Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:39

Əkilməyən torpaqlara görə vergi tələbi kəndliləri narazı salıb


Foto arxiv
Foto arxiv

Bu bildirişlərdən sonra Ərçivanda yüz hektarlarla əkilməyən sahə əkinə hazır vəziyyətə gətirilib, çox hissəsində əkin işlərinə başlanılıb

"Kənddə elə ailələr var ki, indiyədək pay torpağının harada yerləşməsindən, ailədə adambaşına nə qədər torpaq payı ayrılmasından xəbərsizdir. Çünki illərdir ki, belə ailələr aidiyyəti qurumların qapısında qalsalar da, onlara pay torpaqlarının yerləşdiyi ərazini göstərmirlər. Hətta belə ailələrə də bildiriş gəlib ki, həmin torpaqlara görə vergi ödəməlidilər".

Astaranın Ərçivan kəndində əkilməyən torpaqlara görə kəndlilərdən vergi tutulması ilə bağlı edilən xəbərdarlıq, göndərilən bildirişlər narazılığa səbəb olub. Bunu "Qaynar xətt"ə kənd sakinləri deyir.

Azərbaycan, Astara,12 mat 2017
Azərbaycan, Astara,12 mat 2017

Nahidə Abbasovanın sözlərinə görə, bir neçə ay əvvəl onun həyat yoldaşının da adına bildiriş gəlib. Halbuki, ailə indiyədək pay torpağının harada yerləşdiyini dəqiqləşdirə bilməyib.

Buna da bax: Kəndlilərə bildiriş gəlib: ' Torpağı ək, yoxsa…'

“BU TORPAQ ÜÇÜN NİYƏ VERGİ ÖDƏYƏK Kİ?”

Kənd sakini Azər Mehdiyev deyir, kəndlilərin pay torpaqlarından istifadə edə bilməmələrinin başqa səbəbi də əkin, biçin prosesləri zamanı yaranan əngəllər, pulsuzluq, məhsulu bazara çıxara bilməməkləridir:

"Torpaq islahatlarından 20 ildən çox vaxt keçib. Ancaq kəndlilərin çoxu pay torpaqlarından hələ də lazımınca istifadə edə bilmir. Səbəb də odur ki, subsidiyalar, kreditlər konkret şəxslərə ayrılır, sadə kəndli bunlardan məhrumdur. Bu şeylərə baş qoşanda isə borcu-xərci ödəyə bilməyib girov qoyduğu mal-qarasını, daşınmaz əmlakını itirir. Torpağı təmizləmək, əkin halına gətirmək, əkmək, yetişdirmək, məhsulu toplamaq, daxili və xarici bazarlarına çıxarmaq... Bunları etməyə çox vəsait tələb olunur. Əkirsən, suvarmağa su üçün məmurlarla döyüşməlisən, məhsulu toplamaq vaxtı yetişəndə aqrotexnikaya görə yenə məmurlarla vuruşmalısan. Əgər hökumət nümayəndələri kəndliyə bütün bunlara görə süni əngəllər yaratmasa, əkərik, məhsulumuzu bazara çıxarıb satarıq, vergimizi də ödəyərik. Xeyir götürmədiyimiz torpaq üçün niyə vergi ödəyək ki?..."

Kəndlilər deyir, pay torpaqları veriləndən bu günədək bu torpaqlarda itirdikləri qazandıqlarından çox olub.

Kənddə əhali dolanışığı, əsasən, kənd təsərrüfatından əldə edir. Bu kənddə əkin əkmək, heyvan çoxaltmaq hər bir ailənin arzusudur. Ancaq kəndlilər bu arzularını yerinə yetirməyə qalxanda bu işdən yalnız böyük vəsait itkiləri ilə çıxırlar. Güzəştli gübrə, su, aqrotexnika yalnız varlıların sahələrinə verilir. Hər halda, kənd sakinləri belə iddia edir.

Kəndlilərdən pay torpağının əkilməyən hər sotuna görə 2 manat vergi tələb olunur. Kəndlilər aylardır ki, bu məsələni çözməyə çalışırlar.

Buna da bax: Kəndli: «Torpaqlarımız kefimizdən boşuna qalmayıb ki?»

“KƏNDLİ PAYTAXTA CAN ATIR Kİ, ŞƏHƏRLİ OLSUN”

Astaranın icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, bu məsələ bələdiyyələrə aiddir. Bir neçə ay əvvəl kənd və qəsəbə bələdiyyələri ailələrə əkilməyən pay torpaqlarına görə belə bir məzmunda bildiriş göndərib: "Bu işlə bələdiyyələr məşğul olur. Əslində, burda məqsəd torpaqdan uzaq düşən kəndlini torpağa yaxınlaşdırmaqdır. Əlində bu boyda torpaq sahəsi olan kəndli paytaxta can atır ki, gedib orda fəhlə işi görüb, kirayə ev tutub şəhərli olsun. Halbuki, kəndində qalıb, torpağını əkib, heyvanını çoxaldıb dolanışığını təmin etsə, ona daha sərfəlidir. Bunun üçün kəndlərdə hər cür imkan var. O ki qaldı, "su yoxdur, texnika yoxdur", bunlar hamısı bəhanədir".

Azərbaycan Astara 15 iyun ,2017
Azərbaycan Astara 15 iyun ,2017

Qurumdan bildirilib ki, Ərçivanda iki dəfə torpaq islahatları keçirilib. Paysız qalan 180 nəfər ikinci islahat zamanı torpaqla təmin olunub: "Torpağın yerini müəyyən etməyə nə var ki... Lənkəranda Yer Quruluşu İdarəsinə müraciət etsinlər, oradan qısa zamanda dəqiqləşdirsinlər. Sonra da Dövlət Əmlak Komitəsinin Lənkərandakı şöbəsinə rusum ödəyib torpaqlarına sahiblənsinlər".

Ərçivan bələdiyyəsindənsə bildirilib ki, paylanan bildirişlər müsbət nəticə verib. Bildirişlərin paylanmasından sonra yüzlərlə hektar torpaq sahəsi şümlanaraq əkinə hazır vəziyyətə gətirilib və çox hissəsində artıq əkin işləri aparılıb.

XS
SM
MD
LG