Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 09:26

Redaktora rəng atanın saxlandığı xəbər verilir


Dmitri Muratov
Dmitri Muratov

Aprelin 7-də bu hadisədən öncə qəzetin Rusiyadan getmiş əməkdaşları yeni media orqanı yaratdıqlarını bildiriblər

Rusiyada Nobel mükafatlı qəzet redaktorunun üstünə boya atmış şübhəlinin saxlandığı xəbər verilir.

“Novaya gazeta” qəzetinin baş redaktoru Dmitri Muratov hücuma aprelin 7-də qatarda məruz qalmışdı.

Bu barədə məlumatı Rusiyanın rəsmi mediaları yayıblar.

Hücumda iki nəfərin iştirak etdiyi ehtimal olunur.

Rusiya DİN-dən bildiriblər ki, saxlanan şəxs 1984-cü il təvəllüdlü Moskva sakinidir.

Polis şübhəlini Moskva-Ryazanskaya stansiyasının növbətçi məntəqəsinə gətirib.

Baza saytının verdiyi məlumata görə 37 yaşlı şübhəlinin adı İlya Markovetsdir.

Onun əslən Ukraynanın Çerniqov şəhərindən olduğu ehtimal edilir.

Baza yazır ki, Nikolay Trifonov adlı 41 yaşlı ikinci şübhəli axtarışdadır.

Nobel mükafatçısının üstünə qırmızı boya atıblar

“Novaya Gazeta”nın baş redaktoru Dmitri Muratov Rusiyada qatarda gedərkən naməlum şəxsin onun üstünə qırmızı boya və aseton atdığını deyir.

Muratov filippinli jurnalist Mariya Ressa ilə birlikdə Nobel Sülh Mükafatı laureatıdır. O deyir ki, aprelin 7-də axşam Moskva vaxtı ilə saat 8-də Moskva-Samara qatarında hücuma məruz qalıb.

“Bu sənə bizim uşaqlara görədir”

Qəzetin Telegram-da yerləşdirdiyi fotoda Muratovun başından axan qırmızı boyanın köynəyinin, qollarının üstünə dağıldığı görünür.

Muratovun sözlərinə görə, hücum edən ona deyib ki, “Muratov, bu sənə bizim uşaqlara görədir”.

Jurnalist qəzetin Avropa nəşrinə gözlərinin pis ağrıdığını söyləyib.

Rusiyanın aparıcı müstəqil qəzeti olan “Novaya gazeta” ötən ay hakimiyyətdən xəbərdarlıq aldığını deyərək işini dayandırıb.

Aprelin 7-də bu hadisədən öncə isə qəzetin Rusiyadan getmiş əməkdaşları yeni media orqanı yaratdıqlarını, Rusiyada və dünyada baş verənlər rusca və bir sıra başqa dillərdə işıqlandıracaqlarını bildiriblər.

“Təsdiqlənmiş informasiya gözləyən oxucularımız var”

“Novaya gazeta”nın siyasət şöbəsinin keçmiş redaktoru Kiril Martınov “Novaya gazeta Europe” nəşrinin baş redaktoru olacaq, qəzet vebsaytında bildirib.

“Bilirik ki, dünyada təsdiqlənmiş informasiya gözləyən oxucularımız var”, – bəyanatda deyilir.

Rusiya fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı müharibəyə başlayandan sonra mediaya sərt məhdudiyyətlər tətbiq edib, “müharibə”, “işğal” sözünü yasaqlayıb, “xüsusi hərbi əməliyyat” sözünü işlətməyi tövsiyə edib.

Martın əvvəlində Prezident Vladimir Putinin imzaladığı qanunvericilik isə “Rusiya ordusu haqda saxta informasiya”ya görə 15 ilədək həbs cəzası nəzərdə tutur.

Bir sıra media orqanları ağır cəzalarla üzləşməmək üçün işi dayandırıblar. Kreml isə çoxsaylı xarici media orqanlarını bloklayıb.

XS
SM
MD
LG