdə idi. Əvvəllər müraciət etmişik. İki asma körpü sıradan çıxıb. Siyaku kəndindəki körpü də dağılıb. Siyətük kəndindəki körpü qəzalı vəziyyətə düşüb. Pensərçayın sahili boyu torpağı su yuyub aparıb. Orada fərdi təsərrüfatlara da ziyan dəyib. Bunlarla bağlı müvafiq orqanlara müraciət olunub. Yəqin ki, nəticəsi bilinəcək. Hazırda Vaqo kəndində alternativ yol salınır. Orada iş gedir".

Komissiyanın sədri su kanalları ilə bağlı problemlərin olduğunu təsdiq edir: "Köhnə evlərin olduğu ərazilərdə su çox az qalıb. Amma son 15-20 ildə tikilən fərdi yaşayış evlərinin ətrafında su doludur. Axarı yoxdur. Onlara həmişə xəbərdarlıq olunub ki, su kanallarını doldurmayın. Ən çox yağıntı bu ərazilərdə olur. Kanallar olmayanda su axıb gedə bilmir. Nəticədə sel suları təsərrüfatlara ziyan vurur. Həm də normadan çox yağış yağdı. Yağış gecə saat 2-dən 9-a kimi ara vermədən intensiv yağdı".

XS
SM
MD
LG