Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 16:51

Ev sahibindən xəbərsiz 'propiska'


Arxiv fotosu
Arxiv fotosu

"Getmişəm icra hakimiyyətinə, deyirəm, ‘nə ixtiyarla mənim mülkümə tanımadığım adamı məndən xəbərsiz qeydiyyata almısınız?’ Deyirlər, ‘sənə nə zərəri var ki, insandır da, qoy qalsın qeydiyyatda, sənə maneçiliyi yoxdur ki...’"

İntizar Babayeva AzadlıqRadiosu-na danışır ki, bu yaxınlarda şəxsi mülkünə ondan xəbərsiz tanımadığı adamların qeydiyyata alınmasından xəbər tutanda matı-qutu quruyub. Təsadüfən xəbər tutduğu məsələni Abşeron rayon icra hakimiyyəti ilə aydınlaşdırmağa gedəndə isə, özü demiş, az qalıb təəccübdən bayılsın:

Buna da bax:​ Hündürmərtəbəli yaşayış binası, yoxsa şahmat məktəbi?

BİR YOX, BİR NEÇƏ NƏFƏR

"Xırdalan şəhəri, 27-ci məhəllə, bina 3 mənzil 8 mənim şəxsi yaşayış evimdir. Bu yaxınlarda təsadüfən övrəndim ki, yerli icra orqanların işçiləri uzun müddətdir, mənim və ailəmin tanımadığı birisini bizdən xəbərsiz evimizə yaşayış qeydiyyatına alıb. Həmin adam uzun müddətdir ki, MİS-dən mənim ünvanımda yaşaması barədə arayışlar alıb ora-bura təqdim edir".

İntizar xanım bir az da araşdıranda bəlli olub ki, xəbərsiz qeydiyyata alınan bir yox, bir neçə nəfər imiş. İcra hakimiyyətindən ona bildirilib ki, qeydiyyatdakı adamların ona maneçiliyi yoxdursa, elə qeydiyyatda qalsınlar:

"Bu, həyasızlığın son həddidir. Mən getmişəm ki, nə ixtiyarla məndən xəbərsiz, tanımadığım, razılığım olmadan kimlərisə evimə qeydiyyata aldıqlarının hesabını soruşum, bunlar deyir, burda nə var ki, sənə nə maneçiliyi var ki... Bu, mənim şəxsi mülkümdür, kimisə qeydiyyata almaq istəyirlərsə, zəhmət çəkib öz mülklərinə qeydiyyata alsınlar. Vətəndaşın xəbəri olmadan mülkünə adam qeydiyyata alan, sabah vətəndaşın xəbəri olmadan mülkünü satar, heç "uf" da deməz".

Buna da bax:​ Ucarda 2008-də ərizə verəni necə 2015-də ev növbəsinə yazıblar?

“O ADAMLARI TANIMIRAM”

Eyni hadisə "Qaynar xətt"ə müraciət edən Xətai rayon sakini Hicran Ələsgərovanın da başına gəlib. O, mənzili satmaq üçün sənədə görə icra hakimiyyətinə gedəndə bildirilib ki, qeydiyyatda əlavə adamlar olduğundan mənzilin satılmasına görə onların da razılığı vacibdir:

"Halbuki, o adamları tanımıram, 2009-cu ildən evimə hansı yolla qeydiyyata düşüblər, xəbərim yoxdur. İndi evi sata bilmirəm. Deyirlər, get, həmin adamları tap, apar notariusa, razılıqlarını al, sonra gəl... Bəlkə elə haranınsa cinayətkarıdır, ümumiyyətlə, axı niyə mənim mülkümə məndən xəbərsiz kimisə qeydə almalıdılar..."

Buna da bax:​ Laçın köçkünü: 'Günahım odur ki, haqqımı tələb edirəm'

“GƏLSİN, ARAŞDIRAQ”

Həm Abşeron, həm də Xətai rayon icra hakimiyyətləri hər iki məsələnin araşdırılacağını bildirib. Abşeron rayon icra hakimiyyəti: "Mümkün olan iş deyil ki, mülkiyyətçinin razılığı olmadan evinə kimsə qeydiyyata alına... Gəlsin, araşdıraq".

Hüquqşünas Namizəd Səfərov deyir, mülkiyyətçinin rəsmi razılığı olmadan kiminsə əmlaka yaşayış qeydiyyatına alınması mülkiyyətçinin hüququnun pozulmasıdır:

Buna da bax:​ Binaların zirzəmilərinə doluşan itlər sakinlərə qənim kəsilib

"Əvvəla, yaşayış qeydiyyatında olan şəxslərin faktiki yeri müəyyən edilmədikdə, mülkiyyətçi əvvəl pasport qeydiyyat şöbəsinə müraciət edib imtina cavabı alır, daha sonra həmin imtina cavabı əsasında məhkəməyə müraciət edib həmin şəxsin qeydiyyatdan çıxarılması məsələsini qoyur".

O ki qaldı, hansısa qurumun mülkiyyətçidən xəbərsiz kimisə qeydiyyata almasına, hüquqşünas deyir, mülkiyyətçi buna görə həmin qurumun hərəkətlərindən prokurorluğa şikayət edə bilər.

XS
SM
MD
LG