Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:22

Peter Stano: Ermənistanın Aİ üzvlüyü üçün legitim haqqı var


Peter Stano
Peter Stano

Ermənistanın Avropa İttifaqı üzvlüyünə müraciət etməsi üçün legitim haqqı var.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu martın 15-də Aİ-nin xarici siyasət üzrə sözçüsü Peter Stano İzvestisiya qəzetinə müsahibəsində deyib:

“Ölkələrin öz xalqları üçün daha yaxşı gələcəyə can atmaq haqqı var. Onlar bu gələcəyə necə nail olunması məsələsində azad seçim edə bilərlər. Aİ üzvlüyünə gəlincə isə, bu qərarı hər hansı Avropa dövləti – onun xalqı və hökuməti müəyyən etməlidir”.

Stano deyib ki, məhz bu nöqteyi-nəzərdən Aİ-nin 27 üzvü Aİ müqavilələri və kriteriyası əsasında Ermənistanın bloka mümkün üzvlüyü məsələsinə baxa bilər.

Yerevan hələ ki, ehtiyatlı tərpənir

Azatutyun yazır ki, buna baxmayaraq Ermənistanın iki vəzifəli rəsmisi Yerevan və Moskva arasında münasibətlərin pozulması ucbatından yaxın həftələrdə Ermənistanın bu üzvlük üçün müraciət edəcəyini gözləmədiklərini bildiriblər.

Bununla belə baş nazir Nikol Paşinyan bu məsələni ötən həftə özünün “Vətəndaş müqaviləsi” partiyasından olan deputatları ilə iki dəfə müzakirə edib.

Azatutyun yazır ki, Paşinyan hələ ki, ölkəsinin Aİ üzvlüyü üçün müraciət edəcəyinə dair heç bir açıqlama verməyib.

Amma o, martın 14-də Avropa Parlamentinin Ermənistanın Aİ üzvlüyü ilə bağlı qətnaməsini alqışlayıb.

Həmin qətnamədə deyilirdi:

"Əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və ölkə onun demokratiyasını möhkəmləndirən stabil islahatları həyata keçirmək yolunu davam etdirərsə, bu, Aİ-Ermənistan münasibətlərinin transformasiya mərhələsi üçün baza ola bilər".

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bu barədə ehtiyatlı danışıb.

O martın 15-də jurnalistlərə deyib:

“Ermənistanın Aİ üzvlüyü üçün müraciət edəcəyi təqdirdə bunu ilk bilən siz olacaqsınız”.

Rusiya da hələlik Ermənistanın Aİ üzvlüyü məsələsi bağlı gedən müzakirələrə şərh verməyib.

Bakı da Moskva kimi mənfi reaksiya verib

Rusiyanın vəzifəli millət vəkillərindən Konstantin Zatulin deyib ki, Avropa İttifaqı Ermənistanın üzvlüyü məsələsində “ciddi deyil” və yalnız Ermənsitanın Rusiyadan Qərbə reoriyentasiyası ideyası ilə “oynayır”.

O “Qovorit Moskva” radiosuna deyib ki, Brüssel sadəcə olaraq Ermənistanın Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqında üzvlüyü məsələsinə yenidən baxmasını istəyir.

Azərbaycan da Avropa Parlamentinin sözü gedən qətnaməsinə mənfi münasibət bildib.

XİN hesab edir ki, bu qətnamə, "sülhün təşviq edilməsi kimi təqdim olunmasına" və "Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunmasına" baxmayaraq, bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir:

"Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilə əvəzinə Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrıseçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa, daha faydalı quruma çevrilər".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

XS
SM
MD
LG