Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:28

Büdcədən polislərə daha çox artım var


Polis
Polis

Hazırda Milli Məclisdə müzakirə edilən 2023-cü ilin dövlət büdcəsi layihəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 2 milyard 744.4 milyon manat nəzərdə tutulub. Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozunda eyni göstərici ilə müqayisədə 11.8 faiz çoxdur.

Təkcə Daxili İşlər Nazirliyinə (DİN) ayrılan vəsait 89 milyon 381 min 308 manat və ya 12.6 faiz artırılaraq 797 milyon 34 min 455 manata çatacaq.

Rəsmilər gələn ilin büdcəsini də "sosialyönümlü" adlandırır. Amma layihədə sosialyönümlü xərclər cari illə müqayisədə cəmi 9.3 faiz çox olacaq.

F.Mustafa
F.Mustafa

"Qarabağ bölgəsində əlavə xidmətlərin sayı artıb"

Milli Məclisin deputatı Fazil Mustafa "Turan"a deyib ki, müdafiə və təhlükəsizliklə bağlı xərclər artırılır, amma müqayisəni bu kontekstdə aparmaq düzgün deyil: "Dövlətin prioritet məsələləri var. Təbii ki, sosial məsələ ən öndə olan məsələlərdən biridir, amma bütövlükdə Qarabağ bölgəsində əlavə xidmətlərin sayı xeyli artıb. Yəni, dövlət təhlükəsizliyi, polisin funksiyalarının genişlənməsi ilə bağlı o bölgədə işlərin miqyası genişlənib".

Onun sözlərinə görə, bunu yalnız büdcə vəsaitlərinin hesabına həyata keçirmək olar: "Başqa yol yoxdur. Sabitlik dövründə bu qədər artım olsa, bunu diqqətə gətirmək olar, amma indi hər an Qarabağ bölgəsində müəyyən dərəcədə separatizm meyllərinin güclənməsi problemini görürük. Ona görə də təhlükəsizlik xidmətlərini daha da artırmaq lazımdır ki, bu bölgədə fəaliyyət şəbəkəsi daha da genişlənsin".

"Məsələyə bu kontekstdə baxmaq daha düzgün olar"

Deputatın fikrincə, sosial məsələlərin özünə də diqqətlə yanaşmaq lazımdır: "Məsələn, məşğulluq, işsizlikdən sığorta ilə bağlı məsələlər çox da böyük effekt verməyən məsələlərdir. Sahibkarlığın inkişafı ilə bağlı məsələdə dəstək yetərli deyil. AZAL və digər dövlət şirkətlərinin borclarına, hansısa əlavə turistik kompleksə niyə əlavə pul yönəlməlidir? Bunlar dövlətin boynuna yükdür və sosial xərclərin azalmasına səbəb olur. Məsələyə bu kontekstdə baxmaq daha düzgün ola".

"Hökumət prioriteti hüquq-mühafizə orqanlarına verir"

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, yalnız 2023-cü il dövlət büdcəsinə münasibətdə hökumət bu cür mövqe tutmur: "Hökumət həm bu ilin, həm də ötən ilin büdcəsində xərcləri belə tənzimləyib. Ümumiyyətlə, dövlət büdcəsində hökumət, bir qayda olaraq, prioriteti hüquq-mühafizə orqanlarına verir".

N.Əliyev
N.Əliyev

Onun sözlərinə görə, həmin xərclərin artım tempi orta aylıq pensiyaların artım tempini dəfələrlə üstələyir: "Bu il ölkə üzrə pensiyalar ən yaxşı halda orta hesabla 9-10 faiz artıb, amma hüquq-mühafizə orqanlarında çalışan işçilərin əmək haqlarının 20 faiz artırıldığını görürük".

O hesab edir ki, bu, yanlış siyasətdir: "Hazırkı dövrdə inflyasiya artırsa, şübhəsiz ki, həmin strukturlarda çalışanların əmək haqlarının artırılması da vacibdir. Ancaq prioritetlər də düzgün müəyyən olunmalıdır. Pensiyaçılar, aztəminatlı ailələr çox ağır şərtlər altında yaşayır, qiymətlərin hazırkı səviyyəsi onların, demək olar ki, hər şeyini alt-üst edir. Belə olan halda, yalnız hüquq-mühafizə orqanlarına ayrılan vəsaitlərin artırılması nə dərəcədə doğrudur?".

Xatırlatma

Layihəyə görə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon manat proqnozlaşdırılır. Bu, 2022-ci ilin proqnozu ilə müqayisədə 1 milyard 522.9 milyon manat və yaxud 5.2 faiz çoxdur.

Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 2022-ci illə müqayisədə 996.2 milyon manat (3.1 faiz) artımla 33 milyard 300 milyon manat proqnozlaşdırılır .

XS
SM
MD
LG