Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 16:25

Din azadlığı haqda hesabata Bakıdan münasibət bildirilmir


Bakı məscidində namaz
Bakı məscidində namaz

Avqustun 15-də ABŞ-da açıqlanan Beynəlxalq Din Azadlığı hesabatında Azərbaycan hökumətinin ünvanına söylənilən tənqidlərə hələlik rəsmi münasibət almaq mümkün olmayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı «məzuniyyətdə olduğundan», digər sədr müavini Gündüz İsmayılov hesabatla «tanış olmadığından» bu barədə danışmaq istəməyiblər.

G.İsmayılov AzadlıqRadiosunu qurumun mətbuat xidmətinə yönləndirib. Yazılı göndərilməsi istənilən suallara iki gün ərzində Komitədən hər hansı cavab verilməyib. Mətbuat xidmətindən sadəcə deyilib ki, onlar rəhbərliyi məlumatlandırıblar, cavab verilib-verilməyəcəyi haqda nəsə deyə bilməzlər. Bundan sonra xidmətin telefonuna cavab verən olmayıb.

Hesabata deputatlardan da münasibət öyrənmək mümkün olmayıb. Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun köməkçisi onun məşğul olduğunu deyib. Komitənin üzvü Cavanşir Paşazadə də məzuniyyətdə olduğunu söyləyərək hesabat haqda danışmaqdan imtina edib. Adıçəkilən komitənin digər üzvləri isə telefona cavab verməyiblər.

Hökumətə yaxınlığı ilə seçilən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev isə AzadlıqRadiosuna deyib ki, hesabatda səslənən tənqidlər haqda ancaq Dini Qurumlarla İş üzrə Dövlət Komitə münasibət bildirməlidir.

Ləzgi məscidi: "Dövlət orqanları bizə təzyiq edir"
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

«Bu məsələyə hökumət nümayəndələri münasibət bildirir, biz nəsə demirik. Mən özüm də şəxsən hər hansı şərh verməyəcəm», – QMİ sədrinin müavini söyləyib.

XATIRLATMA

Beynəlxalq Din Azadlığı adlı hesabatın Azərbaycana aid bölümündə deyilir ki, hökumət dini fəalların saxlanılmasını və həbslərini davam etdirir. Bu da qeyd olunur ki, yerli insan haqları fəalları bu şəxsləri vicdan məhbusu hesab edirlər.

Hesabatda təxmini hesablamalar əsasında ölkədə saxlanan dini fəalların sayının 2015-ci ildə 46 nəfər olduğu halda, ötən ilin sonlarında bu rəqəmin 86-ya çatdığı vurğulanır.

Sənəd müəllifləri media və hökumətin verdiyi məlumatlara istinadla, sələfilər və baptistlər də daxil, dini azlıqların nümayəndələrinin ölkənin müxtəlif yerlərində həbslərə məruz qaldığını bildirirlər.

ALTAY GÖYÜŞOV: «NARDARAN ƏMƏLİYYATINDAN SONRA...»

Dini məsələlər üzrə ekspert Altay Göyüşov hesabatda deyilənlərlə razılaşır. O, 2015-ci ilin sonlarında polisin Bakı ətrafında yerləşən Nardaranda Müsəlman Birliyi Hərəkatının üzvlərinə qarşı keçirdiyi əməliyyatdan sonra dini kəsim üzərində «ciddi basqı» olması qənaətindədir:

Altay Göyüşov
Altay Göyüşov

«Nardaran hadisələrindən sonra Aşura mərasimlərinin keçirilməsini önləməkdən ötrü bir sıra addımlar atıldı. Qanunda dəyişikliklər edildi, cərimələrin kəmiyyəti artırıldı, kənarda dini atributların göstərilməsi qadağan olundu. Eləcə də, İçərişəhərdə yerləşən «Ləzgi məscidi» bağlandı. Həbs edilənlər var».

A.Göyüşovun fikrincə, dini kəsim üzərində basqının bir səbəbi SSRİ dağılandan sonra dinin sosial-ictimai həyata qayıtması və gələcəkdə indiki siyasi hakimiyyətə rəqibə çevrilmə ehtimalı ilə bağlıdır:

«Bir sıra beynəlxalq sorğu agentliklərinin keçirdiyi sorğuların nəticələrinə görə, belə bir mənzərə alınır. Birincisi, Azərbaycan ən az dindarın olduğu 10 ölkədən biridir. İkincisi də, Azərbaycan müsəlman ölkələri arasında şəriət idarəçiliyinin tərəfdarlarının ən az olduğu ölkələrdəndir. Azərbaycan sekulyar kimliyini hələlik qoruyub saxlayıb. Ancaq ölkədə avtoritarizm güclənir, israrla cəmiyyətin qapadılması prosesi gedir, diktatura qurulması yönündə güclü addımlar atılır».

Ekspertin sözlərinə görə, buna qarşı mübarizə aparacaq millətçi-sekulyar, liberal-sekulyar qüvvələr sıradan çıxarılıb, paralel olaraq təhsilin səviyyəsi düşür.

«Bu şəraitdə Azərbaycanda avtoritarizmə qarşı çıxacaq qüvvə siyasi islam ola bilər. Bu perspektivi siyasi hakimiyyət də görür. Ona görə də bunu önləmək üçün dini kəsimin üzərinə basqıyla, repressiya ilə gedir», – A.Göyüşov deyir.

Amma ekspert «Bu, məsələnin həlli deyil» deyə düşünür.

XS
SM
MD
LG