Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 17:30

Ekspertlər interaktiv teledərs istəyir, nazirlik 'təşəkkürlər'dən danışır


Teledərs
Teledərs

Koronavirus təhlükəsinə görə orta və ali məktəblərdə dərslər dayandırıldıqdan sonra Təhsil Nazirliyi «Mədəniyyət» kanalında gündəlik teledərs verir. Üç övlad anası Məryəm Əliyeva danışır ki, uşaqları teledərsə həvəslə yanaşmırlar. Səbəbini özü də açıqlaya bilmir.

«Evdə bir televizor var, hamı da yığışır o otağa. Biri söz deyincə diqqət yayınır, dərs qalır qıraqda. Dərsin müddəti də çox azdır. Toparlanınca dərs qurtarır», - gənc ana gülərək izah etməyə çalışır.

«Bir az baxınca yayınır»

«Birinci sinifdə oxuyan oğlumu heç cür televiziyada dərs izləməyə məcbur edə bilmirik. Bir az baxan kimi yayınır. Ona görə ancaq özüm məşğul oluram. Amma 5-ci sinifdə oxuyan qızım ilk günlər çox maraq göstərirdi. İndi əvvəlki həvəsi qalmayıb. Sadəcə, lisey müəllimlərinin WhatsApp-da göndərdiyi görüntülü dərslərə maraq göstərir. Bəzən dərslər çox quru olur, bəlkə də onunla bağlıdır», - bunu da iki övlad anası Sevinc Məmmədova deyir.

Təhsil ekspertləri də bu fikirdədirlər ki, dərslər canlı olarsa, interaktivlik təmin edilərsə, daha maraqla izlənər. Məsələn, Kamran Əsədovun fikrincə, dərslə bağlı suallara ilk cavab verən şagirdlər hansısa formada mükafatlandırılmalıdır. Onun qənaətincə, bu durumda uşaqlar teledərsə daha həvəslə yanaşacaq, üstəlik, dərslər də canlanacaq.

N.Qulamoğlu
N.Qulamoğlu

Valideynlər təşəkkür edirlər?

Digər ekspert Nabatəli Qulamoğlu da dərslərin canlı keçirilməsinin, interaktiv olmasının tərəfdarıdır. O, müəllimlərin müxtəlif əyani vəsaitlərdən – görüntülərdən istifadəsini də vacib sayır.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov AzadlıqRadiosuna hər gün teledərslərlə bağlı valideynlərdən gələn müsbət rəyləri vurğulayır. Onun sözlərinə görə, valideynlər hətta məktəblər açılandan sonra da teledərslərin davam etdirilməsini istəyirlər. C.Valehov zamanla televiziyada keçirilən dərslərlə bağlı müəyyən dəyişikliklər ediləcəyini də söyləyir və buna hazırlıq görüldüyünü də qeyd edir.

«Müəllimlərin istəyi varsa...»

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev AzadlıqRadiosuna teledərslərin çıxış yollarından biri olduğunu bildirir. Amma hesab edir ki, nazirlik təkcə «Mədəniyyət» kanalındakı dərsləri yetərli saymamalı və müəllimlərin bütün gücüylə bu prosesə qoşulmasına nail olmalıdır. Arada yaranmış boşluğu aradan qaldırmaqdan ötrü şagirdlərlə başqa yollarla da əlaqə yaradılmalıdır. Onun fikrincə, müəllimlərin istəyi varsa, fərqli imkanlardan yararlanmaq olar: «Burda WhatsApp qruplarının, elektron poçtun, Facebook-un imkanlarından istifadə etmək olar. Əlbəttə, istək olsa, yaxşı pedaqoq, yaxşı müəllim bu üsullarla da yaranmış boşluğu doldura bilər».

E.Əliyev
E.Əliyev

«Daha yaxşı dərsliklər yazılmalıdır»

E.Əliyev dərslik probleminə də toxunur. Onun sözlərinə görə, bundan sonra dərsliklər elə yazılmalıdır ki, şagirdlər sərbəst şəkildə onlardan yararlana bilsinlər: «Dərsliklər bir çox hallarda müəllimləri əvəzləyir. Şagird və tələbələrin anlaya biləcəyi, sərbəst şəkildə istifadə edəcəyi dərsliklərin yazılması, fənlərin anlaşıqlı dildə tədrisi vacibdir. Dərslik məsələsi bizim tənqid etdiyimiz, ictimaiyyətin diqqətində olan məsələdir. Dərsliklərdə ciddi problemlər var, onlardan sərbəst şəkildə istifadə, hələlik, mümkün deyil. İndiki vəziyyət göstərdi ki, daha yaxşı dərsliklər yazılmalıdır. Bu, indiki prosesdə qüsur kimi ortaya çıxdı. Bu məsələ üzərində düşünmək lazımdır».

E.Əliyev hesab edir ki, müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından istifadəsi təkmilləşdirilməlidir. Onun qənaətincə, «bu prosesdə müəllimlərin böyük bir kəsimi aciz qaldı. Müəllimlər də informasiya texnologiyalarının imkanlarından yararlanaraq boşluğun doldurulmasına yardımçı olmalıdırlar. Çalışmalıyıq ki, bu tədris ilini uğurla başa çatdıraq».

Bir bina və bir parta gerçəyi

Təhsil ekspertləri Azərbaycanda distant təhsilin imkanlarından yararlanılmamasına təəssüflənirlər. Kamran Əsədovun sözlərinə görə, «bu haqda 2009-cu ildən danışılsa da, belə çıxır ki, ölkədəki orta və ali məktəblər bir binadan, bir partadan ibarətmiş». Ekspert deyir ki, təhsil ocaqlarının elektron mərkəz və kitabxanaları yaradılmalıdır.

XS
SM
MD
LG