Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:40

Çovdarovla bağlı qərar ləğv olundu


Akif Çovdarov kimdir?
Gözlə
Embed

No media source currently available

0:00 0:02:50 0:00

Akif Çovdarov kimdir?

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı, uzun illər nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarovun ailə üzvlərinə əmlakların qaytarılması haqda qərar ləğv olunub. Bu barədə aprelin 25-də Ali Məhkəmə qərar çıxarıb. Yeni qərara əsasən, əmlaklarla bağlı məsələnin yenidən araşdırılması üçün iş materialları Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Elə Bakı Apellyasiya Məhkəməsində dekabrın 28-də Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Çovdarovun ailə üzvlərinə xeyli əmlakın qaytarılması haqda qərar çıxarmışdı. Onların arasında Bakının Nizami rayonundakı "8-ci kilometr bazarı" adlanan ticarət mərkəzindən tutmuş, Novxanı qəsəbəsində 1.5 milyonluq iki bağ evi, Binəqədi və Nəsimi rayonlarında 6- və 7-mərtəbəli iki bina, paytaxtın mərkəzində yarım milyonluq mənzil də daxil olmaqla, çoxsaylı daşınmaz əmlaklar var.

Bu qərardan "8-ci kilometr bazarı"nın keçmiş sahibi Çingiz Əsədov dərhal Ali Məhkəməyə şikayət etmişdi. Ardınca isə Baş Prokurorluq qərara etiraz edərək kassasiya protesti vermişdi.

Vəkillər etiraz edib

Aprelin 25-də Ali Məhkəmədə həm şikayətə, həm də protestə Rəşad Abdulovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Çovdarovun vəkilləri etiraz edib. Onlar bildirib ki, bu əmlakların sabiq MTN generalına aidiyyəti yoxdur. Onların sahibləri müstəqil şəxslərdir, əmlakları özləri əldə edib və geri qaytarılması haqda qərar da əsaslıdır, qüvvədə qalmalıdır.

Apellyasiya Məhkəməsi Çovdarovla yanaşı, vaxtilə MTN-də onun tabeliyində çalışmış, sonradan onunla birlikdə mühakimə olunmuş polkovnik Səlim Məmmədovun ailəsinə də 161 min manatlıq əmlakın qaytarılmasına qərar vermişdi. Prokurorluq bu hissədə də protest verib. Məmmədovun vəkili isə buna etiraz edib.

Sabiq MTN-çilərin vəkillərinin etirazlarına baxmayaraq, Ali Məhkəmə kassasiya protestini təmin edib – Bakı Apellyasiya Məhkəməsinin əmlakların qaytarılması haqda qərarı ləğv olunub.

Ali Məhkəmə tapşırıb ki, Çingiz Əsədovun şikayətini də apellyasiya məhkəməsi araşdırıb qərar versin.

"Biz istəyirdik ki, Ali Məhkəmə qərarı ləğv etsin və bizim xeyrimizə yeni qərar çıxarsın. Ali Məhkəmə şikayətimizi qismən təmin etdi: Qərar ləğv olundu və yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarıldı", –Əsədovun vəkili Həbib Əliyev bildirib.

"Kürəkənlərim öz əmlaklarını özləri alıblar"

"8-ci kilometr bazarı"nın səhmlərinin 50 faizi Çovdarovun qızı Aidə Qasımovaya məxsusdur. Sabiq MTN generalının həbsindən sonra Bakı Hərbi Məhkəməsinin hökmü ilə müsadirə olunan əmlaklar arasında bu da vardı. Bakı Apellyasiya Məhkəməsi dekabrda onun Qasımovaya qaytarılması haqda qərar çıxarmışdı.

Bakı Hərbi Məhkəməsində mühakimə olunarkən ailə üzvlərinə məxsus əmlakların üzərinə həbs qoyulmasına Çovdarov belə münasibət bildirmişdi: "Həmin əmlakların bəziləri övladlarıma, kürəkənlərimə məxsusdur. Kürəkənlərim öz əmlaklarını özləri alıblar. Mən öz yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt heç MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Onu da Mərdəkandakı torpağımı satıb almışam. Nazirlikdə işlədiyim dövrdə xidmətimlə əlaqədar dövlət tərəfindən mənə bir ev verilib. O da icra hakimiyyətin sərəncamı əsasında verilib...".

Akif Çovdarov 2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması və 20-dən çox vəzifəli şəxsin həbsi ilə nəticələnən əməliyyat nəticəsində cinayət məsuliyyətinə cəlb olunmuşdu. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilsə də, 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG